Duzlu gölü hasarladıqlarını bilirdik, səbəbini də dünən öyrəndik: icarəyə veriblərmiş.
Bunlar təbiəti də dədə malları hesab etdiklərindəndir ki, hətta bir gölü belə, mal sahibi, mülk sahibi kimi götürüb rahatca kiməsə icarəyə verə bilirlər. Gəlin, pirimizə təpik atmayaq, şükr eləyək, çünki hədiyyə də verə bilərdilər.
Günlərin birində siz əlahəzrət kralın “Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə”, məsələn, Maralgölü götürüb Anara peşkəş etdiyini eşitsəniz, şaşırmayın. Şəxsən mən bu saat Qudyalçayın hansı yaltaq ziyalının bağından axdığını çox bilmək istəyirəm.
Ya da bir səhər yuxudan oyandığınızda göyün üzünün hasarlandığını görsəniz gərək heç, amma heç təəccüblənməyəsiniz, deməli, bu ölkədə artıq banan kimi Günəşin də bir sahibi var.
Bunlardan nə desən çıxar. Bunlardan hər cür anormallıq, hər cür fırıldaq gözləməyə dəyər. Bəyəm bunlar Xəzərin sahillərini belə, öz bostanlarıymış kimi, çəpərləməyiblərmi? Biz onların dənizdən çıxardıqları nefti bu millətlə bölüşmələrini istəyərkən, onlar dənizin suyunu belə, bu millətə çox görmədilərmi? Dünyanın daha hansı ölkəsində bunca harınlıq, bunca görməmişlik, bunca quldurluq var?
“Duzlu gölü icarəyə verdik, çünki bu, ora çirkab suların axıdılmasının qarşısını alacaq” deyirlər. Yəqin ayını niyə kəsib kabab etdiklərinin səbəbini soruşsaq, onda da “bundan sonra meşədə armudun ən yaxşısını o yeməsin, insanlarımız yesin deyə kəsib kababladıq” söyləyəcəkdilər. Çirkab sular o gölə yeraltı kanalizasiya xətləri ilə axıdılır hər halda, bəs bunun yerin üstündə hasarlar çəkməklə nə əlaqəsi var?
Əlbəttə, heç bir əlaqəsi yoxdur. Sadəcə, təbiətin bu millətə lütf etdiyi nemətləri qamarlayıb, mənimsəyib sonra buna “çiçi” bir don biçmək, geyindirmək lazımdır ya yox? Amma qoy onlar istədikləri qədər don geyindirsinlər. Kiçik bir inqilab rüzgarı, xəfif bir dəyişiklik küləyi o “don”u qaldırınca, baxaq görək, necə gizlədəcəklər ayıblarını? Ayıb işlərini, ayıb yerlərini necə gizlədəcəklər?
Ictimai yerdə siqaret çəkməmək üçün 7 şərtBir halda ki, ictimai yerdə siqaret çəkməyə yasaq qoymaqda bu qədər israrçısınız, inadçısınız, tamam, qoy siz deyən olsun. Amma şərti şumda kəsək ki, sonra xırmanda yabalaşmayaq. Yəni:
BIR: biz ictimai yerdə siqaret çəkməyəcəyik, amma siz də şalvarımızın altına kamera qoyub məhrəm görüntülərimizi çəkməyəcəksiniz;
IKI: biz ictimai yerdə siqaret çəkməyəcəyik, amma siz də büdcənin pullarını cibişdanınıza qoymaq üçün açılışından bir ay sonra, iki ay sonra dağılan, uçan, çat verən körpülər, yollar çəkməyəcəksiniz;
ÜÇ: biz ictimai yerdə siqaret çəkməyəcəyik, amma siz də fərqli düşünən, müxalif fikir söyləyən, tənqidçi fikri ifadə edən insanları məhkəmələrə çəkməyəcəksiniz;
DÖRD: biz ictimai yerdə siqaret çəkməyəcəyik, amma siz də burnunuza mitinq, piket qoxusu dəydimi, insanlar azadca, özgürcə toplaşmasın deyə parkların, meydanların ətrafına təmir adı ilə hasar çəkməyəcəksiniz;
BEŞ: biz ictimai yerdə siqaret çəkməyəcəyik, amma siz də ömürlük prezidentliyə qaz verib, monarxiyaya nəfəs verib respublikaçılığın, çağdaşlığın üzərindən xətt çəkməyəcəksiniz;
ALTI: biz ictimai yerdə siqaret çəkməyəcəyik, amma siz də övladına toy etməyə pul tapa bilməyib intihar edən atalar, bir qarın çörək üçün bətnindəki dörd aylıq körpə ilə fahişəliyə məcbur olan analar varkən bu ölkədə, gedib 1 milyona mahnı, 3 milyona qotur fransız atı, 75 milyona Dubayda villa alaraq millətin sinəsinə çalın-çarpaz dağ çəkməyəcəksiniz;
YEDDI: biz ictimai yerdə siqaret çəkməyəcəyik, amma siz də Bakı-Tiflis-Ceyhanı cibinizdən çəkməyəcəksiniz. Nə deyirsiniz, razılaşdıqmı?