El-aləm nə deyər?!

Bilmirəm, başqa ölkələrdə də bu qədər “oxumağa” meyl var, ya yox. “Oxumaq” deyəndə müğənnilərin oxumasını, ya da savadlı, inkişaf etmiş birini nəzərdə tutmadım. Bu “oxumaq” zor-xoş universitetlərdən birinə daxil olub diplom almaqdır.

Bu diplom xəstəliyinin nəticəsidir ki, indi kimi dindirirsən, cibindən, boxçadan bir diplom çıxarıb, az qala ən mədəni, ən savadlı adam olduğunu sübut etmək istəyir; dünyanın qlobal məsələlərindən, dindən, Allahdan, cəmiyyətdən, müxalifətin yaxşı mübarizə təşkil edə bilməməsindən, hakimiyyətdəkilərin xalqı yaxşı dolandırmamasından, daha nələrdən-nələrdən danışır… Sən də onunla bir az söhbət etməyə girişəndə bəlli olur ki, bu “oxumuş” adamın yanaşmaları əslində, özünün savadlı olduğunu iddia etməyən, diplomlu olması ilə də qürur duymayan biri ilə eynidir. Heç bir fərq yoxdur. Bu anda dünya yıxılmasa da, sən sanki ağır bir yükün altında əzildiyini hiss edirsən.

“El-aləm nə deyər?”. Əvvəlcə bu “el-aləmin” kimlərdən ibarət ola biləcəyini nəzərdən keçirək. Məsələn, bir məhəlləni götürək və buradakı “el-aləmin” kimliyini ortaya çıxarmağa çalışaq.

Indiyə qədər yaşadıqlarından, özündən əvvəlkilərin etdiklərindən, məqbul saydıqlarından bir addım o tərəfə atmaq istəməyən həkim, müəllim, məmur, bütün günü vaxtını küçədə öldürən gənclər, gəlib-gedənin qeybətini qıran qadınlar, onun-bunun arxasınca baxıb guya, bunu namus təəssübü çəkdikləri üçün etdiklərini göstərmək məqsədilə başlarını bulayan, bəzən də əllərindəki təsbehi də əda ilə çevirən kişilər… Bunun hələ oğrusu, narkomanı, fırıldaqçısı, nə bilim əxlaqsızı, həyatı ancaq əylənmək, ya da gündəlik qidalanmaqdan ibarət bilənləri, daha kimləri, kimləri var. Bu da “el-aləm”. Və tablosunu çəkdikdə heç də ürəkaçan olmayan bu “el-aləmin” dediklərini əhəmiyyətli bir şey hesab edərək bizə diktə olunanlarla yaşamağa üstünlük veririk…

“El-aləm nə deyər?” qorxusu ilə yaşamaqla inkişaf etmək olmaz. Çünki “el-aləmin” dediklərinə uyub, yaşayış qurmaqla cəmiyyətdə yenilənmə gedə bilməz. Yenilənmə olmayan yerdəsə, inkişaf, normal cəmiyyət ola bilməz. Bu “el-aləm” xofundan qurtulmaq üçünsə cəsarətlə “el-aləm nə deyər?” düşüncəsindən tamam imtina edib, “mən nə istəyirəm?” düşüncəsinə sahiblənmək lazımdır. Biz inkişaf etmək niyyətindəyiksə və etmək istədiklərimizin qəbahətli olmadığını biliriksə, “el-aləm” xofuna qapılmamalıyıq. Cəmiyyəti dəyişmək üçün özümüzdən başlamalıyıq. Biz əsrlərin steoratipləşmiş fikir və dəyərlərindən bu gün inkişafımıza əngəl olanları həyatımızdan çıxarmadan, nə istədiyimizi, düzgün hesab etdiklərimizi cəmiyyətə, ətrafımızdakılara çatdırmağa cəhd göstərmədən, fərd kimi dəyişməyə meyl etmədən, ancaq geydiyimiz paltarlarla özümüzü müasir sayıb da bununla kifayətlənməklə inkişaf edə bilmərik. Biz açıq geyinməklə deyil, düşündüklərimizi açıq söyləyə bilməklə nələrisə dəyişə bilərik.

Mitinqdə iştirak edib həbs olunan qadını qınayırlar. Yaxud da qadınlar belə tədbirlərdən uzaq durur ki, “el-aləm nə deyər”? Amma uşağını pulsuz karuselə mindirmək üçün bir-birinin az qala, saçını yolan qadın “el-aləm nə deyər?” qorxusunu aşa bilir. Çünki hərəkətinə don geyindirmək asandır – “nə etsinlər, kasıbçılıqdandır…”Kasıbsansa, ehsan kimi verilənin ardınca yox, səni kasıb edənlərin üzərinə yürü…

Bir kənddə, rayonda, məhəllədə olan “el-aləmin” nə deyəcəyindən qorxub, geri çəkilirik. Amma bu gün dünyada gedən proseslərdə xalqların rolunu görüb heç düşünürükmü ki, bütün əsarətdəki xalqlar qalxıb diktatura rejimlərini yıxdıqları bir vaxtda biz susmaqla köləliyi boynumuza alacağıqsa, bu halda dünya bizə nə deyəcək?!