Dövlət Gömrük Komitəsi hakim ailənin gəlirlərini gizlətməyə çalışır
Ölkədə apteklərin sayı və dərman dövriyyəsi neçə dəfə azaldılıb?
Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb ki, bu ilin 4 ayı ərzində Azərbaycana 46 milyon manat dəyərində dərman preparatları və tibbi ləvazimatlar gətirilib.
Gömrük komitəsi nəyə əsaslanaraq belə məlumat yaydığını deyə bilmərik, lakin Azərbaycan reallığında bu məbləğ çox kiçikdir. Nəzərə alsaq ki, söhbət təkcə dərman preparatlarından deyil, tibbi ləvazimatlardan gedir.
Gömrük komitəsinin məlumatının nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırmaq üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Və qurumun mətbuat xidmətindən Azərbaycanda fəaliyyət göstərən apteklərin sayını soruşduq. Lakin Səhiyyə Nazirliyinin cavabı DGK-nın məlumatından daha heyrətləndirici oldu. Qurum iddia edir ki, Azərbaycanda 772 aptek fəaliyyət göstərir. Təsəvvür edin, təkcə Bakının Şərifzadə küçəsində 24 aptek fəaliyyət göstərir. Bu halda, Azərbaycan üzrə apteklərin sayının 772 olması heç cür inandırıcı görünmür.
Dərman preparatlarının topdansatışı ilə məşğul olan sahibkarlardan biri ilə söhbətimiz zamanı isə məlum oldu ki, onun sahibi olduğu firma Bakı və Abşeronda 900 aptekə məhsul verir. Adının çəkilməsini istəməyən həmin sahibkar deyir ki, bu, Bakıdakı apteklərin üçdə biridir. Sahibkarın sözlərinə inansaq, təkcə paytaxtda apteklərin sayı 3000-nə yaxındır. Bundan əlavə, Azərbaycanın 80 rayonu var. Hər rayonda 20 aptekin (sahibkarlar deyir ki, bu nə kiçik rəqəmdir) fəaliyyət göstərdiyini ehtimal etsək, bu, Azərbaycan üzrə 1600 aptek edir. Hətta bu rəqəmi əsas götürdükdə belə, DGK-nın dərman preparatları və tibbi ləvazimatların idxalı ilə bağlı açıqladığı rəqəmin həqiqəti əks etdirmədiyini söyləmək mümkündür.
Yeri gəlmişkən, Azərbaycanda dərman sahəsi hakim ailənin inhisarındadır. Ən iri dərman firmaları “Avromed”, “Zəfəran” və “Riadmed” hakim ailəyə məxsusdur. Əvvəllər bu sahədə Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevə məxsus “Riadmed” hegemonluq edirdi. Lakin dərman sahəsi Paşayevlərin diqqətini cəlb etdikdən sonra “Riadmed”in hakimliyinə son qoyuldu. Indi “Riadmed”in respublika üzrə 100 aptekə məhsul vermək ixtiyarı var. Yerdə qalan yüzlərlə apteki isə “Avromed” və “Zəfəran” firmaları dərmanla təmin edir.
DGK-nın dərman idxalı ilə bağlı kiçik rəqəm açıqlaması da əslində bununla bağlıdır. Yəni, DGK faktiki olaraq hakim ailənin dərman sahəsindən əldə etdiyi gəliri gizlətməyə çalışıb.
İnformasiya şöbəsi