Antikorrupsiya komissiyası hər iclasında hakimiyyətin büdcə talanlarını ifşa edəcək
Ictimai Palatanın (IP) antikorrupsiya komissiyasının dünənki iclasında Azərbaycanda korrupsiyanın vəziyyəti və problemə qarşı mübarizə üsulları geniş müzakirə olundu. Iclasda ABŞ səfirliyinin nümayəndəsi, Ictimai Palatanın üzvü olan siyasi partiya liderləri, iqtisadçılar, hüquqşünaslar və ictimaiyyət nümayəndələri iştirak edirdi. Komissiyaya sədrlik edən – Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin sədri Mirvari Qəhrəmanlı korrupsiyanın ölkənin ən ağrılı problemlərindən olduğunu və növbəti iclaslarda çirkli pulların yuyulması, neft oğurluğu, Kür daşqınları, büdcədə, məhkəmədə, prokurorluq və hüquq-mühafizə orqanlarında, icra hakimiyyətlərində korrupsiya hallarını ictimai müzakirəyə çıxaracaqlarını bildirdi. Hələlik komissiyada özü də daxil olmaqla Mehman Əliyev, Məhəmməd Talıblı, Oqtay Gülalıyev və Ilham Şabanın təmsil olunduğunu deyən M.Qəhrəmanlı arzu edən mütəxəssislərin onlara qoşula biləcəyini dedi.
“Azərbaycanda hər adamın dövlətə 451 dollar borcu var”
Daha sonra iqtisadçı Məhəmməd Talıblı məruzə ilə çıxış edərək bildirdi ki, komissiyanın məqsədi, kiçik miqyaslı deyil, ictimai vəsaitlərin idarəsi zamanı baş verən korrupsiya hallarını aşkarlamaqdır: “96-cı ildə adambaşına düşən xarici borcun miqdarı 9 dollar idisə, indi bu rəqəm 451-ə yüksəlib. Artıq Azərbaycanın 3 milyard 750 milyon xarici borcu yaranıb. Təhsil sistemində korrupsiya halları var. Məsələn, 2001-ci ilin büdcəsindən Moskva Dövlət Universitetinin Bakı filialına və Azərbaycan Diplomatiya Kollecinə ayrılan vəsait diqqəti cəlb edir. Hər ikisinin ehtiyacı 2 milyon manat müəyyən edilsə də, Maliyyə Nazirliyi onların birinə 4,3, digərinə 4,4 milyon manat ayırıb. Yəni, ehtiyaclarından iki dəfə artıq. Bu rəqəmlər imkan verir ki, təhsildə korrupsiya ilə bağlı maraqlı tədqiqatlar aparaq”.
Idarəetmədə də korrupsiyanın olduğunu deyən M.Talıblı hüquq-mühafizə orqanlarının saxlanılmasına başqa ölkələrlə müqayisədə bir neçə dəfə artıq büdcə vəsaiti ayrıldığını bildirdi. Kür daşqınları ilə bağlı 220 milyon manat vəsait ayrıldığını qeyd edən ekspert əsas operator təşkilatın Fövqəladə Hallar Nazirliyi olduğunu və burada da ciddi mənimsəmə faktlarına rast gəldiklərini dedi: “Növbəti tədqiqatlarımızda həm bu, həm də neft gəlirlərinin idarə olunmasında korrupsiya faktları əksini tapacaq”.
M.Talıblı hesab edir ki, Azərbaycanda sistem dəyişməsə, antikorrupsiya tədbirləri nəticə verməyəcək.
“Hamımızın haqqı alınıb, bir qrup adama verilib”
Korrupsiya yolu ilə mənimsənilən milyonların Azərbaycan xalqının milli sərvəti olduğunu deyən AXCP sədri Əli Kərimli hesab edir ki, korrupsiya təkcə qanun pozuntusu və bir qrup adamın haqsız yerə varlanması demək deyil: “Bu, həm də o deməkdir ki, sənin, mənim – hamımızın haqqı alınıb, bir qrup adama verilib. Xalqın sərvəti vəzifədən sui-istifadə ilə, qanunlardan yan keçməklə çatmalı olduğu ünvana yox, başqa ünvana çatıb. Korrupsiya ciddi bir təbəqələşmə, hər cür ədalətli rəqabəti məhv edən faktordur. Əgər söhbət, dövlət səviyyəsində korrupsiyadan gedirsə, heç bir ağlın, qabiliyyətin ədalətli yarışından söhbət gedə bilməz. Azərbaycan və bu kimi ölkələrdə korrupsiya sistemin özünün törəməsidir. Ölkədə köklü dəyişiklik, azad seçki, müstəqil parlament, müstəqil məhkəmə, müstəqil media, şəffaflıq olmadan piramida kimi formalaşmış korrupsiya ilə mübarizə mümkün deyil. Amma bu o demək deyil ki, korrupsiyanı bu şərtlər daxilində məğlub etmək mümkün deyilsə, bu sahəni boş buraxmalı, yalnız köklü dəyişikliklər istiqamətində fəaliyyət göstərməliyik”.
“Cəmiyyət korrupsiyanın ən zəif həlqəsindən xəbərdardır”
Ə.Kərimli deyir ki, hazırkı şərtlər daxilində də cəmiyyətin edə biləcəyi çox şeylər var: “Heç kimə yalançı ümidlər vermək lazım deyil ki, biz proqram, qanun layihəsi verəcəyik, təşəbbüslər qaldıracağıq və bununla korrupsiyanın belini qıracağıq. Bu, mümkün deyil. Amma bu şərtlər daxilində də görə biləcəyimiz işlər çoxdur. Birinci problem odur ki, bizim cəmiyyət korrupsiya ilə bağlı hər şeyi bilmir. Əslində cəmiyyət korrupsiyanın ən zəif həlqəsi ilə – məktəb, xəstəxana, polis, məhkəmə səviyyəsində rastlaşdığı rüşvət hallarıyla tanışdır. Onların məlumatı yoxdur ki, Ilham Əliyev hakimiyyətə gələndən sonra yalnız xarici ticarət dövriyyəsində gizlədilən məbləğ on milyarda yaxındır. Xalq bu barədə məlumatlıdırmı? Bu on milyardın Azərbaycan üçün nə demək olduğunu doğrudanmı hamı bilir?”.
AXCP sədri hesab edir ki, Azərbaycanda korrupsiyanın səviyyəsi onun mövcudluğunu inkar etməyi qeyri-mümkün edir: “Mən əmin deyiləm ki, cəmiyyət Azərbaycana gətirilən mal və məhsulların gömrüyə gəliş qiyməti ilə bazar qiymətləri arasında nə qədər böyük fərqin olmasından xəbərdardır. Qiymətlərin arasında dörd, beş, yeddi dəfə fərq var. Bu, xalqın gündəlik həyatına birbaşa təsir edən faktor deyilmi? Əlbəttə ki, birbaşa faktordur. Birbaşa korrupsiya ilə bağlıdırmı? Bəli. Bu qəbildən olan çoxlu sayda məlumatlar ictimailəşdirilməlidir. Xalqın indiki acınacaqlı durumu ilə korrupsiya arasındakı əlaqə hər kəsin nəzərinə çatdırılmalıdır”.
“Bu, korrupsiya ilə mübarizə yox, pəhriz idi”
Hökumətin bir müddət bundan əvvəl korrupsiyaya qarşı mübarizə şousuna başladığını deyən Ə.Kərimli bu kampaniyanın hər kəsin gözü qarşısında iflasa uğradığını bildirdi: “Siyasi təlatümlərdən qorxuya düşərək, gözdən pərdə asmaq üçün belə bir kampaniyaya başladılar. Biz elə o zaman dedik ki, bu, korrupsiya ilə mübarizə yox, pəhrizdir. Artıq pəhriz başa çatıb. Bu kampaniyanın iflasa uğradığı aydın şəkildə cəmiyyətə çatdırılmalıdır. Onsuz da bizim elə illüziyamız yox idi ki, bu, səmimi mübarizədir. Bir ölkədə ki, ən zəngin adamlar ölkə başçısı, dövlət vəzifəsində olan adamlar, nazirlərdir, bir ölkədə ki, bu zəngin adamların heç birinin gəlir deklorasiyası yoxdur, belə ölkədə korrupsiyaya qarşı mübarizədən danışmaq absurddur”.
Ə.Kərimlinin sözlərinə görə, bu gün dünyada korrupsiya ilə mübarizə aparıb nəticə əldə etməyin gözəl nümunələri var. Və bu nümunələri cəmiyyətə təqdim edib inandırmaq lazımdır ki, korrupsiyanı həqiqətən məğlub etmək olar: “Son illərə qədər az qala, boynumuza qoyurdular ki, guya bu, bizim milli mentalitetimizlə bağlı məsələdir. Guya azərbaycanlılar damarlarında axan qanla, əmdikləri südlə korrupsiyaya yoluxurlarmış. Özlərinə bəraət qazandırmaq üçün çirkin kampaniya ilə xalqa böhtan atırdılar. Bir neçə il bundan əvvəl bizimlə eyni səviyyədə korrupsioner olan Gürcüstanın bugünkü nümunəsi bunu alt-üst edir. Biz sübut etməliyik ki, hansı hüquqi, siyasi, iqtisadi vasitələrlə bu korrupsiyanı məğlub etmək olar və dünyada bunu məğlub ediblər. Bunun mümkünlüyünü cəmiyyətə aşılamaq lazımdır”.
“Artıq dünyada korrupsionerlərlə oturub- durmaq ayıb sayılır”
AXCP sədri hazırda dünyada korrupsionerlərlə oturub-durmağın ayıb sayıldığını və Avropanın, Qərbin bundan imtina etdiyini deyir: “Amma təəssüf ki, bu, hələlik ayaq üstə olan, yıxılmamış korrupsionerlərə şamil olunmur. Guya, beynəlxalq aləm Hüsnü Mübarək devriləndən sonra başa düşdü ki, o korrupsionerdir? Eynilə də digər diktatorlar. Bu xalqlar hələ inqilab etməmiş beynəlxalq məhkəmə bu işlərə də baxmalı, onların korrupsioner əməlləri beynəlxalq cinayət kimi izlənilməli idi. Biz bunu hər fürsətdə Azərbaycanla təmasda olan qərbli diplomatların diqqətinə çatdırmalıyıq”.
“Rüşvət aşağıdan yuxarıya sovrulur və ailənin əlində cəmlənir”
Müsavat başqanı Isa Qəmbər hesab edir ki, Azərbaycanda korrupsiyanın səviyyəsi dövlətin gələcəyinə təhlükə yaradacaq həddədir: “Bu, böyük təhlükədir və buna qarşı mübarizə Azərbaycanı düşünən hər kəsin borcudur. Bu məmləkətdə zəngin biznesmendən tutmuş, bazardakı süpürgəçiyə qədər hamı bu hakimiyyətə rüşvət verməli olur. Bu rüşvət piramida şəklində aşağıdan yuxarıya sovrulur və bir mərkəzdə cəmlənir. Hamı yaxşı bilir ki, bu piramidanın başında hakim ailə dayanıb. Azərbaycanda gizli iqtisadiyyatın miqyası barədə çox böyük rəqəmlər səslənir. Bu rəqəmin 60 faiz olduğu bildirilir ki, bu da çox dəhşətli faktdır. Bu, çirkli pullardır və korrupsiyanın önəmli istiqamətidir. Vergidən, gömrükdən gizlədilən pullar milyardlarla ölçülür. Rüşvət almaqla yanaşı, dövlətə vergi vermirlər. Gömrük sahəsində milyardlarla pul büdcəyə daxil olmur, oğurlanır”.
I.Qəmbərin sözlərinə görə, bu cür müzakirələrdə beynəlxalq korrupsiyadan da yan keçmək olmaz: “Dünyada böyük narkotik, gizli silah və insan alveri şəbəkəsi var. Azərbaycanın hakimiyyət dairələri də bu beynəlxalq cinayətkar biznesdə iştirak edirlər”.
I.Qəmbər bütün bunları araşdırmaq üçün antikorrupsiya komissiyasına mütəxəssislərin gəlməsini vacib sayır: “Bunun üçün Ictimai Palataya üzv olmaq vacib deyil. Kim bu sahədə həqiqətlərin bilinməsini istəyirsə, bizə kömək etməlidir”.
“Saakaşvilidən soruşdular rüşvətin kökünü necə kəsdin, dedi, özüm almadım”
AXCP sədrinin müavini Nurəddin Məmmədli isə rüşvətə qarşı hər hansı mexanizmin səmərəli olacağına zərrə qədər inanmadığını deyir: “Ona görə ki, Azərbaycanda rüşvətxorluq və korrupsiya dövlət strukturları arasında harmoniya və sabitlik yaradan faktordur. Bu cür müzakirələr cəmiyyətə və dünyaya həqiqətləri çatdırmaq baxımından çox faydalıdır. Amma problemin həlli yolu deyil. Bu işləri davam etdirməliyik, amma Ictimai Palatanın əsas işi bu hakimiyyəti dəyişmək olmalıdır ki, problemlər kompleks şəkildə həll olunsun. Saakaşviliyə sual verdilər ki, rüşvətin kökünü necə kəsdiniz, dedi ki, mən özüm almadım. Bu, ən effektiv yoldur. Bizdə isə təxminən yarım ay əvvəl korrupsiyaya qarşı mübarizə şousunu dayandırdılar ki, kim əvvəl necə işləyib, elə də davam etsin”.
Ictimai Palatanın üzvü Vahid Məhərrəmovun fikrincə, əsas məsələ siyasi iradənin nümayişidir ki, belə bir nümunəni artıq Gürcüstan prezidenti ortaya qoyub: “Əvvəl Gürcüstanda belə bir fikir hakim idi ki, pulun həll etmədiyini daha çox pul həll edir. Amma Saakaşvili bunun əksini sübut edə bildi və müsbət nümunə yaratdı. Korrupsiya sözünün hərfi mənası mənəviyyatın zorlanmasıdır. Korrupsiya olan yerdə qanun işləyə bilməz”.
V.Məhərrəmov hesab edir ki, beynəlxalq qurumlarla təmaslar zamanı onlara Azərbaycanın korrupsioner hakimiyyətinə kredit ayırmamaq çağırışı edilməlidir.
Ictimai Palatanın üzvü Rahim Hacıyev isə hesab edir ki, problemin həlli demokratik seçkilər, hakimiyyətin real bölgüsü, müstəqil məhkəmə hakimiyyəti, azad mətbuat və gerçək bazar iqtisadiyyatından keçir.
Bir nəfərin hakimiyyətdən getməsi ilə heç nəyin dəyişməyəcəyini deyən IP üzvü Nabatəli Qulamoğlu ümumilikdə sistemin dəyişməsinə ehtiyac olduğunu bildirdi.
IP üzvü Tahir Xanəliyev korrupsioner əməllərə görə hüquqi məsuliyyətin müəyyən edilməsini zəruri sayır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Azərbaycan cəmiyyəti rüşvət və korrupsiyanı norma kimi qəbul edib və Ictimai Palatanın əsas vəzifələrindən biri bu istiqamətdə lazımi iş aparmaqdır: “Ictimai etiraz o zaman baş verir ki, cəmiyyətlə hakimiyyət arasında dəyərlərə münasibətdə fərqlilik olsun. Biz ”bu hakimiyyət rüşvətxordur” deyəndə insanlarda etiraz yaratmalıdır və ən azı, gəlib buna qarşı çıxanlara dəstək verməlidirlər. Cəmiyyətdə reaksiya qabiliyyəti itib və rüşvət norma kimi qəbul olunub. Təbii ki, burada heç kim sadəlövh deyil və heç kim iddia etmir ki, bu müzakirələr korrupsiyanın səviyyəsinə təsir göstərəcək. Söhbət ondan gedir ki, ilk növbədə Azərbaycan cəmiyyətinə korrupsiyanın mahiyyətini çatdırırıq. Eyni zamanda bu komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə proqramı hazırlanacaq, həm yerli, həm də dünya ictimaiyyətinə təqdim olunacaq”.
Daha sonra AXCP funksioneri Seymur Həziyev, Ictimai Palatanın üzvü Fəxrəddin Mehdiyev, Yeganə Əmiraslanova mövzu ilə bağlı çıxışlar edib, təkliflər səsləndirdilər. M.Qəhrəmanlı da səslənən bütün təklifləri toplayıb sənəd şəklində bir araya gətirəcəklərini bildirdi.
Gültəkin