Cabbar! – 4

Cabbar! Yəqin oralaracan gəldi xəbər, Ilham Əliyev bizi qoşa-qoşa aparıb “Qoşulmayanlar Bloku”na qoşdu. Ki, zatən mən buna zərrəcə şaşırmadım. Əliyevli 

Azərbaycanın yeri zatən dünyanın üçüncü, dördüncü dərəcəli ölkələrinin yanıdır.

Oysa, nə böyük arzularımız vardı illər öncəyədək… Hər gün, gündə azı yüz kərə, min kərə çağdaş, modern, azad dünya xalqlarına qoşulacağımıza dair xəyallar 
qururduq. Azərbaycanın axır ki, hüququn hər şeyin və hər kəsin iradəsi üzərində olduğu, milli iradənin tayfabazlığın, yerlibazlığın, ailə maraqlarının üstünə 
çıxdığı, hər düşüncədən olan insanların qardaşca yaşaya bildiyi, insanların yalan və yaltaqlıqla deyil, ağlının, biliyinin, qabiliyyətinin gücünə karyera 
qurduğu dünya ölkələrinin cərgəsinə qoşulacağını düşünürdük.

Amma Ilham Əliyev bizi qoşa-qoşa aparıb Zimbabveli, Somalili, Zambiyalı, Keniyalı, Konqolu “Qoşulmayanlar Bloku”na qoşdu. Yaxşı da elədi, Cabbar! 
Demokratiyanı nə qədər yamsılamaq olardı… Yalançı bir Avropa ölkəsi rolunu nə qədər oynamaq olardı… Azad seçkini, sərbəst toplaşmaq haqqını, siyasi 
plüralizmə, azad sözə dözümlülüyü nə qədər imitasiya etmək olardı.

Buna bir son vermək lazım idi, Cabbar, bu komediyanı yığışdırmaq lazım idi. Bu hakimiyyətin layiq olduğu yerdə olmasının zamanı gəlmiş, hətta keçmişdi. 
Hüquqa zərrəcə sayğısı olmayan, azad sözə, sərbəst toplaşmağa, demokratik seçkiyə nifrət edən bir rejimi zorla Avropaya qoşmaq bu rejimə də haqsızlıq idi, 
Avropanın özünə də. Artıq hər ikisi dərindən bir nəfəs ala, bir-birlərindən qurtulduqlarına istədikləri qədər sevinə bilərlər.

Cabbar! Ancaq nə olur olsun, heç kim, heç bir “Qoşulmayanlar Bloku” Sən və Sənin kimi azad, demokratik Azərbaycan uğrunda mübarizə aparan dostlarımızın bu 
yolda çəkdikləri məhrumiyyətlərin, əziyyətlərin əhəmiyyətini azaltmır, azalda da bilməz. Bu ölkəni bir deyil, min bir “Qoşulmayanlar Bloku”na qoşsalar da, 
Azərbaycanı illah ki, feodalizm bataqlığına, orta çağ qaranlığının dərinliklərinə dartmaq istəsələr də, enində-sonunda qalib gələn yenə Sənin və Sənin kimi 
vicdanlı, cəsur vətən övladlarının mücadilə ruhu, mübarizə əzmi olacaq. Bunlar Monarxiyaya nə qədər dəstək versinlər, Respublikaya nə qədər dirsək 
göstərsinlər – xeyri yoxdur. Azərbaycan artıq geriyə dönüşü olmayan bir yola girmişdir.

Bu yol uzun ola bilər, Cabbar, bu yolu qət etmək üzücü, yorucu görünə bilər, amma bu yolun çat vermək, uçmaq, dağılmaq təhlükəsi əsla və əsla yoxdur. Çünki 
biz Azadlığa, Demokratiyaya, Hüquqa, Ədalətə, Respublikaya gedən yolların hamar olmadığını, kələ-kötürlərlə dolu olduğunu elə başından bəri bilirdik. 
Bilə-bilə də düşdük bu yollara. Amma hər kəs görür ki, bunların ətək-ətək pul töküb Korrupsiyaya, Zülmə, Hüquqsuzluğa, Monarxiyaya çəkdikləri yollar 
açılışından bir-iki ay sonra necə darmadağın olur, necə uçulur, necə çat verir, Cabbar!

Artıq millətin iradəsi üzərinə iradə qoymaqla, hüququ çeynəməklə, demokratiyaya sırtını dönməklə bir yerə varılmayacağını bu yerin üstündə, bu göyün altında 
yaşayan hər kəs görür. Yatmış Şərq belə, minillik qəflət yuxularından oyanır. Zülmlə abad olan xanimanlar uçulur. Və geriyə sadəcə, bir tək yol qalır – 
Azadlığın, Demokratiyanın, Hüququn yolu! Gələcək isə “Qoşulmayanlar Bloku”na qoşulanların yox, məhz bu yolda yürüyənlərə, bu yolda addımlayanlara 
qoşulanlarındır! Sənindir! Sənin kimi cəsur, ləyaqətli vətən övladlarınındır.
Nə mutlu səni doğan anaya, Cabbar!

Nə mutlu günlərin birində “Sevgilim!” deyib, boynuna sarılacaq qadına…

Nə mutlu günlərin birində evinin qapısını açdığında qucağına atılacaq cocuğa…

Cabbar, nə mutlu Sənə!
Ölülərin ölməsi
Cəmi beş ay əvvəl olsaydı, bu xəbər başqa hisslər yaradardı məndə, göylərə uçurardı məni, amma srağagün Yəmən diktatorunun öldürüldüyü xəbərini eşidəndə 
inanın ki, nə təəccüb vardı məndə, nə sevinc.

Niyəsi çox sadədir: son beş ayda bəşəriyyət beş min illik məsafə qət etdi. Diktaturaların yaşamaq haqqı olmadığına kimsənin şübhəsi qalmadı.Ölənlərin yenidən ölməsinin nəyinə sevinəydim ki? Artıq köhnəlmiş xəbərin nəyinə təəccüblənəydim ki?