b.esed2

Bəşər Əsəd çıxış yolu axtarır

Suriya diktatoru kürd liderləri görüşə çağırdı; ordu Rəstandan geri çəkildi

Bəşər Əsədin istefasını tələb edən mitinqçilərə qarşı amansız davranış da ölkədəki gərginliyi yatırmayıb. Vəziyyət daha da gərginləşdiyinə görə, Əsəd rejimi 6 gündür xüsusi əməliyyatlar keçirilən Rəstan bölgəsindəki əsgərləri geri çəkmək haqda qərar qəbul edib.
Suriya Dövlət Televiziyasının xəbərinə görə, Homs şəhərinə bağlı Rəstan bölgəsində Əsəd rejiminə qarşı müxalifət tərəfdarlarına yönəlik əməliyyatlar dayandırılıb. Hərbi birliklər Rəstandan çəkildikdən sonra bölgəyə humanitar yardım edilməsi məqsədiylə bir komitənin yaradıldığı bildirilib.
Bundan başqa, Bəşər Əsəd ona qarşı artan yerli və beynəlxaq təzyiqləri azaltmaq məqsədilə Suriyada fəaliyyət göstərən 12 kürd partiyasının rəhbərləriylə görüşmək istədiyini bəyan edib. Bu məqsədlə də partiya liderlərinə rəsmi dəvət göndərilib.
Suriya Yaqut Partiyasının lideri Fuad Aqil görüş təklifinin müsbət addım olduğunu bildirərək, Bəşər Əsəddən vaxt istədiklərini söyləyib. Kürd partiyalarının nə rejim tərəfdarı, nə də müxaliflərlə birlikdə olduğunu söyləyən Aqil Bəşər Əsədlə görüşəcəklərini bildirib. Kürd lider onu da əlavə edib ki, Bəşər Əsədlə görüş zamanı ölkəni bürümüş etiraz aksiyalarının zorakılıqla dağıdılmasının dayandırılması tələb olunacaq.
Xatırladaq ki, iyunun 3-də Bəşər Əsədin istefası tələbilə Suriyanın müxtəlif şəhərlərində etiraz aksiyası keçirilib. Təkcə Həma şəhərində keçirilən anti-Bəşər mitinqinə 50 mindən artıq insan qatılıb. Hökumət qüvvələri aksiyanı silah yolu ilə yatırmağa çalışıb. Əsgərlərin açdığı atəş nəticəsində 130 aksiyaçı həlak olub.

Informasiya şöbəsi