Yaxud Azərbaycan jurnalistlərinin restoran dərdi
Nəhayət, bizim cəbhədən də “milyonluq” xəbərlər gəlir. Təzə-təzə məlumat alırıq ki, bir neçə jurnalist təşkilatı çox nüfuzlu fondlarla böyük büdcəsi olan “Frontline Club” adlanan əcaib bir layihə hazırlayır. Deyilənə görə, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının qurduğu bu layihədə “Soros” Fondu və hətta müstəqil jurnalistikanın ən nüfuzlu, ən inanılmış şəxsi olan Mehman Əliyev də iştirak edə bilər. Mətbuatımızın dərdlərini bilən və onun ağrılarını çiynində daşıyan Mehman Əliyev kimi bir adamın belə bir işə qol qoyacağına hələ inana bilməsək də…
Bu layihə haqqında aşağıda danışacağam və indiki şəraitdə onun nə qədər mənasız və faydasız olacağı da dərhal sizə aydın olacaq. Zatən köhnə təcrübələr də çox şey deyir. Biz illərdir iri büdcəli media layihələrinin taleyini görmüşük, çox milyonların son mənzilə yola salınmasının sonradan xəbərini eşitmişik və demişik: Allah insaf versin…
Haqqında danışdığımız layihənin büdcəsinin bir neçə milyon dollar olacağını deyirlər. Təəccüblənməyin. Amma soruşa da bilərsiniz ki, bəs niyə deyilənləri yazıram, dəqiq olanlar bir yanda qaldığı halda. Bəli, dostlar, elə məsələ də ondadır ki, media ətrafında bizim üçün fantastik sayıla biləcək pulları xərcləməyə hazırlaşırlar, guya jurnalistlər üçün bir klub yaradırlar, amma bizim xəbərimiz yoxdur. Media ictimaiyyəti niyə xəbərsizdir bu işdən? Biz illərdir layihələrin faydasızlığından, effektsiz olmasından, vəsaitlərin göyə sovrulmasından yazırıq. Illərdir haray çəkirik ki, niyə medianın dəstəklənməsinə, inkişafına yönəlməli olan layihələr mediadan çox-çox uzaqda qalır?! Azərbaycanda söz azadlığını yaşadan bir neçə KIV və az sayda jurnalist bu layihələrin təsirini öz işində hiss etmir. Indi müstəqil medianın dövriyyəsindən media təşkilatlarının dövriyyəsi böyükdür.
Ən dəhşətlisi odur ki, mediaya bağlı klub yaradılır, bu klubun üzvləri jurnalistlər, KIV-lər olmalıdır, amma bu layihədən onların xəbəri yoxdur, onların fikrini öyrənən yoxdur. Bir öyrənin görün restoranı, film klubu olan bir qurum jurnalistlərə lazımdırmı? Bəlkə onlar başqa bir şey istəyirlər? Tutaq ki, bu layihə lazımdır, bəs niyə ölkənin ən tirajlı qəzetlərinin naşirləri və redaktorları burada iştirak etmir? Niyə bu iş onların başının üstündən görülür? “Frontline Club” nədir? 2003-cü ildə Londonda belə bir klub yaradılıb. Həmin klubun saytını açıb baxın, saytın aşağıdakı bölümləri var: yeniliklər (klubla bağlı xəbərlərdir), hadisələr (orada göstərilən film nümayişləri və bəzi müzakirələr), klub (burada əsasən seminarların vaxtlarıdır), üzvlər və nəhayət, restoran. Restoran bu klubun əsas bölümüdür, üzvlər gəlib orada yemək yeyir. O da pulsuz deyil. Burada nümayiş etdirilən filmlər də pulludur, bundan əldə edilən gəlirə isə müzakirələr keçirilir. Müzakirələr isə qeyri-formal olur, yəni, oturub pivə içə-içə söhbət edirlər. Dünyada heç bir əks-sədası olmayan bir layihədir, onun məhz Londonda baş tutması da aydındır, orada jurnalistlərin filmə baxmağa da, restoranda yemək yeməyə də pulları çatır. Məgər bizim jurnalistlər restorana gedir? Lap güzəştlər edilsə belə, buna onların imkanı yoxdur. Amma belə çıxır ki, bizim elə bircə dərdimiz varmış, o da restorana yığışa bilməməyimizdir. Bunu kim müəyyən edib görəsən?!
Məncə, jurnalistlər və KIV-lər səsini çıxartmalı, bu layihə üçün vəsaitlər daha effektli səmtə yönəldilməlidir, ən pis halda, elə bu layihədə medianın iştirakı təmin edilməli, ona nəzarət imkanı yaradılmalıdır.