Avropa paraşüt vermək istəmir

Bu, məşhur bir lətifəyə metaforadı. Lətifə belədi:Bir gün gürcü, rus, azərbaycanlı təyyarədə uçurlar. Qəza vəziyyəti yaranır. Təyyarədə cəmi 3 paraşüt olur, amma pilotu da nəzərə alanda bir nəfərin paraşütsüz qalacağı üzə çıxır. Pilot deyir:- Hərənizə bir sual verəcəyəm, kim tapsa paraşütü alıb gedəcək.Gürcüyə sual:

– Gürcüstanın paytaxtı haradır? – Tbilisi.Gürcü deyir və paraşütü alıb atılır.- Rusiyanın paytaxtı?- Moskva.Rus deyir və o da paraşütü alır.Cavab vermək növbəsi azərbaycanlıya çatır.- Indoneziyanın paytaxtı?Azərbaycanlı isə cavabında deyir:- Day açıq de ki, vermirəm də…
Norveç Helsinki Komitəsinin baş katibi Byorn Engesland və informasiya departamentinin rəhbəri Berit Lindemanın varis şahzadə Hakonun iyunun 6-7-də ənənəvi “Xəzər neft-qaz” sərgisində iştirak üçün Bakıya gözlənilən səfərilə bağlı Norveç Xarici Işlər Nazirliyinə göndərdiyi açıq məktubun mətni ilə tanış olanda bu lətifəni xatırladım.

Yəqin ki, “Azadlıq”ın oxucuları məktubla tanış olublar. Buna görə də uzun-uzadı xatırlatmaq istəmirəm. Deyilənlər qısaca bundan ibarətdi: Azərbaycan 10 ildən artıq bir sürədə Avropa Şurasına daxil olsa da, çox cüzi öhdəlikləri yerinə yetirib. Yəni, Avropanı adam yerinə də qoymayıb, hələ nakişi hesab elədiyi bir yana. Beləcə, varis şahzadəyə hara getdiyini, niyə getdiyini yaxşıca xatırladıblar və başa salmağa çalışıblar ki, əslində necə getməlidi.Bəs varis şahzadə hara gedir? Təbii ki, Azərbaycana. Bunu bilməyə nə var ki? Ən azı, təyyarə biletindən oxumaq olar bunu. Ancaq yox, söhbət hansı, necə, nə cür Azərbaycana səfərdən gedir.

O Azərbaycana ki, orada demokratik seçkinin nə olduğunu bilmirlər, söz azadlığı, müstəqil mətbuat yaman gündədi, jurnalistləri ən şərəfsiz yollarla həbs eləyirlər, məhkəmələrlə çökdürürlər, çökməyənlərin gicgahına, ağzına sıxırlar, jurnalistlərə tətbiq olunan iyrənc metodlardan – xuliqanlıq, narkotik saxlama, ictimai asayişi pozma, polisə müqavimət, hərbi qulluqdan yayınma kimi qondarma ittihamları indi də gənc fəallara, siyasi aktivlərə tətbiq eləməyə başlayıblar. Sərbəst toplaşma azadlığı ən kobud şəkildə pozulur, aksiya iştirakçıları aksiyadan qabaq, aksiyadan sonra ağla gələn və gəlməyən ittihamlarla içəri atılır, haqlarında həbs-qətimkan tədbiri seçilir, müddət bitdikdən sonra isə istintaq davam edir deyə, həbs bir daha uzadılır.

Nə isə, mən bunları oxucum üçün yazmadım təbii ki, sadəcə Helsinki Komitəsinin varis şahzadəyə başa salmağa çalışdığı “hansı Azərbaycana?” sualına ən müxtəsər cavabın necə səsləndiyini yada saldım. HK-nin “hansı Azərbaycana?” sualına açıqlamasından sonra tövsiyələri gəlir ki, məsləhətdən çox tələbə oxşayır. Məktubda deyilir: “Buna görə Norveç nümayəndə heyəti Azərbaycan hakimiyyəti qarşısında aşağıdakı məsələləri qaldırmalıdır”.

Məsələlər də nə məsələlər! Hamısını bir kənara qoyaq; təkcə sonuncusu yetər: “Prezident Heydər Əliyevin qəbrinə gül qoyulması mərasimi də planlaşdırılır. Buna görə varis şahzadə Hakonun qətlə yetirilmiş redaktor Elmar Hüseynovun qəbrinə də gül qoyması məqsədəuyğun olardı”.

Məncə, day bundan o yanası ola bilməz. Bax, bu yerdəcə təyyarədə azərbaycanlıya verilən sual yada düşür. Deyəsən, gerçəkdən Azərbaycanın avtoritar hakimiyyətinə paraşüt vermək istəmirlər. Üstəlik almaniyalı medium da ağzını yava açıb: “Eurovision” yarışması Azərbaycanda yox, müsabiqə ikincisi Italiyada keçiriləcək. “Azərbaycanın xanı” düzgün addımlar atmasa, bu ölkə Suriyaya çevriləcək”.