Böyük ədəbiyyatşünas alim Salman Mümtaz
Azərbaycanda qanlı 30-cu illər repressiyasının qurbanlarından biri də Salman Mümtazdır. 1884-cü ildə Azərbaycanın gözəl guşələrindən birində, Şəki torpağında dünyaya gələn Mümtaz iki yaşında olarkən anası Zəhra xanımla birlikdə Türkmənistana, Aşqabada köçür və Azərbaycanda Xalq Cümhuriyyəti qurulana qədər orada yaşayır.
O, kiçik yaşlarından evin dolanışıq yükünün altına girməyə məcbur oldu. Qardaşıyla birgə dayılarına ticarət işlərində kömək etdi. Getdiyi yeganə məktəb mollaxana oldu. Orada da cəmi üç ay oxudu. Ərəb, fars, urdu dillərini təkbaşına, rus dilini isə dükanlarına gələn zabit arvadlarıyla söhbətlərindən öyrəndi. Türk dillərinə böyük marağı vardı. Özbək, qırğız, türkmən dillərini bilirdi. Ədəbiyyat sirli bir aləm kimi onu özünə çəkəndə Salman hələ çox gənciydi. “Molla Nəsrəddin” jurnalında “Xortdanbəy”, “Sərçəqulubəy” və başqa imzalarla müxtəlif şeirləri, məqalələri çap olunurdu. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra o, Bakıya köçdü. 1918-ci ildə Salman Mümtaz müstəqil dövlət quruculuğunun sevincini yaşayır, Qafqaz Islam Ordusunun komandanları Ənvər Paşa və Nuru Paşanın Azərbaycana gəlişinə şeir həsr edir.
1918-ci ildən Bakıda yaşayan S.Mümtaz bir ədəbiyyatşünas, Xalq Cümhuriyyətinin işlərini alqışlayan vətəndaş kimi fəaliyyətə başlayır. Azərbaycan xalqının çoxəsrlik zəngin mədəni irsini daha dərindən öyrənib, mətbuat səhifələrində əsl elmi yazıları ilə çıxış edir. O, “Xalq ədəbiyyatı həyatdan doğar” adlı ümumbaşlıq altında məqalələr yazırdı. 1918-1920-ci illərdə Abbas Səhhət haqqında da xüsusi tədqiqat aparmışdı. Mətbuatdan aydın olur ki, o, A.Səhhətin əlyazmalarını – məktublarını, tərcümə əsərlərini toplamış və yeri gəldikdə dövri mətbuat səhifələrində dərc etdirmişdir. Dövrünün yazarlarından olan Əbdül Qafar Mahmudovun “Azərbaycan” jurnalının 1963-cü il, 11 saylı nömrəsində dərc olunmuş “Mən Səhhəti tanıyırdım” adlı xatirəsi də maraqlıdır. Xatirədə oxuyuruq: “1918-ci ilin sonu idi. Bakıda idarədə oturmuşdum. Ismayıl Həqqi gəldi, (məşhur aktyor) yanında bir nəfər də var idi. Ismayıl Həqqi bizi tanış elədi. Bu, şair Salman Mümtaz idi. Iş günü qurtarmışdı. Bərabər küçəyə çıxdıq. Salman Mümtaz bizi evimizə getməyə qoymadı. Fayton çağırdı, bizi əyləşdirib öz evinə apardı və qonaq elədi, sonra dedi: ”Mən Abbas Səhhətlə qardaşlıq idim. Hər dəfə Bakıya gələndə mənimlə görüşər, qonaq olar və can-dildən söhbət edərdik”. Bu xatirədən aydın olur ki, Ə.Q.Mahmudov A.Səhhətlə yazışırmış. O, yazışmaları – məktubları S.Mümtaza vermiş və S.Mümtaz da A.Səhhət haqqında bir kitab yazmışdı. Çox təəssüflər olsun ki, S.Mümtazın həmin kitabı nə indiki Füzuli adına Əlyazmalar Institutunda, nə də bizim S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və Incəsənət Arxivində var. Ancaq A.Səhhət haqqında S.Mümtazın yazdığı “Xatirə”si Əlyazmalar Institutunda mühafizə olunur. “Azərbaycan” qəzetinin işıq üzü görməsini ürəkdən alqışlayan S.Mümtaz sevincini Üzeyir bəylə bölüşür, qəzetin səhifələrində müxtəlif məqalə və şeirlərlə çıxış edirdi. Qəzetin Təşrini-sani 18 (yanvarın 18-i) 1918-ci il 91-ci nömrəsində “Ədəbi sütunlar” silsiləsindən olan yazısında müstəqil Azərbaycanı belə öyürdü:
Cəhanə ilk çıxan tazə ayə and olsun,
Cavanlığında dönən qəddü-yayə and olsun,
Qəsə olmuş münirə, o şahi-təbanə,
Şahabə, mirə, nura, ziyaya and olsun.
Taleyin qara səhifələri
Onun taleyinin acı səhifələri Azərbaycanı ruslar işğal edəndən sonra başlayır. Bu dövrdə o, “Azərnəşr”də işləyir, əsasən klassik şairlər barədə əsərlər yazırdı. 1937-ci ilin 19 iyununda Salman Mümtazı “burjua-millətçi, pantürkist” kimi əvvəlcə tutduğu vəzifələrdən azad edib ev dustağına çevirdilər. Sonra SSRI Elmlər Akademiyasının Azərbaycan Filialının Tarix, Dil, Ədəbiyyat Institutunun kiçik elmi işçisi vəzifəsindən kənarlaşdırdılar. Işdən çıxarılmasına baxmayaraq, o, nadir əlyazmaları, kitabları toplayıb-araşdırırdı. Uzun illər yorulmaq bilmədən çalışdı. Əldə etdiyi əlyazmaları “Kitabxaneyi-Mümtaziyyə”sini bəzəyirdi. Salman Mümtaz vaxtının əsas hissəsini orada keçirirdi.
Amma əsl dəhşət hələ qabaqda idi. “Erməni barmağı” hər yerdə işləyirdi. Faktlara əsasən deyə bilərik ki, o dövrdə Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili Işlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Elə buna görə də, təkcə 1937-ci ildə “xalq düşməni” adı ilə 29 min ziyalımız güllələndi. O cümlədən, Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və başqaları. Bu siyahıda Salman Mümtaz vardı… Onu 1937-ci il oktyabrın 8-də gecə saatlarında yaşadığı Buynakski, 25 (indiki Şeyx Şamil küçəsi) ünvanında siyasi dustaq kimi həbs edərək barəsində ölüm hökmü çıxardılar. Hökm 1941-ci il dekabrın 21-də həyata keçirildi.
Baxmayaraq ki, 1956-cı il noyabrın 16-da o, ölümündən sonra bəraət qazandı, haqqında olan ittihamnamə ləğv olundu, amma o və onun kimi ziyalılarımıza vurulan mənəvi zərbənin yarası tarix durduqca heç vaxt sağalmayacaq.
S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və Incəsənət Arxivinin direktoru Maarif Teymur qeyd edir ki, 1908-1909-cu illərdə S.Mümtaz “Molla Nəsrəddin” jurnalı başda olmaqla “Zənbur”, “Kəlniyyət”, “Tuti”, “Qardaş köməyi” jurnalları və “Səda”, “Günəş”, “Tərəqqi”, “Iqbal”, “Yeni iqbal”, “Açıq söz” və s. qəzetlərin səhifələrində vətən sevgisini, vətənin işinə kara gəlmək, xalqın unudulmuşlarını aramaq, millətin azadlığı naminə fəaliyyətini bir daha sübut etmişdir. Kamil bir jurnalist kimi “Azərbaycan” qəzeti ilə əməkdaşlıq onu xüsusi qürurlandırırdı. “Azərbaycan”ın səhifələrində müxtəlif məqalələrlə çıxış edirdi.
Marif Teymur: “XX yüzillikdə ədəbiyyatımızın tarixini yarpaq-yarpaq toplayıb bizə çatdıranlardan biri də məhz Salman Mümtaz olub. Bəli, o dövrün qlobal faciəsi olan repressiya ondan da yan keçmədi. 1937-ci il repressiyanın zirvəsi oldu. Quruluşlar dəyişdikcə məmurlar ədəbi sözü sıxışdırır, ziyalıları incidirdilər.
Həyatını da, irsini də məhv etdilər
Sosializm quruluşunun mahiyyəti elə idi ki, birinci növbədə, zəkalı, yaradıcı insanları (buna “beyin axını” deyirlər) hədəfə alırdılar, onları başqa yerə getməyə qoymurdular. KQB onları izləyirdi. Salman Mümtaz 1920-25-ci ilə qədər 200-ə qədər klassikimizi təxminən 25-35 səhifə həcmində araşdırıb bizə təqdim etmişdi. 1919-cu ildə Cəfər Cabbarlı “Yaşıl yarpaqlar” adlı qurum yaratmışdı. Buraya Cabbarlıdan başqa, Mirzə Bala Məmmədzadə, Hüseyn Cavid, Əhməd Cavad da daxil idi. Bunların ardı ilə gedənləri birinci izləməyə başladılar. Sovet məmurları hələ birinci onillikdən Salman Mümtazı izləyirdilər. Onu bir qədər irəli buraxdılar, 37-ci ilə qədər. Onun istedadını, zəkasını, necə vətənpərvər olduğunu öyrəndilər. Həmçinin qədim Azərbaycanın söz yadigarlarını Salman Mümtazın necə topladığı da əlbəttə ki, onlara məlum idi.
Bir sözlə, düşünən beyinləri məhv edirdilər?
Bəli. Dediyim kimi, bu, sovet hakimiyyətinin ən pis cəhəti idi. Düşünən beyinlər indi axıb gedir. O vaxt isə onları məhv edirdilər. Birinci növbədə, Almas Ildırım, Maqsud Şeyxzadə, Əkrəm Cəfəri, az sonra isə Hüseyn Cavid, Salman Mümtazı hədəfə aldılar. Salman Mümtaz zəkaların zirvəsində dururdu. Sözsüz ki, onları aradan götürmək lazım idi. Götürdülər də…
Ürəkağrısı ilə deyə bilərəm ki, onun bir yük maşını həcmində əsərlərini yandırdılar. Bunu Məhəmməd Kəngərli də təsdiq etmişdi. Zülmlə topladığı arxivini məhv etdilər. Açıq etiraf edək ki, sonradan bizim içimizdə “sapı özümüzdən olan baltalar” yerdə qalanlarını da iz qalmasın deyə, oğurladılar, ya da məhv etdilər”…
1996-cı ilin 17 sentyabrından Mərkəzi Dövlət Ədəbiyyat və Incəsənət Arxivi Salman Mümtazın adını daşıyır. Şair, ədəbiyyatşünas, publisist, klassik əsərlərin toplanmasında rolu olan bir şəxsiyyət nəhayət ki, qiymətini aldı.
“Qantəmir tükün tökülməsi haqqında” məqaləsi, Şəkixanov haqqında xüsusi qeydləri, M.Ə.Sabirin ilk “Taziyanə”si, “Həqiqət” qəzetində “Təbib və ya xəstə” adlı yazısı, Azərbaycan Dövlət Nəşriyyatı ilə müqaviləsi, şeirləri, məktubları, qəbzləri bu gün onun şəxsi fondundadır. Onların bir hissəsi isə Füzuli adına Əlyazmaları Institutunda saxlanılır…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir