«O bizi 30 faizə işlədirdi»
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədovdur. Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə demokratiya ilə bağlı çağırış edəndə, şöbə müdiri gündəmi zəbt edir. Və başlayır beynəlxalq təşkilatları Qarabağ problemi ilə şantaj etməyə. ATƏT-dən tutmuş Avropa Birliyinə qədər hər kəsi bir milyon məcburi köçkünün vəziyyətilə maraqlanmamaqda ittiham edir. Məhz Novruz Məmmədov demokratik dəyərlərin qarşısını bir milyon məcburi köçkünlə almağa çalışır. O, daha çox qaçqın problemindən, onların sosial vəziyyətindən danışır. Maraqlıdır ki, Beynəlxalq təşkilatları şantaj edən PA-nın şöbə müdiri özü 47 məcburi köçkün ailəsinin həyatını məhv etməkdədir.
“Gəlirin 70 faizini istəyirlər”
Həyatı məhv olunan məcburi köçkünlər Zığ qəsəbəsində yerləşən Duzlu gölün yaxınlığındakı “Ümid” istirahət zonasına sığınıblar. Onlar yaşamaq üçün “Ümid”ə pənah gətirənlərə xidmət göstərmək üçün gölün sahilində bir sıra obyektlər: duşxana, kafe açıblar. PA-nın məsul şəxsi isə Novruz Məmmədov həmin yerdə 14 hektar sahəni – göl və ona bitişik ərazini zəbt edib. Həmin ərazi şöbə müdirinin xanımı Gülnarə Məmmədovanın adına rəsmiləşdirilib. Bu iş məhkəməyə qədər gedib çıxıb. Suraxanı Rayon Məhkəməsi Gülnarə Məmmədovanın iddiasını təmin edib. Bundan sonra oradakı bəzi obyektlər sökülüb. Lakin əhalinin etirazından sonra Novruz Məmmədov məcburi köçkünlərə burada qalmağı və obyektləri işlətmək təklifi verib, lakin zonanın bundan sonra onun sərəncamında olması barədə xəbərdarlıq edib. 2009-cu ilədək bu cür davam edib.
2009-cu ildə Novruz Məmmədovun qohumları məcburi köçkünlərdən tələb edib ki, kommersiya obyektlərindən əldə etdikləri gəlirin 70 faizini ona versinlər. Bundan sonra məcburi köçkünlər ərazinin Gülnarə Məmmədovaya verilməsi barədə qərarın ləğv olunmasına çalışıblar. Ancaq məqsədlərinə nail ola bilməyiblər.
Maraq üçün qeyd edək ki, bu məsələ ictimailəşəndə Novruz Məmmədov açıqlama verərək bildirdi ki, Duzlu göllə bağlı yaşanan problemlərin ona və ailəsinə heç bir aidiyyəti yoxdur.
Ancaq köçkünlər söhbət zamanı dedilər ki, Gülnarə Məmmədova həqiqətən də Novruz Məmmədovun həyat yoldaşıdır. Onların sözlərinə görə, PA-nın şöbə müdiri ərazini ələ keçirmək üçün hər cəhdlə bu faktı gizlətməyə çalışır: “Hamıya gün kimi aydındır ki, Novruz Məmmədovun gözü bu göldədir. Buranı özəlləşdirmək istəyir. Gölün ətrafına hasar çəkdirəndə özü bir neçə dəfə bura gəlmişdi. Indi Gülnarə Məmmədova bizi məhkəməyə verib. Hətta 105 min manat təzminat ödəməmizi tələb edir. Biz kasıb insanlarıq. ”Sezonda” biz 1000 manat qazana bilmirik. Məhkəmə yüz faiz onların xeyrinə qərar çıxaracaq. Ancaq bizim nə bu məbləği ödəmək imkanımız var, nə də buranı tərk edib başqa bir yerdə iş tapmaq”.
Məcburi köçkünlər deyir ki, əvvəl qazancın 70 faizini Novruz Məmmədova versələr də, birtəhər dolanırdılar: “Indi isə tamamilə bu obyektləri əlimizdən alır. 47 ailəni tamamilə çörəksiz qoymaq istəyir. Başa düşmürlər ki, biz köçkünlər heç bir yerdən əlavə qazanc götürmürük. Ilin yalnız 3 ayını işləyirik. Bir-iki manat qazanıb ”arxaya” atırıq. O biri aylarda bu pullarla dolanırıq. Bizi buradan çıxarmaqda yeganə məqsəd beş-on manatlıq gəlirimizi də tamam əlimizdən almaqdır. Bir-iki ildən sonra yaşadığımız yerə də əl uzadacaqlar. Deyəcəklər ki, gölü Avropaya uyğun edirik, buradan da çıxın. Ancaq heç kim bizim indiki kimi səsimizi eşitməyəcək”.
“1 manatın 10-15 qəpiyi bizə çatır”
Duzlu göldə 6 obyekt fəaliyyət göstərir. Onların ikisi Novruz Məmmədova, 4-ü isə məcburi köçkünlərə məxsusdur. Məcburi köçkünlərin sözlərinə görə, 1993-cü ildən Neftayırma Zavodunun sexində yerləşdiriliblər: “Sexin rəhbəri burada bizə obyekt açaraq ailəmizi saxlamağa şərait yaratdı. 2002-ci ildən bəri burada yaşamaq cəhənnəmə çevrilib. Novruz Məmmədov və onun qardaşı oğlu Ənvər Məmmədov Duzlu gölü hasara alaraq, buradakı obyektləri dağıtdılar. Biz yenidən bərpa etsək də, 3 dəfə buldozerin qabağına verib darmadağın etdilər. 2009-cu ildə N.Məmmədovun qardaşı oğlu bizə bildirdi ki, buranı Bakı Şəhər Icra Hakimiyyəti onun həyat yoldaşı Gülnarə Məmmədovaya icarəyə verib. Bizdən buranı tərk etməyimizi, ya da şərikli işlətməyi tələb etdilər. Deyirdi ki, buradan gələn gəlirin 70 faizi onların, 30 faizi bizə qalsın. 2009-cu ildə belə şərtlə işlədik. Hər obyektə bir-iki adamını qoymuşdu. Burada bir çaynik çaya görə müştəridən 1 manat alırdıqsa, onun 10-15 qəpiyi bizə çatırdı. Hər obyektdən 4-5 ailə dolanır. Bu ailələr 5-6 manatla necə dolansın?” – deyə onlar sual edirlər.
Söküntü işləri başlanıldı
Ötən gün Suraxanı Rayon Məhkəmə icraçıları buradakı köçkünlərə məxsus obyektlərin sökülməsi ilə bağlı ərazidə olub. Onlar gətirdikləri ağır texnika ilə buradakı tikililəri dağıtmağa cəhd edib. Ancaq qaçqınların müqavimətindən sonra söküntü dayandırılıb: “Bütün hallarda söküntülərə başlayacaqlar. Havalar daha da qızanda onlar bu gəlir yerini də tamamilə əlimizdən almağa çalışacaqlar”.
Köçkünlər vəziyyətlə bağlı Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənovla görüşüblər: “Bundan sonra icra başçısı Ənvər Məmmədovu çağırıb, söhbət edib. O, başçıya söz verib ki, problemi ədalətlə aradan qaldıracaq. Ancaq bir gün keçməmiş obyektləri sökməyə başlayıblar”.
Ənvər Məmmədov isə ərazinin ona verildiyini deyib. Onun sözlərinə görə, əlində sənədlər var. Ərazidə yeni obyektlər tikmək istəyir. Deyib ki, məhz bundan sonra köçkünlərin orada işləməsi məsələsinə baxıla bilər.
Ramin DEKO



