Heydər Əliyev-Qambay Məmmədov: əlbəyaxa döyüş

«Heydərizm» 70-ci illərdən başlayır

Qambay Məmmədovun işini aparan mühüm işlər müstəntiqinin və 70-ci illərin arxiv sənədlərinin əsasında…

SSRI prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Koliniçenko kitabları ilə bağlı yazır: “1998-ci ildə mən özümün birinci kitabımı yazdım. Kitab ”140 milyard” işi haqqında, yaxud müstəntiqin həyatından 7060 gün” adlanırdı. Mən bu kitabı bir yerdə çalışdığım istedadlı və qədirli istintaq işçilərinin mürəkkəb cinayət işlərinin açılmasında göstərdikləri rəşadətə və peşəkarlığa ithaf etmişdim. Kitabda ötən əsrin 80-90-cı illərində kütləvi oxucuya az məlum olan cinayət işlərinin tədqiqindən söhbət açılırdı. Ilkin razılaşmaya görə, kitab “Olimp” nəşriyyatında 3000 tirajla çap edilməliydi. Amma kitab 1000 tirajla buraxıldı və onu kitab mağazalarında görən olmadı. Kitabı kimlərsə nəşriyyatın direktoru Kaminskinin anbarından başqa anbara  aparmışdılar, orada da yoxa çıxmışdı. Kaminski bu yoxolmanın səbəblərini aydınlaşdırmaq istəmədi”

***

Yeri gəlmişkən, bu kitabda Kaliniçenkonun Azərbaycanda istintaqını apardığı iki cinayət işinə dair məqalələr də ©er almışdı. “Azərbaycan işi: Heydər Əliyev-Qambay Məmmədov: əlbəyaxa döyüş” və “Qanlı Sumqayıt”.
Əliyevlə kəsişən yollar…
Oleq Ivanoviç Koliniçenko söhbətə aramla başlayır:
“Qazaxıstan Kommunist partiyasının birinci katibi Kunayevin 69 yaşı tamam olurdu. Siyasi büronun üzvləri, üzvlüyə namizədlərin hamısı Alma-Ataya gəlmişdilər. KQB-dən olanlar mənə danışdılar ki, Azərbaycan KP MK-nın birinci katibi Əliyevin təyyarəsi yerə enəndən sonra çox gözəl çemodanlar daşınmağa başlandı: ”Onların içində nə vardı, deyə bilmərik, lakin çemodanları biz daşıdıq. Hər birinin üstündə yazılar vardı: “Kunayevə”, “Rəşidova”, “Brejnevə” və siyasi büronun digər üzvlərinə. Mən bu çemodanların içində pul olduğunu söyləyə bilmərəm. Ola bilsin ki, gözəl farfor, digər hədiyyələr vardı. Amma ad günündə qələm də bağışlamaq olardı. Kiçik hədiyyəni gətirmək üçün çemodan lazım deyildi…”
Azərbaycanın keçmiş prokuroru Heydər Əliyev haqqında iki cinayət işi açmışdı…
– Respublika rəhbəri təyin olunan Əliyev vicdanlı və namuslu adamlardan qisas alırdı. Mən bunu sonradan Sumqayıt hadisələrini tədqiq edəndə, Nadir Quliyevin işini aparanda bir daha yəqin etdim. Qanunu məqsədinin formasına salanlar, ölkəni feodal münasibətlərlə idarə edənlər onu daha böyük  problemlərlə üz-üzə qoydular. Məhz həmin çətin günlərdə qanunun deyil, münasibətlərin gülləsinə tuş gələn Saşa Babayev kimi ağıllı və vicdanlı istintaqçılara ehtiyac vardı. Əl buyruqçuları üçün fərqi yoxdu, təki onlara tapşırıq verən olsun…”
Mən söhbətə müdaxilə edirəm:
– Siz Əliyev haqqında danışmağa başladınız. Sizin yollarınız harada kəsişib? Hansı məsələdə?
– 1979-cu ildə Azərbaycanın baş prokuroru Qambay Məmmədov – o əfsanəvi bir insandı, Stalinqrad döyüşlərinin iştirakçısı,.. atüstü minaatan rotanı da o fikirləşmişdi – Azərbaycan SSR Ali Sovetinin sessiyasında kürsüyə çıxdı və Əliyevi “cinayətkar” adlandırdı. Əsasən, pambıq “pripiskasından” danışdı. O, vəzifəsindən çıxarılmışdı, amma  deputat olaraq qalırdı. Hirslənmiş deputatlar onu sürüyüb kürsüdən düşürdülər.
“Onlar məni ikicə günə öldürərlər”
– Burada söhbətə ara verib 1979-cu ilin dekabrına qayıdaq. Bir dəfə Məmmədov mənə dedi: “Bütün yoxlama materialları məhv edilmişdi. Anonim məktublardan cinayət işi açmışdılar”. Həmin günlərdə Əliyev Bakı Şəhər partiya komitəsinin konfransında, az sonra MK plenumunda Məmmədovu “cinayətkar” adlandırdı. Məmmədov ağır şəkər xəstəsiydi, onu nə gözlədiyini yaxşı bilirdi. Mənimlə söhbətində, o, dedi: “Həbsimə hazırlıq gedirdi, həbsxanada mənə iki gün insulin vurmayacaqdılar və mən komaya düşüb öləcəkdim. Mənim aradan götürülməyim üçün belə bir variant düşünülmüşdü. Sonra cinayət işini bağlayar və məni istədikləri kimi günahkar çıxarardılar”. Amma Məmmədov DTK işçilərini və ona nəzarət edənləri aldada bilmişdi.
– Hansı yolla?
– Özünü elə apardı ki, evində yatıb, onu gözdən qaçırdılar. Özü səhər saat 4-də yuxudan durub, maşınına oturub Yerevana gedir. Çünki hava limanı və dəmir yolu vağzalı nəzarətdə idi. Yerevanda bilet alır və Moskvaya uçur. Moskvada Məmmədov müxtəlif vəzifə sahiblərinin qəbuluna gedib Əliyevin pambıqla bağlı cinayətlərindən danışır və bütün bunlara görə onun özünü məhv etmək istədiyini söyləyir. Həqiqət axtaran bu adama sadə bir yol göstərdilər. Onu Sov.IKP MK-ya dəvət edib dedilər: “Siz Heydər Əliyevə inanmaya bilərsiniz, Azərbaycan KP MK bürosuna inanmalısınız! Yoxsa, siz onları da cinayətkar hesab edirsiniz?” Məmmədov cavab verir: “Əlbəttə, cinayətkar hesab etmirəm”.
“Onda Bakıya qayıdın, Ali Sovetin sessiyasında dedikləriniz barədə büroya məlumat verin. Qoy, yoldaşlarınız qərar qəbul etsinlər”.

Əliyev haqqında iki cinayət işi…

Məmmədovun dediyinə görə, müharibədən sonra “KQB”-nin istintaq idarəsinin rəisi kimi Əliyev haqqında iki cinayət işi açıb. Bu işlər perspektivli olub. Amma onları bağlayıblar. Buna görə Əliyevlə aralarında mübarizə gedib. Mən otağa daxil olanda Əliyev ayağa durdu. “Aydındır, sus” – dedi. Sonra üzünü digər büro üzvlərinə tutdu: “Mənim  təklifim var, partiyaya yaraşmayan hərəkətinə və  vəzifəsindən sui-istifadəyə görə Məmmədovun partiyadan xaric edilməsini təklif edirəm. Kim lehinədir?”…
“Qambay Məmmədov Əliyevin yüksəlişini ədalətsizlik hesab edirdi”
Koliniçenko Məmmədov-Əliyev savaşının dərinliklərinə gedir:
– Müharibə qurtarandan sonra Stalinqrad döyüşlərinin qəhrəmanlarından biri, sinəsi orden-medalla dolu zabit, səyyar minaatan batalyonun komandiri Qambay Məmmədov Azərbaycana qayıtdı. Onu “KQB”-yə işə götürdülər, bir müddət sonra istintaq idarəsinə rəis keçirdilər. O vaxt heç kimin tanımadığı Heydər Əliyev də “KQB”də işləyirdi. Xoşbəxtlikdən, ya bədbəxtlikdən,.. ötən əsrin 50-ci illərində Əliyevlə bağlı iki işin istitaqını Q.Məmmədov aparmalı oldu.
Hər iki işə xitam verildi. Ancaq Əliyev Qambay Məmmədovdan həmişə çəkinirdi, hərdən onun qarşısında dili dolaşırdı. Qambay Məmmədov prinsipiallığı və vicdanlı mövqeyi ilə SSRI prokurorluğunda böyük hörmət sahibi idi. 60-cı illərdə respublika prokuroru məsələsi həll ediləndə Məmmədovun namizədliyi müdafiə olundu. Heç kim onun əleyhinə getmədi.
Əliyevin də işləri yaxşı getməyə başladı. Azərbaycan “KQB”-sinin sədri, Brejnevin yaxın adamı Sviqunla dostluğu onun yollarını açdı. Sviqun Moskvaya dəyişdiriləndə Əliyev onun yerini tutdu. Amma Əliyevin 14 iyul 1969-cu ildə birinci katib təyin olunması hamı üçün gözlənilməz idi. Bu təyinat Qambay Məmmədovun da ürəyincə deyildi. O, hörmət etmədiyi bir adamın belə yüksəlişini qəbul etmək istəmirdi. Məmmədovun etirazı Əliyevin bu vəzifəyə layiq olmaması ilə  bağlı idi və Əliyev haqqında açıq danışmaqdan belə, çəkinmirdi. Heç barışmaq fikri də yoxdu.
Amma respublika prokurorunun bütün söhbətləri birinci katibə çatdırılırdı. Əliyev çox dözdü, prokuroru yola gətirmək istədi, ətrafındakılarla ona xəbərlər göndərdi. Artıq “təhlükəli şahidin aradan götürülməsi üçün” oyunlar qurmağın vaxtı çatmışdı.

Əliyev məxfi dosyeləri işə salır…

Əliyev “KQB”-nin müavini, daha sonra sədri olanda Azərbaycan KP MK-nın birinci katibi, büro üzvləri, digər rəhbərlər və bir qədər üzdə olan adamlar haqqında məxfi məlumatlar yığmışdı. Xüsusilə, hüquq-mühafizə orqanları haqqında məlumatları bir neçə dəfə Vəli Axundovla bölüşmüşdü, amma bir nəticə olmadığından faktları özündə saxlamışdı. Indi həmin faktlardan istifadənin zamanı gəlmişdi. Əliyevin prokurorluğun istintaq şöbəsinin rəisi Ibrahim (Saşa) Babayevin “bəzi əməllərindən” xəbəri vardı. Onu prokurora qarşı qaldırmaq, ondan ifadə alaraq eyni zamanda, yola gəlməyən prokurorun da məsələsini həll etmək olardı. “KQB” Saşanı izləməyə, nəzarətə götürməyə başladı. Telefonlarına qulaq asdılar, görüşlərini lentə aldılar. Ortaya onun və Izik Quliyevin “gizli sex sahiblərinə himayədarlığı” məsələsi atıldı. Guya Saşa Babayev və Izik Quliyev sexlərə pul qoymaqla böyük pul qazanır, həm də sex sahiblərini “qoruyurdular”.

Davamı…

1969-cu il Azərbaycana total qorxu gətirirdi

Birinci katib Heydər Əliyev repressiya aparatını hərəkətə gətirir

SSRI prokuroruna gizli lent yazısı ötürdülər…

SSRI prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Koliniçenko “Azadlıq”ın əməkdaşı ilə söhbətini davam etdirir: “Gizli sex” rəisləri həbs edildilər, növbə Saşa Babayevə çatdı. Əliyev baş prokuror Roman Andreyeviç Rudenkoya zəng etdi, ona Saşa Babayevin “gizli sex sahibləri” ilə əlaqəsi olduğu barədə məlumat verdi. Bundan əvvəl Əliyev prokuror Qambay Məmmədovu yanına çağırdı və prokurorun yaxın adamı olan Babayevin həbsilə bağlı sanksiya verməsini ondan tələb etdi.

Əliyev Rudenkoya bildirdi ki, Mərkəzi Komitə respublika prokurorluğuna inanmır, buna görə də işin SSRI prokurorluğunun mühüm işlər müstəntiqlərindən birinə verilməsini istəyir. Inamsızlıq yaratmaq üçün faktlar çoxdan hazırlanmışdı. Gizli milislər Moskva mehmanxanalarının birində Saşa Babayevin SSRI prokurorluğunun bir qrup əməkdaşı ilə birlikdə əxlaqsız qadınlarla eyş-işrət məclisini lentə köçürmüşdü. Rudenkonu inandırmaq üçün lenti ona göstərdilər. Mərkəzi aparatın lentə düşmüş əməkdaşları işdən qovuldu. Azərbaycana isə yoxlama aparmaq üçün xüsusi istintaq qrupu göndərildi.
Əliyevin əlinə imkan düşmüşdü. Babayevin işindən istifadə edərək prokurorluqda yoxlama başladı…

Iş yoldaşlarının güllələnməsində iştirak edən prokuror

Arxiv materiallarında bu hadisə ilə bağlı nələr tapmaq olur?
Rəşid Markaroviç Kazaryan prokurorluqda 13-cü maaş alan tək-tük prokurorlardan biriydi. Ona görə ki, ölüm hökmlərinin yerinə yetirilməsinə nəzarət prokuroru idi. Həmin gün bu erməni əsilli prokuror Bayıl türməsinə gəldi. Əvvəlkilərdən fərqli olaraq, o, bu dəfə hər gün gördüyü, əl verdiyi, dəfələrlə çörək kəsdiyi iş yoldaşlarının – prokurorların güllələnməsində iştirak edəcəkdi. Ibrahim Babayevin və Izik Quliyevin niyə həbs edildiyini, haqlarında belə ağır hökm çıxarıldığını hamıdan yaxşı ölkənin birinci adamı bilirdi. Çünki “gizli sexlər”i prokurorlar deyil, nazirlər açdırmışdı. Burdan gələn pulların çoxu da elə onların cibinə gedirdi.
Bir azdan güllələnmə hökmü kəsilmişləri əməliyyat otağına gətirdilər. Erməni prokuror başqalarından fərqli olaraq kimlərin güllələndiyi barədə düşünmürdü.

Baş nazirin oğlu güllələnmə otağında

Əvvəl Iziki gətirdilər. Izik Azərbaycanın sabiq baş naziri Teymur Quliyevin oğlu idi. Gizli iqtisadiyyatın, sexlərin  bu nəzarət prokuroruna nə dəxli vardı?!
Sifətinin qanı qaçmışdı, özünü itirmişdi, sonuncu  dəqiqələrdə belə, başına nə gəldiyini anlamırdı. Sinəsində düyünlənmiş hıçqırıqlarını səsə çevirmək, qışqırmaq istəyirdi. Sinəsindən bir ağrı qopdu, istədi əlini daşa, divara vursun, nəzarətçilərin əlindən çıxıb ölümün ağzından qaçsın. Içəridə olduğu bu 10 ayda özünə bu sualı çox vermək istəmişdi, ürəyi gəlməmişdi. “Məni niyə öldürəcəklər, məni niyə öldürəcəklər”, deyə fikirləşirdi. Birdən, bu fikirlər dilindən də çıxdı, ölüm otağının divarlarında əks-səda verdi: “Bəlkə yaşamaq haqqında düşünəydim…”
Elə bil, ayağına daş bağlanmışdı, ardınca getmirdi, son anda ayaqları ona saniyələrlə hesablanan ömür bağışlayırdı.
“Sizin son sözünüz…” – erməni cəllad dilləndi.
Bu sözlərdən sonra ölüm gəlirdi. Izikin başı bir anda sağ çiyni üstünə əyildi. Arxadan atəş açıldı. Cəllad düz atmışdı. Bir güllə ilə onu susdurdu.
Növbə Ibrahim Babayevə çatdı. Onu ölüm otağına əli qandallı gətirmişdilər. Bu müharibə iştirakçısının şux yerişini, uca boyunu, gözəlliyini ölüm qorxusu da ala bilməmişdi. Ölüm anını hiss etdirmədən otağa girdi. Düz erməninin qarşısında dayandı: “Rəşid, uşaqlara salam de! Bilin, bizim heç bir günahımız yoxdur!”
Müharibədə güllənin seçə bilmədiyi bir cəsarət sahibini güllələmək əmrini bir erməni verəcəkdi. Sonra prokurorluğa qaçıb kiminsə qarşısında quyruq bulayıb sədaqətini  göstərəcəkdi. Elə bil, Ibrahim soyuqqanlılığı ilə ölümü dondururdu. Erməni prokuror onun baxışlarına dözmədi, yana çevrildi. Ibrahimin gözlərindən yağan nifrətdən qorxan erməni tələsdi.
Bəlkə də müharibədən qara kağızı gəlsəydi, anasına, övladlarına bu qədər dərd olmazdı… Arxadan açılan atəş onu da susdurdu…

Qisasçılıq dövlət siyasətinə çevrilirdi

Azərbaycanda 1969-cu ilin sakit inqilabının ilk əzabkeşləri dünyasını belə dəyişdi… Bu yeni repressiyaların, yeni total həbslərin başlanğıcı idi. Qorxu qayıdırdı. Azərbaycanı qarşıda daha böyük faciələr gözləyirdi. Bir tərəfdə yalan və haqsızlıq, o biri tərəfdə plan və yalançı təriflər dayanmışdı. Bir tərəfdə zalları titrədən sürəkli alqışlar, o biri tərəfdə oğul itirən anaların hıçqırıq dolu göz yaşları dururdu. Bir tərəfdə kürsülərdən deyilən əsassız nəticələr, o biri tərəfdə polis rejiminin zorla adlara yazdırdığı  cinayətlər… Qisasçılıq dövlət, partiya siyasətinə çevrilirdi…

Onları niyə öldürdülər?..

Həmin günlərdə Bakı şayiələrlə yaşayırdı. Onları niyə öldürdülər? Cəsarəti çatanlar bu sualı özünə verir, qorxu içində ətrafa baxıb köks ötürürdülər. Əsl həqiqəti bilənlərin əli heç yerə çatmırdı.
Bakının məşhurlarının belə tez qətlə yetirilməsinin arxasında kimin dayandığı məlum idi. Yeni birinci katib yolagəlməz prokurorun əl-qolunu qırırdı, Teymur Quliyevin oğlunu güllələtməklə cəmiyyətə mesaj göndərirdi: “Mənim üçün toxunulmazlar yoxdur, mənim toxunmadıqlarım var”.
Izik Quliyev məhkəmə hökmlərinin icrasına nəzarət idarəsində işləyirdi, Ibrahim Babayev isə uzun illərdi ki, istintaq idarəsinin rəisi idi. O, prokurorluğun Qambay Məmmədovdan sonra ən sözükeçən adamı idi.
Əliyevin 1969-cu ilin avqust plenumundakı tezislərindən biri korrupsiyaya qarşı mübarizə idi. Gizli iqtisadiyyatla mübarizə adı altında rəqiblərin zərərsizləşdirilməsi mexanizmini yaradırdı. Yenidən bölüşdürmə, köhnə komandanın DTK əməkdaşları ilə əvəzlənməsi, iki-üçqat nəzarətin yaradılması da bu məqsədə xidmət edirdi.
Əslində, keçmiş birinci katib Vəli Axundovun vəzifədən uzaqlaşdırılması da yığılan pulların mərkəzə tam çatdırılmaması üstündə olmuşdu. Bununla bağlı məlumatlar Andropova ötürülmüşdü, o da məlumatı Brejnevə çatdırmışdı. Qəzəblənən Brejnev Andropova Azərbaycanda dəyişiklik etməyə icazə vermişdi. Andropov-Əliyev maşını bütün iqtisadi mexanizmləri sındırıb yenisini yaratmağı qarşısına məqsəd qoymuşdu.
Əliyevin yeni iqtisadi siyasəti xalqı daha da yoxsullaşdırmağa, ölkənin kapitalını bir mərkəzdən idarə etməyə yönəlmişdi.
Mübarizədən qorxuya düşən bir çox “gizli sex” sahibləri Odessaya köçdülər. “Gözdən pərdə asmaq” üçün Əliyev kimlərisə yerində otuzdurmalıydı. Bu “gözdən pərdə asma”  nümayişinin ilk qurbanı S.Babayevlə Izik Quliyev oldu.

Niyə repressiyalar Qambay Məmmədovun ətrafından başladı?

Niyə məhz Qambay Məmmədovun ətrafından başlanmasının səbəbləri də hamıya məlum idi. Q.Məmmədov prokuror təyin olunana qədər 16 il “KQB”-də işləmişdi, Əliyevə çox yaxşı bələd idi. Elə ilk illərdən Əliyevin seçdiyi prinsiplərlə razılaşmadığını gizlətmirdi. Sov.IKP MK bürosuna, Ali Sovetə, MK yanında partiya nəzarəti komitəsinə məktublar yazır, respublikada yaranmış real vəziyyətlə bağlı məlumat verirdi. Pambıqçılıq və üzümçülük sahəsində şişirtmələr göz önündə idi, rüşvətxorluqla mübarizə, əslində, siyasi rəqiblərlə mübarizə vasitəsinə çevrilmişdi.
Əliyevin prokurorlara qarşı gurultulu məhkəmə prosesi həm diqqəti yaranmış vəziyyətdən yayındırır, həm də qarşıya qoyulmuş vəzifələri yerinə yetirirdi. Əliyev Moskvaya onların adamı olduğunu sübut etdi. Respublikada antisovet meşşanlığının kökünü kəsdi, ipə-sapa yatmayan prokuror Məmmədovun “yuvasını” dağıtdı. Həmçinin hüquq-mühafizə orqanlarına öz adamlarını gətirmək imkanı qazandı. O, “Bakılı-əyalət” mübarizəsində qalib gəlmək imkanı qazandı. Ilk dəfə siyasi elitaya seçim qabiliyyətə görə deyil, yerliçilik, qohumluq prinsipi ilə aparıldı.

Əliyevi “Şah Abbas” adlandırdığına görə öldürüldü…

Qambay Məmmədova qədər Əliyev daxili işlər naziri Məmməd Əlizadə ilə vidalaşmışdı. Məhz Əlizadə 1950-ci ildə “KQB”-nin müavini olanda zabit Əliyevin keçmişinə işıq salmaq istəmişdi. Əliyevin nədənsə Məmmədovlarla heç bəxti gətirmirdi. Tezliklə Kürdəmir rayon partiya Komitəsinin birinci katibi Məmmədov Əliyevi “Şah Abbas” adlandırdığına  görə həbsxanaya atıldı və müəmmalı şəkildə dünyasını dəyişdi. Bu katibə düzlüyünə görə “Bala Lenin” adı verilmişdi.
Saşa Babayevlə Izik Quliyevi gizli sexlərə himayəçilik adı ilə həbs etdilər. “Sosialist mülkiyyətinin oğrularına  şərait yaradan” bu prokurorlar, əslində, Əliyevə Məmmədova əl uzatmaq üçün lazım idi. Amma heç kim sual vermədi: hansı prinsiplə bu iki adamın cinayəti bir iş altında birləşdirilmişdi?

***

Koliniçenko burada köks ötürür. Axı, bu prokurorların mühakimə olunduğu maddələrdə ölüm hökmü nəzərdə tutulmurdu… 9 ay istintaq apardılar, tez məhkəməyə göndərib, ölüm hökmü çıxardılar. Icranı da tezləşdirdilər. Necə? Yenə Əliyevin şəxsi müdaxiləsi öz işini gördü…

(ardı var)

Surxay Hüseynli