Bu gün onların günüdür – uşaqların. Məmləkətin göz bəbəyidir onlar, gələcəyidir.
Uşaqlıqlarını dolu-dolu yaşamasalar da, ölkəni başına bürüyən ədalətsizliyi, haqsızlığı, aclığı, hətta onlar belə, öz körpə ürəklərində, kövrək çiyinlərində hiss etsələr də, böyüdüklərində azad, hürr bir Azərbaycanda yaşayacaqlarına şübhəm yoxdur. Bizim çəkdiyimiz çilələrin onlardan yan keçəcəyinə, bizim qatlaşdığımız məhrumiyyətlərin onları da sarsıtmayacağına cani-könüldən inanıram.
Apardığımız mücadilə də əslində bunun üçündür. Uşaqlara sözümüz var axı – onlara “talansız və yalansız bir Azərbaycan” sözümüz var. “Modern, çağdaş, hüquqa sayğılı bir Azərbaycan” sözü verdik onlara. “Qaranlıqların dağıldığı, aydınlığın doğulduğu Azərbaycan” sözü verdik.
Sonadək də sözümüzün arxasındayıq. Yorulmadan, usanmadan, ərinmədən, çəkinmədən, qorxmadan sürdürməyə davam edəcəyik başlanan bu müqəddəs mübarizəni və enində-sonunda verdiyimiz sözü tutacağıq – bizdən onlara azad, firavan bir Azərbaycan miras qalacaq!
Bu gün onların günüdür. Bu gün onlara verdiyimiz vədi yeniləmək istədim. Içdiyimiz andı təkrarlamaq istədim: Sizə ayaqlarınızı yerə bərk basdığınız, üzünüzdən təbəssümün əskik olmadığı, yatağa ac girmədiyiniz, haqlarınızın çeynənmədiyi, səslərinizin oğurlanmadığı, dilinizin qıfıllanmadığı, düşüncənizin zorlanmadığı bir məmləkət buraxmayanadək bu yolun geri dönüşü yoxdur, uşaqlar! Bu yoldan dönərsək də gözlərinizdəki məsumluq, içinizdəki təmizlik, dodaqlarınızdakı təbəssüm qənim olsun bizə!
Hamınızı bağrıma basır, yanaqlarınızdan öpürəm. Bayramınız mübarək!
Ilham Əliyev Rəsulzadədən niyə küsüb?
Bəziləri kral həzrətlərinin Istiqlal bayramımızda – 28 maydakı çıxışına qəzəblidir. Nə imiş, əfəndim, möhtərəm çıxışı boyu Rəsulzadənin adını çəkməyibmiş.Ad çəkməmək bizdə küsməyin əlamətidir. Adətən bir-biri ilə qırğınlığı, incikliyi olanlar bir-birinin adını çəkməz. Ki, zatən Ilham Əliyevin Rəsulzadədən küsmək üçün çoxlu gərəkçələri var. Məsələn:
BIR: bütün xalqın səsvermə hüququnu əlindən almış Ilham Əliyev, qadınlara belə səsvermə hüququ tanıyaraq öz zamanı üçün nəhəng bir demokratiya örnəyi göstərmiş Rəsulzadədən əlbəttə, küsməlidir;
IKI: Azərbaycanda monarxiya ənənəsini yaratmış, beləcə, Respublikaçılığın canına oxumuş Ilham Əliyev Azərbaycanda Respublikaçılıq dəyərini bərqərar etmiş Rəsulzadədən nə qədər küssə, haqlıdır;
ÜÇ: hakimiyyət, taxt-tac naminə rusun vaxtında kommunist və ateist, müstəqillik dönəmində də 180 dərəcə çevrilib liberal və dindar olmuş bir atanın övladı olaraq Ilham Əliyev, çarxın döndüyünü görərək öz azadlıq ideyalarından vaz keçib beyqəfil kommunist olmadığı, beləcə, yenə də hakimiyyətdə qalmağı bacarmadığı üçün Rəsulzadəyə nə qədər qızsa, nə qədər öfkələnsə yeridir;
DÖRD: Allahın dondurma sexinin qırmızı lentini belə gedib özü kəsən, bundan “analoqsuz inkişaf” şousu düzəldən Ilham Əliyev, dönəminin ən öndər universitetlərindən birini yaratdığı halda ayağına əziyyət verib onun açılışına getməyən, bundan “regionun lider dövləti” nağılı qondarmayan Rəsulzadədən nə qədər incisə, yeri vardır;
BEŞ: Azad sözə zərrəcə dözümü olmayan, hakimiyyət başına keçər-keçməz ölkənin iki ən aparıcı qəzetinə nifrət etdiyini açıq-açıq söyləyə bilən, acgöz, qarınqulu, pulgir məmurlarına “mən jurnalistlərin nə yazdığına əhəmiyyət vermirəm, siz də əhəmiyyət verməyin” deyə səslənən, onlarca yazarın həbsinə yaşıl işıq yandıran, onların qələmini qıran Ilham Əliyev, həyatı boyunca yüzlərlə məqalənin altına imzasını atmış, neçə-neçə qəzet qurmuş, jurnal yaratmış Rəsulzadəyə niyə sayğı göstərməli, onun adını hansı məntiqlə dilinə gətirməlidir?
Aydın Mirzəzadənin qərarı
Bir vaxtlar 7 günə 70 müsahibə verər, irticaya qarşı hər tənqidi, hər ittihamı yorulmadan, usanmadan o cavablardı. Amma indi baxırıq, xeyli susqun, xeyli sakit.
Adam istər-istəməz, düşünür: əcəba, Aydın müəllim hakimiyyətin yanında durub, çox danışmağın çox yalan danışmaq olduğunu anladı da, “az danışım ki, çox yalan danışmış olmayım” qərarımı verdi?