Ruhu əsir alınmış şəhər

Bu şəhər atəşlə su, 

qəlblə göz arasında,

mələklər yanıb düşər,

düşənlərin sağı yox…

Bakı bu şəhərin sakinləri üçün böyük sevgi kimidir. Yaşanan bütün sıxıntılara, əzablara, ağırlıqlara baxmayaraq ondan vaz keçmək olmur. Hərdən dünyanın insanlarını tənhalaşdıran, kimsəsizləşdirən, yoran böyük şəhərlərin qəlibinə salınmaqda olan paytaxtımızın bizim ruhumuzu əsir aldığını düşünürəm. Amma dərd ondadır ki, bugünkü halı ilə şəhərimiz özü də ruhu əsir düşmüş bir canlıya bənzəyir…

Anam Bakını Xəzərin dalğalarının Qız qalasının divarlarına çırpıldığı tarixlə xatırlayır, mən uzaq keçmişin ən gözəl xatirələri kimi qalan Içərişəhərin əl toxunmamış qədim tikililəri ilə. Indi Xəzər çəkilib qaladan çox-çox uzaqlara gedib çıxıb. Içərişəhərin tələbəlik illərindən yaddaşıma həkk olunmuş o canlı mənzərələrindən də artıq əsər-əlamət yoxdur. Yolum hər buradan düşəndə gənclik illərində getdiyimiz ünvanın izincə dolanbac küçələrdə dönə-dönə azdığımızı xatırlayıram. Indi həmin o bir biçimdə boy-boya vermiş qapqara daş evlərdən ibarət məhlələrin izi-tozu silinib. Artıq o insanı sakitləşdirən, yüngülləşdirən məhlələrin yerində dikəldilmiş yöndəmsiz ağappaq binalar insanın yolunu kəsib durur. O sadə, zəhmətlə hörülmüş quş yuvaları kimi gözəl evlərdən gələn musiqi sədalarını də artıq eşidə bilməzsiniz. Əvəzində əsəbləri tarıma çəkən, toz dumanını gözünüzə sovuran “laqonda”ların zəhlətökən cırıltısı qarşılayar hər addımda sizi. Bu unikal şəhərin siması kimi havası, divarların rəngi, danışıq dili belə dəyişib. Artıq bu küçələrdən keçərkən tipik Bakı ləhcəsi ilə danışan insanlara da nadir hallarda rast gələrsiniz.

Məşhur memarlarımızdan biri mənə demişdi ki, sovet dövründə Içərişəhərin yerli sakinlərini buradan köçürmək haqda gizli plan olub. O planı da erməni mütəxəssislərə hazırladıblar. Məqsəd bu qədim şəhəri köklərindən ayırmaq, tarixini silmək, ruhunu öldürməkmiş. Indi həmin plan tam həyata keçirilmiş kimi görünür…

Bir zamanlar bu qədim şəhərin gecə-gündüz nəğmə pıçıldayan Quzğun adlı dənizinə indi neft qoxusundan yaxın düşmək olmur. O salındığı torda çabalayıb əldən düşən balıq kimidir. Xəzərin quzğunluğundan, çılğınlığından da bir şey qalmayıb, insanların ovqatı, insan hekayətlərinin motivi  belə dəyişib. Uzaq tarixdə sevgisi uğruna özünü qalanın başından Xəzərin sularına atan qızın hekayətinə şahidlik edən Qız qalası indi məişət sıxıntılarından bezib intihar üçün bura üz tutan zavallıların çıxış qapısına çevrilib. Amma hökm sahibləri bundan da “çıxış yolu” tapıblar. Qalanın başına çıxmaq qadağan edilib!

Köhnə paytaxtın simvolu sayılan, on-on beş il əvvəl az qala hər küçədə rastımıza çıxan kiçik sənətkar dükanlarını, xırdavat mağazalarını süpürüb atıblar. Keçmişdən nostalji adına qalan “Torqovı” dakı yeganə “rəssamlar pasajı”nı da bir il əvvəl yerlə-yeksan etdilər. Paytaxt sanki ən son texnologiyaların sınaqdan keçirildiyi qarmaqarışıq bir emalatxanaya bənzəyir.

Bir zamanlar insanların xəyallarında arzular şəhəri olan Bakı indi alış-veriş yeridir, insan auksionudur, qul bazarıdır. Onun ütülü, sığallı, parlaq görkəmindən, tozlu-dumanlı havasından insanın üstünə bir ağırlıq çökür elə bil. Mənə elə gəlir ki, üst-başı nə qədər təzələnsə də, nə qədər bəzək vurulsa da, Bakı əvvəlki Bakı ola bilməyəcək. O da öz ruhunu itirən biz adamlar kimi beləcə sərgərdan dolaşıb gəzəcək. Nə biz onu tərk edə biləcəyik, nə o bizdən ayrıla biləcək. Ruhumuz azad olmayınca, nə biz ona sahib çıxa biləcəyik, nə də o bizim olacaq…