Korrupsiyanın yediyi neft pulları

Məhəmməd Talıblı: «Neft pullarının sürətlə xərclənməsi böyük təhlükələr yaradır»

Azərbaycanın ildən-ilə artan büdcəsində investisiya xərcləri əhəmiyyətli yer tutur. Bu xərclər isə əsasən Neft Fondundan daxil olan pullar hesabına həyata keçirilir. Eyni zamanda Neft Fondu büdcədən kənar bəzi layihələri maliyyələşdirir. Beləliklə, son 5 ildə Neft Fondundan 25 milyard manatdan çox pul xərclənib. Baxmayaraq ki, bu qurumun əsasnaməsində ölkəyə daxil olan neft pullarının əhəmiyyətli hissəsinin gələcək nəsillər üçün saxlanılmalı olduğu göstərilir.
Hətta neft satışından ölkəyə daxil olan vəsaitlərin 75 faizi xərclənsə də, 25 faizi mütləq saxlanılmalıdır.
Qeyd edək ki, 25 mlrd. manatın böyük hissəsi tikinti layihələrinə xərclənib.
Neft Fondunun vəsaitlərinin səmərəsiz xərclənməsi, layihələrdə korrupsiya hallarının baş verməsi ölkə iqtisadiyyatına nə vəd edir?
Azərbaycanda bir çox investisiya xərclərinin Neft Fondunun aktivlərindən ödənildiyini deyən iqtisadçı-ekspert Məhəmməd Talıblı ortada korrupsiya risklərinin olduğunu da qeyd etdi. Ilkin dövrdə 25-30, 50 mln. manat həcmində qiymətləndirilən layihələr sonradan 500 mln, hətta 1 mlrd. manat məbləğinə çatır. Bu da həmin layihələrdə korrupsiya hallarına yol verildiyini göstərir. Ekspertin sözlərinə görə, layihələrin idarə olunmasında təyinatından kənar vəsaitlər olur. Bu səbəbdən də neft pullarının sürətlə xərclənməsi böyük təhlükələr yaradır.
M.Talıblının fikrincə, Neft Fondu vasitəsilə büdcəyə ötürülən pullara limit olmalıdır. Azərbaycan reallığında bu göstərici 30-40 faizdən yüksək olmamalıdır. Əgər pulların xərclənməsinə nəzarət artırılmasa, gələcək nəsillərin  neftdən faydalanması şansları tamamilə minimuma enəcək. Eyni zamanda dünyada neftin qiyməti ucuzlaşanda Neft Fondunun aktivləri azalmağa doğru gedəcək. Sonrakı illərdə isə ciddi investisiya xərclərini maliyyələşdirməyə imkanlar qalmayacaq. Ona görə də Neft Fondunun vəsaitlərinin şəffaf, səmərəli istifadəsi mühümdür.

Fizzə