kiv-df

“Gilanlı baba” – Babagil türbəsi

Bu mömin şəxs kim idi?

Lerik memarlıq abidələri sırasında dini-tarixi abidələr mühüm yer tutur. Bunun başlıca səbəbi orta əsrlərdə bu bölgədə Islam dininin güclü təsirinin olmasıdır. Belə müqəddəs yerlərdən biri olan Babagil türbəsi ölkədə ən məşhur ziyarətgahdır. Abidə Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində, çayın sağ sahilindədir. Burada onlarca qədim palistik sənətkarlıq nümunəsi qeydə alınıb.

Qədim qəbiristanlıqda məqbərə ucalır. Məqbərəni daş qoç fiqurları, günbəz və günəş şəkilli başdaşları dövrəyə alır. Başdaşları dörd cürdür. Bir qismində çevrə içərisində günəşin təsviri verilib. Ikinci növ başdaşlarında ox, əmud, xəncər təsvir olunub. Bu alətlər qəbirlərdə dəfn olunanların iş və əməllərindən xəbər verir. Üçüncü növ daşlarda daraq şəklinin təsviri var. Bu da qəbirlərdə qadınların dəfn olunduğu ehtimalını yaradır. Dördüncü cür qəbirlər dini şəxsiyyətlərindir. Bəs türbədə dəfn olunmuş Babagil adlı şəxs kimdir? Tarixi qaynaqlardan bəlli olur ki, Babagil tayfa ağsaqqalı, çox nüfuzlu şəxs olmuş, Kəslərdən köçərək Astaranın Asnaqaran (Osnakəran) kəndində məskunlaşmışdır. Tarixçi Tağı Musəvinin 1965-ci ildə nəşr edilmiş “Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər” kitabından öyrənirik ki, Babagilin əsl adı Nizaməddin Əmirə Şahsevər Gilanı Kəskəridir.

O, I Təhmasibin dövründə yaşamışdır. Əbdül Fəttah Fumanın “Tarixi Gilan” adlı əsərində Əmirə Şahsevərin 1578-ci ildə Biyəpuş qoşunu ilə vuruşma zamanı öldürüldüyü qeyd edilir. T.Musəvinin fıkrincə, “Babagil” sözünün mənası “Gilanlı baba” deməkdir. Sənətşünaslıq elmləri doktoru Nəsir Rzayev “Əsrlərin səsi” (1974) kitabında Babagil sözünü belə izah edir: “Babagil-babaların torpağı, babaların yaşadığı yer deməkdir”. Mülahizələrə görə, “Babagil” sözü belə yaranmışdır: Babagil öz yeddi qardaşı – Baba Məhəmməd, Baba Həsən, Baba Davud, Baba Peyda, Pir Baba, Baba Isa, Baba Rəhman və tayfası ilə birlikdə Babagil adlandırılmışdır. “Baba” sözü “gil” cəm şəkilçisi qəbul edərək bu ifadəni əmələ gətirmişdir.

Buna görə də, yeddi qardaşa və tayfasına xitabən onların başçısının adı ilə Babagil deyərmişlər. Sənətşünas N.Rzayev yazır: “Bu qədim qəbiristanlıqda babalar dəfn edilmiş və onların günəş ayinliyi ilə yaxınlığını qəbir daşlarına həkk edilmiş günəş təsvirləri sübut edir. Qəbiristanlıqda Babagil adlı müqəddəs şəxs dəfn edildiyi üçün bu qəbiristanlıq müqəddəs yer sayılır. Əslində isə, bunun səbəbi daha qədim ənənələrin indiyə kimi qorunub-saxlanılmasıdır. O ənənə qədim babalara, onların ayininə olan hörmət və pərəstişkarlıqdan ibarətdir.”

Abidə haqqında 6 sənəd toplusu

Ehtimala görə, burada XII-XV əsrlərdə böyük tikinti kompleksi olmuşdur. Bunlar əsasən xatirə-türbələrindən ibarət imiş. Türbələr digər tarixi abidələrə xas olan bütün keyfiyyətləri özlərində birləşdirir. Məqbərələr ətrafında məscid, xanagah, ziyarətxana yaradılaraq kompleksə çevrilmişdir. Təəssüf ki, bu abidələr zaman keçdikcə dağılmış, yalnız izləri qalmışdır. Babagil türbəsində olan məqbərə kompleksi dövrümüzə gəlib çatmamışdır.

Babagil haqqında müxtəlif zamanların tarixçiləri və təzkirəçiləri öz əsərlərində məlumat vermişlər. Bu məlumatlar Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Institutunun arxivində 6 sənəd toplusunda saxlanılır. Sənədlər orta əsr tariximizin və sənətkarlığımızın öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Türbə və başqa arxeoloji abidələrimizin öyrənilməsi, bərpası sahəsində son illər xeyli iş görülmüşdür.

Böyük ruhani alim, ariflərin sultanı, türbəti müqəddəs, taliblərin ən seçilmişi kimi ad çıxarmış Nizaməddin Əmirə Şahsəvar Gilani Kəsgəri Şeyx Zahid Gilaninin müridlərindən biri, nüfuzlu tayfa ağsaqqalı, alicənab, müdrik şiə təriqətli tarixi şəxsiyyət olub. Xalq arasında Babagil-Gilanlı baba adlandırılan bu böyük şəxsiyyət orta əsrlərə aid fars dilində yazılmış fərman və sənədlərdə “Seyid (başçı) Babagil” deyə qeyd edilir. Babagil kəndinin keçmiş adı Asnaqaran-dəmirçilər olub. Bu adda kənd hazırda Astarada da mövcuddur. Qədim zamanlarda Talış hökmdarlarının süvariləri üçün Babagil kəndində silah, yaraq və s. hazırlanıb.

Babagilin övladları haqqında Cəngəmiran hakimi Nəcəfqulu xanın 1788-ci ilin sentyabrında verdiyi hökmdə deyilir: “Qərar verildi ki, Cəngəmiran mahalının kəndxudaları, ağsaqqalları və vergi toplayan məmurları bilsinlər ki, Allahın rəhməti və səlavatı şamil olan Seyid Babagilin Ahəngəran kəndində yaşayan övladları – Seyid Ruhullanın oğlanları Şeyxliyin pənahları Seyid Şahhüseynin oğlu Seyid Həsən və Şeyx Seyid Nemətin oğlu Seyid Fərzi keçmiş sultanların yazılı əmrlərinə və bizdən əvvəlki hakimlərin yazılı hökmlərinə görə, qədim zamanlardan indiyədək tövqih, təqsim, sursat, bigar, şikar və səvaderdən, habelə mübaşerlərin və divan məmurlarının sair təkliflərindən azad edilmiş və bağışlanmışlar”.

300 illik bir tarix

Babagil məqbərəsi barədə (1509-1788) toplanan sənədlər bizi təxminən 300 illik bir dövrlə tanış edir. Göründüyü kimi, Babagil türbəsi barədə tarixi qaynaqlarda kifayət qədər maraqlı məlumatlar verilmişdir. 1999-cu ildə Islam Hacı Sadıq oğlu Kərimovun maliyyə dəstəyi, Babagil kənd camaatının yaxından köməyi və Hacı Ağamirzə Mirzəyevin ustalığı ilə köhnə türbənin yerində yeni məqbərə ucaldılıb. Bu abidə kompleksi xarici görünüşü, forma və üslubuna görə orijinaldır və Şərqdə tikilən abidələrlə müqayisə edilə bilər.
Babagilin nəslinin davamçılarında olan Qurani-Kərim qədimliyinə, görkəminə, yazı üslubuna görə fərqlənir, nadir nüsxədir. Cildi dəridəndir, ayələrin sərlövhələri və abzasları göstərən iri nöqtələr qızılı rəngdə işlənmişdir. Hər səhifədə mətnə uyğun olaraq işarələr nəqş edilmişdir. Bu işarələr yəqin ki, mətnlərin oxunuşunu asanlaşdırmaq, mənanı dərk etmək üçün qoyulub. Evdəki xəncər və qılınc da uzaq keçmişlərdən xəbər verir. Şübhə yoxdur ki, kənddə hazırlanan bu silahlarla Şeyx Zahid Gilanının müridləri, igid döyüşçülər yadellilərə qarşı, Islam dini, haqq-ədalət uğrunda vuruşmuşlar.

Babagil türbəsinin özü dəfələrlə talanlara məruz qalıb. Tarixçi M.Nemət Babagilin həyat və fəaliyyəti dövrünü sufilik ideyalarının Azərbaycanda yayılmağa başladığı lap ilk dövrlərinə – XI əsrə aid etmişdir.

2002-ci ildə Babagil türbəsində bərpa işləri aparılmış, burada Şərq üslubunda məqbərə ucaldılmış, ziyarətgaha 2 km məsafədən bulaq suyu çəkilmişdir. Bu yaxınlarda türbənin bir hektara yaxın sahəsi ağ daşdan hasara alınmışdır.
Ziyarətə gələnlərin dincəlməsi üçün lazımi şərait yaradılmışdır. Onlar abidə barədə əməkdaşlardan ətraflı məlumat alır, bu bölgənin tarixi keçmişi və bu günü ilə ətraflı tanış olurlar. Bu abidə-kompleksi xarici görünüşü, forma və üslubuna görə orijinaldır və Şərqdə tikilən gözəl abidələrlə müqayisə edilə bilər.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir