Fuad Ələsgərovun “siyasi məhbus”a tərif axtarışı

“Allah Heydər Əliyevə eşq olsun” məşhur küfrü ilə tarixə köçüb, pensiyaya çıxan qocaman Murtuz Ələsgərovun çox hörmətli oğlu Fuad müəllim “siyasi məhbus” anlayışına vahid tərif istəyir.

Prezident Administrasiyasının şöbə müdirinin təbirincə, “siyasi məhbus” ifadəsinin vahid tərifinin olmaması problem yaradırmış. Yəni, Fuad müəllim çox uzaqgörən, ağıllı, müdrik və hüquqi bir məsələ qaldırıb: demə, ölkəmizdə uzun illərdi yaşanan problem – siyasi məhbusların mövcudluğu deyilmiş; əsas dərd, sər, başqaxıncı, üzqarası “siyasi məhbus” anlayışının vahid tərifinin olmaması imiş.

Indi, nəhayət, beynəlxalq təşkilatların dəstəyi ilə bir yerə yığışıblar ki, “siyasi məhbus”a hamının qəbul etdiyi bir tərif versinlər. Ciddimidirlər bunlar? Yoxsa, yenə də milləti ələ salmaqla məşğuldurlar?

“Siyasi məhbus” anlayışının vahid tərifinin olması necə mümkündür axı? Nə deyib “vahid tərif” qəbul edəcəklər? Cinayət Məcəlləsində bir bölməmi yaradacaqlar ki, ictimai-siyasi fəaliyyətinə görə həbs olunan şəxslər siyasi məhbus adlansın?

Azərbaycanda “ictimai-siyasi fəaliyyətinə görə” ittihamı ilə kimi həbs edirlər ki? Heç kimi! Sadəcə, bu ölkədə haqsızlıq və ədalətsizliklə barışmayan, ictimai etiraz nümayiş etdirən hər kəs potensial cinayətkar sayılır. Onu Cinayət Məcəlləsinin bütün maddələri ilə suçlamaq və həbs etmək təcrübəsi var: şəxs öz iş yerinə gələrkən illərdi hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan “ismətli və namuslu” bir qıza söz ata və xırda xuliqanlıq törədə bilər; cibindən bir neçə qramdan tutmuş bir neçə kiloya qədər narkotik çıxa bilər; istənilən an vergidən yayına bilər; ictimai asayişi poza bilər; dövlət çevrilişinə cəhd edə bilər; həqiqi hərbi xidmətdən yayına bilər; yazılarında kütləvi itaətsizliyə çağıra bilər və s. saymaqla qurtarmayan “maddələr”.

Son illər ən geniş yayılmış siyasi ittiham narkotikdir. Sosial şəbəkələrdə aktivlik edən adamın cibindən “operativ surətdə” “şəxsi istifadə üçün” narkotik maddənin tapılması adi hala çevrilib. “Vahid tərif” üçün baş sındıranlar narkotika ittihamı ilə suçlanan şəxsləri və ya xuliqanları elliklə “siyasi məhbus” anlayışının içinə doldurmalıdırlar?

Hamının qəbul etdiyi “vahid tərif” müəyyənləşsə, siyasi əqidəsinə görə həbs olunanları o “tərifin” heç 5 “maddəliyinə” yaxın gəlməyən cinayətlərdə suçlamaq hakimiyyət üçün o qədərmi çətindir? Kimi aldadırsınız?

Biabırçılıqdır, vallah: dünyanı özümüzə güldürməyin müxtəlif yollarını axtarıb tapırıq. Siyasi təqiblərə son qoymaq, ictimai fəalların və jurnalistlərin həbsini durdurmaq, “siyasi məhbus” ifadəsini doğuran səbəbləri müzakirə etmək əvəzinə nəticənin “tərifini” axtarırıq, “siyasi məhbus” anlayışına tərif vermək istəyirik.

“Siyasi məhbus” məfhumuna nə tərif veriləsidir, nə də tərif ediləsi!

Tərif istəyirsiz? Avropa Şurasının üzvü olan bir ölkə üçün bu anlayış faciədir, biabırçılıqdır, başqaxıncıdır, xəcalət yeridir, utanc mənbəyidir, Qarabağın itirilməsidir, Azərbaycanın beynəlxalq qurumlarda sözünün, səsinin tanınmamasıdır; Öz millətinə etdiyin zülmdür, sitəmdir, onların yaşama haqqını əlindən almaqdır, düşünən başları kəsməkdir, ölkəni uçuruma sürükləməkdir, yaltaqlığı və yalaqlığı bəsləməkdir, manqurt yetişdirməkdir, xalqı qısır, bivec, müti və kölə halına salmaqdır, kütləvi psixozdur; Korrupsiyadır, rüşvətdir, inhisarlaşmadır, ölkənin taleyinə balta çalmaqdır, böyük bir nəsli məhv etməkdir. Və nəhayət, öz mövcudluğunu təhlükə altına qoymaqdır!

Siyasi məhbus probleminin özünü ləğv etmək lazımdır ki, başqaxıncı bir biabırçılığı – “siyasi məhbus” anlayışını müzakirəyə çıxarmağa ehtiyac qalmasın.