Palata yerli və beynəlxalq ictimaiyyəti vicdan məhbuslarını müdafiə etməyə çağırdı
Ictimai Palatanın Insan Hüquq və Azadlıqlarının Müdafiə Komitəsi 2 aprel mitinqilə əlaqədar həbs olunanlar və bu iş üzrə istintaqın gedişilə bağlı bəyanat yayıb. Bəyanatda beynəlxalq birliyə yönəlik qınaqla yanaşı, Azərbaycan ictimaiyyətinə səsləniş də var.
Bəyanatda bildirilir ki, hakimiyyətin əlində alətə çevrilən istintaq orqanının obyektiv araşdırma aparmaq niyyəti yoxdur. Istintaqın əsl məqsədi ölkədə vüsət alan xalq hərəkatını beşiyindəcə boğmaq, adamları arxasınca aparmaq və məsuliyyəti üzərinə götürmək iqtidarında olan siyasi lider və gəncləri cəmiyyətdən təcrid etməkdir.
“2 aprel hadisələrində nümayişçilərin hər hansı hüquqazidd əməl törətmələrilə bağlı bu günə qədər ortada heç bir fakt yoxdur. Ictimai Palatanın qərarına uyğun olaraq, dinc aksiyada iştirak edən fəalların heç biri təxribatlara uymayıb, zorakı hərəkətlərə yol verməyib. Həmin hadisələr zamanı mağaza şüşələrinin sındırılması kimi halların hüquq-mühafizə orqanlarının məqsədyönlü təxribatının nəticəsi olduğu artıq sağlam düşüncəli insanların heç birində şübhə doğurmur. Şüşəsındıranın fotosunun mətbuatda yayılmasına baxmayaraq, həmin şəxsin istintaq tərəfindən müəyyənləşdirilib məsuliyyətə cəlb edilməməsi faktı da istintaqın birtərəfli və qərəzli aparılmasının əyani sübutu, eyni zamanda, istintaqın tam iflasa uğramasının təsdiqidir”, – deyə bəyanatda göstərilib.
Bəyanat müəllifləri Ombudsman və onun aparatında çalışanların indiyədək həbsdəki vicdan məhbusları ilə görüşməməsini xoşagəlməz hal kimi qiymətləndirməklə yanaşı, bu iradı adını “hüquq müdafiəçisi” qoyub da, bundan yalnız öz merkantil maraqlarını təmin etmək üçün faydalananlara da aid ediblər.
Bundan başqa, Azərbaycandakı diplomatik korpus nümayəndələrindən bu məsələdə nümayiş etdirdikləri mövqe də tənqid olunub: “Diplomatik korpus təmsilçiləri həbs olunanlarla bağlı prinsipial mövqe nümayiş etdirmir. Tutulanlara hüquqi yardımdan istifadə etmək imkanı yaradılması barədə hakimiyyətə tövsiyələr verilir. Bu da iqtidara istintaqı əsassız olaraq uzatmaq, vicdan məhbuslarını daha çox həbsdə saxlamaq üçün əlverişli siyasi mühit yaradır.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin ölkəyə buraxılmaması hakimiyyətin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə münasibətinin göstəricisidir”.
2 aprel hadisələri də daxil olmaqla son aylarda siyasi motivlərlə qanunsuz olaraq həbs olunanların, barəsində ədalətsiz hökm çıxarılanların sayının artdığını bəyan edən Ictimai Palata bu cür cinayət xarakterli əməllərin qarşısının alınması üçün ölkənin hüquq toplumunun proseslərə cəlb olunmasını, bütün qüvvələrin səfərbər edilməsini vacib sayır: “Siyasi sifariş əsasında cinayət törədən hakimləri, müstəntiqləri, polis işçilərini, prokurorları ifşa etmək, onların ətrafında düzgün ictimai rəy formalaşdırmaq istiqamətində səyləri artırmaq lazımdır”.
Bəyanatın sonunda ölkə vətəndaşlarına müraciət öz əksini tapıb: “Vicdan məhbuslarının Hüquqlarını Müdafiə Komitəsi qanunsuz olaraq cinayət təqibinə məruz qalan Şahin Həsənlinin, Əhəd Məmmədlinin, Arif Alışlının, Zülfüqar Eyvazovun, Rüfət Hacıbəylinin, Elnur Isrəfilovun, Elnur Məcidlinin və Vidadi Isgəndərlinin Beynəlxalq Əfv Təşkilatı tərəfindən ”vicdan məhbusu” kimi tanınmasının vacib olduğunu bəyan edir. Eyni zamanda, ölkə ictimaiyyətini, bütün vicdanlı ziyalıları, beynəlxalq hüquq-müdafiə təşkilatlarını Azərbaycanda 2 aprel mitinqilə əlaqədar həbs edilən vicdan məhbuslarının taleyinə biganə qalmamağa, onların tezliklə həbsdən azad edilməsi üçün haqq səslərini daha ucadan səsləndirməyə çağırırıq”.
İnformasiya şöbəsi