Cavid Qurbanov yeni “monopoliya”nın anonsunu verdi

Azərbaycan paytaxtında ənənəvi taksi dayanacaqları olmayacaq. Deputat, “Azəryolservis” ATSC-nin sədri Cavid Qurbanovun sözlərinə görə, Bakıda bir neçə yeraltı avtomobil dayanacağı tikiləcək və müştəri üçün taksilər bilavasitə taksi parklarından və yalnız çağırışla göndəriləcək.

Bundan başqa, iri tonnajlı avtomobillər şəhərin mərkəzinə buraxılmayacaq. Deputatın sözlərinə görə, məhz bu avtomobillər təkcə paytaxtın görünüşünü deyil, həm də asfalt örtüyünü korlayır. Qurbanovun taksi dayanacaqlarının ləğvi və yeraltı taksi parklarının tikintisi haqqında bəyanatı isə Nəqliyyat Nazirliyinin “Baku Taxi Company” şirkətinin köməyi ilə taksi xidmətləri bazarının inhisara alınması strategiyası çərçivəsində yeni kəşf oldu.
Eksklüziv sərnişindaşıma hüququ artıq Bakıya gətirilən London Taxi TX4 markalı avtomobillərə verilir. Ümumilikdə ilin sonuna qədər Çində yığılan 1000 belə avtomobilin gətirilməsi nəzərdə tutulur. Bazarın inhisarlaşması xidmət keyfiyyəti və şəffaflığın artırılması adı altında baş verir. Bir müddət əvvəl eyni bəhanə ilə avtobus marşrutları inhisarlaşdırılmışdı. Lakin bu, gəlirlərin bir əldə birləşməsindən başqa heç nəyi dəyişmədi.
Britaniyanın özündə belə bir neçə il əvvəl London Taxi TX-in eksklüziv sərnişindaşıma hüququndan imtina ediblər. Indi bununla etibarlı və rahat Yapon avtomobillərindən istifadə edən müxtəlif şirkətlər məşğul olur. ABŞ-da sürücülər fərdi lisenziya əsasında daşıma ilə məşğul olur və sərnişinlər və dövlət heç bir narahatlıq hiss etmir(Turan).