Biz də edərik aləmi-röyada tərəqqi!

Söz var, deyərlər ki, bu dünyanın işlərinə məəttəl qalmışam. Amma mənim dünya ilə heç işim yox, dünyanın işlərini sahmanlayan var! Mən bunların, bəli, düz başa düşdünüz, bu hakimiyyətin işlərinə məəttəl qalmışam. A kişi, bunlar hər şeyə vaxt tapırlar. Hətta məqalə də yazırlar. Məqalə nədir, böyük əsərlər yapırlar! Mövzuları da ancaq demokratiyadır. Oturub-durub, ancaq bir məsələni araşdırırlar: bu ölkəyə demokratiya uyğundur, ya yox? Orta bir hesabla bu ölkədə neçə ilə demokratik dövlət və vətəndaş cəmiyyəti “inşa” etmək mümkündür? Yazırlar, yazırlar, axırda da öz qənaətlərini izhar edirlər.

Məsələn, nə? Məsələn, dünyanın heç bir ölkəsində demokratiya yoxdur! Ya da ki, bu ölkədə demokratiyanın bərqərar olması sonsuz prosesdir! Vallah, mən qana bilmirəm. Birincisi, axı sizin dünya ilə nə işiniz var?! Öz ölkəniz sizlərə azlıq edirmi? Və yaxud da bu “sonsuz proses” nə deməkdir? Yoxsa ki, sizlər sonsuz yaşamaq və hökm etmək fikrindəsiniz? Bunun üçün daha yaxşı olmazdımı ki, demokratiyanın deyil, elə uzunömürlüyün problemiləri ilə məşğul olaydınız? Necə ki, bir ara bütün hakimiyyət adamları genetikaya baş vurmuşdu! Hamı irsiyyətdən və onun siyasi faydasından dəm vururdu! Mən onda belə genetik esseləri oxuyanda xüsusi həzz alırdım. Ona görə ki, dünyanın ən böyük genetikləri belə bir vəziyyəti təsəvvür edə bilməzdilər. Hə, bir vaxt genetikanı yasaq edən kommunistlər adlarını dəyişib demokrat olandan sonra onun əsl təbliğatçılarına çevrilmişdilər!

Bəli, bunların belə də işləri olub. Demokratiyanı, onun problemlərini tədqiq etmək yaxşıdır. Bu işi dünyanın çox nüfuzlu politoloqları və sosioloqları vaxtilə görüblər və indilər də görməkdə davam edirlər. Hətta ən pessimistlər və kritik tonda köklənən insanlar belə, sonsuzluqdan və utopiyadan danışmırlar. Onların hamısının əvəzinə U.Çörçill bircə dəfə çox lakonik şəkildə deyib: “Demokratiya ideal idarə üsulu deyil, amma təəssüf ki, bəşəriyyət bundan təkmil başqa bir şey düşünə bilməyib”. Bəli, bu, bir qədər skeptik və kritik yanaşmadır. Amma o, demokratiyanı inkar etmir. Indi nə edək? Bu haqda düşünəndə yadıma elə M.Ə.Sabir düşdü. Bəli, biz də edərik aləmi-röyada tərəqqi! Yalnız röyada! Biz röyada tərəqqi edərkən başqaları bunu gerçəkdə edir. Sonra da oturub-durub baş sındırırıq ki, əcəba, biz nədən geridə qaldıq? Sadəcə səbəbdən. Bir-iki dəqiqə beynimizi nə iləsə məşğul edirik, sonra isə “əşşi, cəhənnəmə ki!” deyib başımızı atıb yatırıq. Və bir də o vaxt ayılırıq ki, artıq lələ köçüb və bircə yurdu qalıb! Başlayırıq vurnuxmağa, çabalamağa, görəndə ki, əlimiz heç yana çatmır, qayıdırıq ki, əşşi, tələsmək üçün deyil, biz hələ buna hazır deyilik! Əslində isə az yatmaq lazım idi…

Köhnə Asiyanın qürubu

Deyəsən, bir vaxt A.Şpengler Avropanın qürubu haqda yazmışdı. Hə, əgər yaddaşım aldatmırsa, belə olmuşdu. O vaxt bədbin proqnoz bir qədər özünü doğrultdu: müharibələr, inqilablar, faşizm! Nə isə. Indi bununla işim yox! Mən, hətta Asiyanın qürubu haqda da yazmağa çətinlik çəkirəm. Ona görə ki, bir çox Asiya ölkələri əsl tərəqqi yaşayırlar və dünyadakı “Asiya-Avropa” bölgüsü şərtiləşir. Bizim hakimiyyətin isə Asiyadakı proseslərdən elə də xəbəri yoxdur. Onlar ətalətlə, köhnə qayda ilə Asiya modellərinin və sistemlərinin daha üstün olduğunu düşünürlər. Halbuki getdikcə daha çox Asiya ölkəsinə Avropa dəyərləri, institutları yol tapır, sözün əsl mənasında Avrasiya yaranır. Amma bunlar hələ də bu prosesi hiss etmirlər. Hətta qara Afrika indi hamını təəccübləndirməkdə davam edir. Bir vaxtlar yeni Dünya, yəni, Amerika və köhnə Dünya, yəni, Avropa vardı. Yeni Dünya köhnəyə tam inikas etdi, hətta köhnəni də dəyişdirdi. Indi bu proses daha qlobal miqyas üzrə davam edir. Köhnə Asiya ancaq xatirələrdə və bir-iki avtoriar rejimin timsalında yaşayır…

Kiçik sözardı

Heç nə sonsuz deyil. Bu ölkədə də demokratiya qalib gələcək. Və bu heç də yüz ildən və ya əlli ildən sonra yox, lap tez beş-on ilə baş verəcək. Sadəcə bir azca yuxumuza haram qatmalıyıq…