Razi Nurullayev: «Klintonla Məmmədyarovun görüşü zamanı demokratiya mövzusu müzakirə ediləcək»
Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada növbəti görüşü ərəfəsində hər iki ölkənin xarici işlər naziri ABŞ-a çağırılıb. Edvard Nalbandyanın ardınca Elmar Məmmədyarov da ABŞ dövlət katibi Hillari Klintonla görüşəcək. Şübhəsiz ki, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsidir. Onu da qeyd edək ki, son dövrlər bu mövzuda müzakirələr intensivləşir. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başçılarının Dağlıq Qarabağla bağlı birgə bəyanatı da bunu deməyə əsas verir. Prezidentlərin görüşü ərəfəsində Klintonun Məmmədyarovla daha nələri müzakirə edəcəyini gözləmək olar?
Politoloq Razi Nurullayevin fikrincə, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəallığını artıracağını gözləmək olar. Xarici işlər nazirlərinin Vaşinqtona çağırılması da buna işarədir. Digər tərəfdən, ABŞ Azərbaycanın “qoşulmayanlar bloku”na qoşulması məsələsinə də diqqət yetirir. Hillari Klintonun Məmmədyarovla görüşündə rəsmi Bakının bu addımının Dağlıq Qarabağla bağlı üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə təsir edə biləcəyi müzakirə olunacaq. Çünki Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupunun vasitəçiliyi çərçivəsində həll olunmasını istəyir. Azərbaycanın bundan kənara çıxmaq istəyi ABŞ-ın ciddi narazılığı ilə qarşılana bilər.
Ekspert Klintonla Məmmədyarovun görüşü zamanı Azərbaycandakı real durumun, demokratiya məsələlərinin də müzakirə ediləcəyini də istisna etmir. XIN başçısı vasitəsilə Ilham Əliyevə bu istiqamətdə müəyyən mesajların göndərilməsini də gözləmək olar.
Fizzə