Ştrasseri döymək lazımdır

Qəzetlər yazır ki, Azərbaycan iqtidarı Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserin Bakıya gəlməsini istəmir.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Ştrasserin ölkəyə səfərini məqsədəuyğun saymır. Ştrasserin səfərinin mümkünlüyü ilə bağlı “Turan”ın sualına cavabda Fuad müəllim açıq deyib ki, onun səfərinin “mənası yoxdur”.Öz aramızdır, YAP iqtidarı Ştrasserin nədən Bakıya gəlişinə qucaq açmalıdır?

Cənab Ştrasser mavi müğənni Elton Con deyil ki, bəh-bəhlə Tofiq Bəhramov adına stadiona təşrif buyura və iqtidarı feyziyab edə.Kristofer Ştrasser nə də AŞ PA prezidenti Mövlud Çavuşoğlu deyil ki, Bakıya gələndə pişvazına hökumət nümayəndələri çıxa və o da iqtidarın demokratik yönümlü addımlarına ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Stenli Eskudero kimi heyran qala.

K.Ştrasser satınalınmazlıqları ilə rejimin dodağını uçuqladan AŞ PA Monitorinq Komitəsinin məruzəçiləri Andreas Qross və Andres Herkel, Norveçin Bakıdakı keçmiş səfiri Steynar Gil tipli haqqı danışan və yazan bir Qərb diplomatıdır və məhz buna görə də onun Bakıda arzuolunmaz şəxs sayılmasını təbii qarşılamaq gərəkdir.
Kristofer Ştrasser bir çörək yeyib, birini də itinə atsın.

Ki, onun Bakıya gəlişini sadəcə, arzulamırlar.Fikirlərindən daşınıb deyərlər ki, gəlsin Ştrasser və elə Heydər Əliyev adına hava limanında YAP yolunda canını fəda etməyə hazır bir işsizin cibinə 5-10 manat qoyub salarlar üstünə. 

Gözünün altını qaraldıb yola salarlar.

Sonra da mətbuat konfransı düzənləyib elan edərlər ki, 1 milyon qaçqının insan haqlarına göz yumduğuna görə vətənpərvər vətəndaşlarımızın birinin qəzəbinə tuş gəlib.

Nə deyəcək, Mövlud Çavuşoğlunun prezidenti olduğu AŞPA? 

Bir qoca Ştrasserdən yana Neftsatanla düşmən olmayacaq ki. 

Baxarsınız, nə AŞ PA Azərbaycan hökumətinə təzyiq edəcək ki, rəsmi Bakı xüsusi məruzəçini qəbul etsin, nə də Kristofer Ştrasser Azərbaycana gəlmək üçün israr edəcək.Adam ampluasını dəyişib gəlsə, YAP iqtidarının gözü üstündə yeri olacaq.

Könlündən keçən 5 ulduzlu hotellərin birinin restoranında “canıyanmışla” kef çəkmək, evinə qayıdanda çemodanında Avropada qram-qram aldığı qara kürüdən 5 kilo birdən görmək, qolunda bahalı saat, cibində yuxusunda belə görə bilmədiyi miqdarda para tapmaq istəyirsə, gəlsin.Və Azərbaycanda insan haqlarının xüsusi bəslənən toy toğluları kimi atılıb-düşdüyünü izhar edib getsin. Işdir, iki ayağını bir başmağa dirəsə…

Bu rejim onsuz da Avropa Şurasının və beynəlxalq siyasi institutların tələb və tövsiyələrinə, ABŞ Dövlət Departamentinin və ATƏT-in iradlarına məhəl qoymur.Xalq dili ilə desək, kimsəni hərrəmir.

Belə olduğu halda YAP-ın qoçuəsgərlərinin Azərbaycanda insan haqlarının pozulmasını, siyasi məhbuslarının varlığını dilə gətirən ştrasserkimiləri nədən təpiyin altına salaraq dərslərini vermir, başa düşülmür.

Burada qəribə bir şey axtarmağa dəyməz, üzvü olduğumuz Avropa Şurasının tələblərini saya salmırıqsa, yerindən qalxıb Azərbaycanın adını aşağılamaq fikrinə düşənin başını sığallamalıyıq, bəlkə?Elə bu, Ştrasserdən başlamaq lazımdır.

Dərsini vermək gərəkdir ki, nəsil-nəcabəti ilə bahəm qələt edərək, bir də LIDER dövlətin – Azərbaycanın adını dilə gətirməsin. Tanrı LIDER dövlətimizi nəzərdən qorusun.