kiv-df

Sərkərdə igid olsa…

Azərbaycanın ilk hərbçi generalı

1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxslərindən biri də Əliağa Şıxlinskidir. Qazax qəzasının Salahlı kəndində (indiki Aşağı Salahlı kəndi) doğulan Əliağa Şıxlinski damarlarında tanınmış bir nəslin qanını daşıyırdı. Onun anası Şah Yəmən xanım Qayıbova Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Vəli Vidadinin nəvəsi idi.

1883-cü ildə orduda hərbi xidmətə başlayan Şıxlinskinin hərbçi olmaq arzusu onu Peterburq artilleriya məktəbinə gətirdi. 1886-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirən hərbçi 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi ön cəbhədə qəhrəmanlıqla vuruşmağa başladı. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə, Şıxlinski “Qızıl qılınc”la mükafatlandırıldı.

O, Peterburqda Mixaylov adına topçuluq məktəbində dərslərində göstərdiyi müvəffəqiyyətlərə görə, ilk üç şagirddən biri olmuşdu. Bu məktəbdə Şıxlinski o zamanın məşhur professorları – mexanik Kirpiçov, kimyaçı Fyodorov, fizik Usovun şagirdi olub. Şıxlinski topçuluq sahəsindəki təhsilini daha da mükəmməlləşdirmək üçün ehtimal nəzəriyyəsinin topçuluqda tətbiqi kursunu məşhur professor Zabudskinin qeydləri üzrə müstəqil olaraq öyrənib. O, təhsilinin səviyyəsini artırmaq məqsədi ilə Baş Qərargah və Hərbi Mühəndislik akademiyalarında professor Kuropatkin və Kyuinin “Rus-Osmanlı müharibəsində general Skobelevin dəstələri”, “Rus topçuluğunda 6 düymə səhra toplarının tətbiqi”, “Qala qarnizonunun miqdarı” və digər mühazirələri dinləmişdir.

Ə.Şıxlinski Topçuluq Məktəbini 1886-cı ildə mükafatla bitirərək o zaman Qafqazda olan 39-cu topçu briqadasına “podporuçik” rütbəsi ilə xidmətə təyin edilib. Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan hərbçi 1908-ci ildə polkovnik rütbəsi aldı. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri 1910-cu ildə çap olundu. Bundan əlavə, onun “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edildi. Bütün bu xidmətlərinə görə, gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verildi. Beləcə, o, Azərbaycanın ilk hərbi generallarından oldu, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrildi.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Əliağa Şıxlinski doğma vətəninə qayıtdı.

Ilk dəfə olaraq 1918-ci il iyunun 26-da da Gəncə şəhərində yerləşən parlament tərəfindən Azərbaycan Silahlı Qüvvələri yaradılması haqqında qərar çıxarıldı. Bu qərarı çıxaranlar keçmiş rus ordusunun azərbaycanlılardan ibarət “Dikaya diviziya” adlanan 600 nəfərlik alayı idi. Həmin alayın komandiri general Əliağa Şıxlinski olub. Sovetlərin işğalından sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edildi və həmin funksiyanı Xalq Hərbi Komissarlığı həyata keçirməyə başladı. Bu zaman Azərbaycan ordusunun 21 generalının 15-ni bolşeviklər güllələmişdi.

Azərbaycanın ordu quruculuğu

1918-ci ilin dekabr ayında dövlətin hərbi işi Azərbaycanın iki görkəmli oğluna tapşırıldı. Artilleriya general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın hərbi naziri, daha bir artilleriya general-leytenantı Əliağa Şıxlinski isə hərbi nazirin müavini təyin edildi. Qısa zaman ərzində bu iki şəxsiyyətin gərgin səyləri ilə Azərbaycan ordusu yaradıldı. Ordunun xeyli cəbbəxanası formalaşdı.

Türk ordusu Azərbaycanı tərk etdikdən sonra ölkədə çox ağır vəziyyət yarandı, xarici təzyiqlər artdı, hərbi müdaxilə təhlükəsi çoxaldı. Ağır vəziyyət barədə Məhəmməd Əmin Rəsulzadə deyirdi: “Türk ordusu çəkildi, Azərbaycanın hərbi hissələri isə yox idi, müxtəlif yerlərə səpələnmiş 1500 Azərbaycan əsgəri var idi. Göründüyü kimi, vəziyyət çox ağır, vaxt isə yox idi. Çıxış yolu ordu quruculuğu sahəsində təcili tədbirlər görməkdə idi”.

Başlanan ordu quruculuğu və müdafiə tədbirləri Nuru paşa və Türk hərbi hissələri Azərbaycanı tərk etdikdən sonra böyük vüsət aldı, yeni hazırlıq işləri görüldü, planlar hazırlandı. Məşhur hərbçi, rus ordusu tərkibində döyüşlərdə böyük şücaət qazanmış general Əliağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədi ilə hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Plana görə, 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi. Vacib məsələlərdən biri hərbi nazirliyin yaradılmasından ibarət idi. Nazirlər Kabineti oktyabr ayının 23-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da rus general-leytenantı Əliağa Şixlinski onun müavini təyin edildi. General-leytenant Suleyman Sulkeviç baş qərargah rəisi təyin edildi.

1918-ci ilin dekabr ayının 13-də Gəncədən göndərdiyi məlumatda milli Azərbaycan korpusunun komandanı general Əliağa Şıxlinski bildirirdi ki, o, yeni Azərbaycan ordusunun layihəsini hazırlamışdır. Layihədə general ordunun quruluşunu, strukturunu, tərkibini müəyyən edən sxem hazırlamışdı. Peşəkar hərbçi hərbi nazir vəzifəsinə böyük təcrübəsi və təhsili olan zabitin təyin edilməsini, korpuslar əvəzinə ənənəvi diviziyaların yaradılmasını tövsiyə edirdi.

Ona sovet dövründə də toxunmadılar

1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edirdi. Düşmən öz hiyləgərliyindən istifadə edərək müqavimətsiz təslim olmaq üçün gənc Azərbaycan Xalq Cümhuriyyətinə altı şərt irəli sürdü. Bu şərtlərdən biri də Azərbaycan ordusunun ləğv olunmaması idi. Əliağa Şıxlinski qan tökülməsinin qarşısını almaq üçün, həm də 72 minlik qoşunla vuruşmağın mümkünsüz olduğunu nəzərə alaraq minalanmış körpülərin partladılmasına icazə vermədi. Işğaldan sonra isə imperiya yetkililəri verdikləri sözlərə əməl etmədilər. Azərbaycan ordusu hissə-hissə dağıdıldı. Sovet imperiyası iki dahi şəxsiyyətə – Səməd bəy Mehmandarova və Əliağa Şıxlinskiyə isə toxunmadı. Ən azı ona görə ki, hərbi ixtisasçı kimi onlar əvəzolunmaz idi.

Şıxlinski Moskvada Hərbi Inqilab Sovetinin səhra Qərargahında çalışdı. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərildi. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz Ordusu Hərbi Inqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başladı. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edildi.1928-ci ildə “Rusca-Azərbaycanca qısa hərbi lüğət” çap etdirən Şıxlinski məhz buna görə SSRI Hərbi Inqilab Şurasının Fəxri Fərmanı ilə təltif edildi. 1929-cu ildən istefaya çıxan general-leytenant Əliağa Şıxlinski bir çox orden və medallarla (I-IV dərəcə Anna, I-III dərəcə müqəddəs Stanislav, II-IV dərəcə Vladimir, IV dərəcə Georgi ordenləri), o cümlədən Fransanın yüksək hərbi ordenləri ilə təltif olunmuşdur.Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat etmişdir.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Sərkərdə ləyaqəti: general Əliağa Şıxlinski” adlı sənədli film çəkilib.

Filmdə “rus artilleriyasının şahı” hesab olunmuş Əliağa Şıxlinskinin keçdiyi ömür yolu və ordu quruculuğunda fəaliyyəti əks olunub.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir