Bilmirəm, siz necə düşünürsünüz, amma mənə elə gəlir ki, bu hakimiyyətin sözün əsl mənasında bəxti gətirir. Kənardan bəlkə də elə gəlir ki, əlverişli və maraqlı situasiyaları bunlar özləri yaradırlar. Amma belə deyil. Bu ölkənin böyük geosiyasi və geoiqtisadi resursları var. Sadəcə, onları bir az hərəkətə gətirmək, aktivləşdirmək lazımdır.
Bəzən xoşbəxtlik çətiri özü bunları tapır. Yadınıza gələr, bir vaxtlar V.Putin ABŞ-a Qəbələ RLS-indən birgə istifadə etməyi təklif etmişdi. O vaxt bunlar bir qədər pərt olmuşdular, çünki bir az oyundankənar vəziyyətdə qalmışdılar. Amma pərtliyi biruzə də vermədilər, çünki təklif bunların ürəyincə idi. Bundan yaxşı nə ola bilərdi? Təssəvvür edin, bir ölkənin içində iki böyük dövlət əməkdaşlıq edir! Fəqət, ABŞ buna razı olmadı. Indi mən digər əlverişli situasiyaları da xatırlaya və yada sala bilərəm. Belə vəziyyətlər çox olub, hamısını da hakimiyyətin marağı naminə “xərcləyiblər”.
Indi Rusiyanın çətiri altında Qarabağ problemini həll etmək istəyirlər. Gedirlər, gəlirlər, heç bir nəticə hasil olmur. Sözsüz, Rusiya istəsə, Ermənistanı yola gətirə bilər. Amma bunun üçün Rusiyanın özünə də təzyiq etmək lazımdır. Azərbaycanın belə imkanı yoxdurmu? Var. Özü də kifayət qədər. Mən belə imkanlardan üçünü sadalaya bilərəm.
Birincisi, Qəbələdir. Indi RLS-in istismar müddətinin uzadılması ilə bağlı danışıqlar gedir. Təbii, bu obyekt Rusiya üçün əvvəlki kimi müstəsna əhəmiyyət kəsb etmir, çünki alternativlər var. Amma onun siyasi əhəmiyyəti böyükdür. Ruslar çox ciddi şəkildə Azərbaycanda hərbi-siyasi baxımdan təmsil olunmaq istəyirlər və təbii ki, Azərbaycan da Rusiyanın maraqlarını nəzərə almaqla öz maraqlarını da diqtə edə bilər.
Digər imkan “Nabukko” layihəsidir. Bu layihəyə nisbətən elə “məsafə” tutmaq olar ki, Rusiyanın maraqları nəzərə alınsın. “Nabukko” Rusiyanın qaz arteriyası, tranzit imkanları üçün ciddi rəqibdir. Ona görə də bu “rıçaq”dan istifadə etməmək sadəlövhlük olardı.
Nəhayət, sonuncu bir imkan bugünlərdə yarandı. Belə ki, Azərbaycan “Bloklara Qoşulmayanlar” təşkilatına üzv olmaq üçün müraciət etdi. Mən bu problemə Qərblə ilişgili baxmaq istəmirəm. Sadəcə, onu qeyd etmək istəyirəm ki, Azərbaycan məhz bu addımı ilə Rusiyanın çoxillik narahatlığına təxminən son qoyub və onun maraqlarını ciddi şəkildə nəzərə alıb.
Rusiya arxayın ola bilər: artıq burada NATO yoxdur! Amma bu addımın müqabilində müəyyən geosiyasi dividend götürməmək böyük günah ola bilərdi…Bəli, mən geosiyasi və geoiqtisadi resursları qismən də olsa, qeyd etdim. Amma inanmıram ki, bu imkanlardan ölkənin maraqları, o cümlədən Qarabağ problemi üçün istifadə ediləcək. Hər şey cari siyasətin “aktiv”inə yazılacaq. Axı seçkilərdə birmənalı dəstək, hakimiyyətə yardım, saxta seçkilərə “demokratiyaya doğru daha bir addım” demək, necə deyərlər, elə belə, nisyə başa gəlmir…
Bəli, bunlar ölkənin bütün resurslarını özlərinin cari siyasi maraqlarına, hakimiyyətin maraqlarına tabe ediblər. Ona görə də mən bunlara “bəxti gətirənlər” deyəndə, bəlkə də tələsdim. Sadəcə, bəxtləri onda gətirib ki, belə bir ölkədə hakimiyyətdə olmaq qismət olub bunlara. M.Saakaşvili nə qədər çalışır, gürcüləri razı sala bilmir, çünki ölkənin resurs potensialı məhduddur.
Hətta Iranı da razı salmaq olar
Azərbaycan “Bloklara Qoşulmayan Dövlətlər”in təşkilatına müraciət etməklə Iranın da narahat yuxularına son qoydu. Iran öz qonşusuna Qərb düşərgəsi kimi baxırdı. Indi bu qorxu səngiyib. Bunun müqabilində Irandan da bir az geosiyasi dividend götürmək mümkündür. Amma Rusiya ilə bağlı narahat detallar burada da öz varlığını diqtə edir. Yenə də milli və hakimiyyət marağı tərəziyə gəlir. Bunlar üçün hansının daha çox önəm kəsb etdiyini sizlər də yaxşı bilirsiniz.
Qərbin reaksiyası
Bax, bu da ciddi məsələdir. Azərbaycan Qərbə qarşı ciddi de-marş etdi və onun planlarına qarşı çıxdı. Indi hər şey Qərbin də bu ölkə və bölgə ilə bağlı planlarının nə qədər ciddi olmasından asılıdır. Qərb istəyində qətidirsə, heç kim, hətta Rusiya da bunun qarşısını ala bilməyəcək.



