“Tezliklə Azərbaycanda situasiya dəyişəcək”

Eynulla Fətullayev ilk dəfə “Azadlıq”a dedi: “Qəzetləri bərpa edəcəm” (VİDEO)

«Miyatoviçlə görüşdə mənim məsələmi İlham Əliyev özü qaldırıb»

Eynulla Fətullayev özünün də dediyi kimi, “Təşəkkür tortu” ilə birlikdə dünən redaksiyamızın qonağı oldu. Ayaqüstü kollektivlə hal-əhval tutan, fürsət düşmüşkən xatirə şəkli çəkdirən həmkarımız azadlığa çıxmasında “Azadlıq”ın müstəsna rolunun olduğunu deyərək, az qala, qəzetin hər əməkdaşına ayrı-ayrılıqda təşəkkürünü çatdırdı. Daha sonra baş redaktorun otağında iki keçmiş məhbus həmkarın – Qənimət Zahidlə Eynulla Fətullayevin qızğın söhbəti başladı.
Keçmiş məhbəs yoldaşları həbsxana həyatını yada salıb, xeyli müzakirə apardılar. Biz də elə fürsət düşmüşkən Eynulla Fətullayevə bir neçə sual ünvanlayıb maraqlı cavablarıyla tanış olduq.

– Həbsxanada bir-birinizdən xəbər tuta bilirdiniz? Məsələn, içəridə Qənimət bəy haqqında nə eşidirdiniz?
– Xəbər tuta bilirdik, hətta mən bir dəfə Qənimət bəyə xəbər də göndərmişdim. 2008-də mən MTN-dən istintaq təcridxanasına qayıtdım. Qənimət bəylə bir kamerada yatan məhkum var idi – Vaqif. Qənimət bəydən danışdı, ancaq müsbət şeylər eşitdim. Eyni zamanda Qənimət bəyə dərhal “zapiska” da göndərdim ki, gəlmişəm. Bəzi məsələlər var idi ki, Qənimət bəylə qiyabi olaraq bir-birimizi başa düşürdük. Məsələn, hüquq müdafiəçiləri ilə bağlı. Bir ara müdafiə kampaniyası çox zəifləmişdi. Mən təşəbbüslə çıxış etdim ki, yeni komitə qurulsun. Qənimət bəy də dərhal dəstək verdi. Qənimət bəyin həbsini MTN-də eşitmişdim. Açığı, mənim üçün şok idi. Bu o demək idi ki, proses nəinki davam edir, hətta dərinləşir. Bu xəbərdən sonra başa düşdüm ki, bizi buraxmayacaqlar. Ona qədər ümidlər var idi ki, həm daxildən, həm xaricdən təzyiqlərə görə buraxa bilərlər.

– Sizi nə vaxt azad edəcəklərini düşünürdünüz?
– Situasiya bir az mürəkkəb idi. Ilk ittiham olanda – Xocalı məsələsində düşündüm ki, Avropa qurumlarının təzyiqi ilə yaxın müddətdə azad olunaram. Amma MTN-ə aparılıb yeni ittihamlarla tanış olandan sonra məndə bədbinlik yaranmışdı. Amma yenə də ümidimi itirmirdim. Irəli sürülən maddələr 15 ilə qədər həbs cəzası nəzərdə tuturdu. Amma yenə də ümidsiz deyildim. Ümidimi Qənimət Zahid həbsə düşəndən sonra itirdim. Psixoloji baxımdan çox pis vəziyyətə düşdüm ki, bu nə işdir? Bu, Azərbaycanda yeni bir prosesin başlanması demək idi. O zaman beynəlxalq təşkilatlardan aramsız reaksiyalar gəlirdi. Dövlət Departamenti intensiv şəkildə bəyanatlar verirdi. Bütün bunların fonunda Qənimət Zahidin həbsi məndə bədbinlik yaratdı. Bilirdim ki, bizi 2008-də azad etməyəcəklər. Çünki qarşıdan prezident seçkiləri gəlirdi. Amma həmin il mənim işimlə bağlı Avropa Məhkəməsi ilə kommunikasiyalar başladı. Düzdür, ondan sonra mənə qarşı hədələr, təzyiqlər səngidi. Fikirləşdim ki, hökumət müəyyən güzəştlərə gedə bilər. Çünki Avropa Məhkəməsi bir ilə bu işi bitirəcəkdi. Kommunikasiyalar bitdi və aqressiya səngimədi. 2009-un dekabrında narkotik ittihamından sonra yenə aydın oldu ki, məni 2010-da buraxmayacaqlar. 2011-də – yanvarın 14-də Metyu Brayzaya məktub yazdım və onu görüşə dəvət etdim. Onun senatda çıxışı olmuşdu ki, axırıncı jurnalist həbsdən çıxana qədər mübarizəni davam etdirəcəm. Ondan sonra ümidlərim bir az artdı. Aprelin 14-də Brayza mənə məktub yazdı ki, ABŞ hökuməti, prezident Obama, xanım Klinton – bunlar hamısı prezidentlə danışıblar. Brayzanın məktubunun sonunda ümid işığı var idi. Sonra Miyatoviç Ilham Əliyevlə görüşəndə prezident ona açıq demişdi ki, azad edəcəm. Artıq bilirdim ki, çıxacam, amma mexanizmini bilmirdim. 28 may heç ağlıma gəlmirdi. Çünki bunların 28 maya münasibəti məlumdur.

– Analitik imkanlarınız da yol verirdi ki, sizə qarşı münasibətin perspektivini əvvəlcədən təsəvvür edəsiniz.  Indi jurnalistikaya başlasanız, bu risk nə qədər qalmış olacaq?
– Məni faktiki olaraq küncə sıxmışdılar. Küncə sıxılan adamın isə bir yolu qalır, gözünü bağlayıb nəticəsini düşünmədən vuruşmaq. Başqa yol saxlamamışdılar. Ona görə nəticəni düşünmədən mübarizəyə başladım. Hər şey yaxşı qurtardı, amerikalılar demişkən, xoşbəxt sonluq. Əksi də ola bilərdi. Beynəlxalq ictimaiyyətin təkidli tələbləri öz rolunu oynadı. Hesab edirəm ki, Avropa Məhkəməsinin qərarı olmasaydı, avropalılar mənim azadlığım uğrunda mübarizə üçün hüquqi zəmin yaratmasaydılar, vəziyyət çox ağır olacaqdı.

– Xoşbəxt sonluq deyirsiniz, bu sondumu? Sabah yazsanız, sizi yenə tutmayacaqlar ki?
– Yox, həbsin sonunu nəzərdə tuturam. Məndə belə təəssürat yaranıb ki, Azərbaycanda jurnalistlərin həbsi erası bitib. Artıq yeni metodlar işə salına bilər. Məsələn, Ramin Dekoya qarşı təxribat, Seymur Həziyevə qarşı hücum və s. Istəsəydilər həbs edə bilərdilər də. Hüquqi müstəvidə cəzalandırma olmayacaq, amma başqa müstəvilərdə gözləyirəm. Ola bilər döysünlər, öldürsünlər, kiməsə xəsarət yetirsinlər.

– Siyasi jurnalistikanın hüquqi müstəvidə cəzalandırılması odur ki, bir mərkəz adamların siyahısını tutur, növbəli və ya paralel şəkildə onları cəzalandırır. Amma zorakılıq o deməkdir ki, hərə öz düşmənini cəzalandırır.
– Əslində bunlar sovet repressiv sisteminin təcrübəsinə müraciət etmişdilər. O zaman bir-iki nəfəri yazısına görə tutdular. Sinyavski idi, Daniel idi. DTK-da oturub fikirləşirdilər ki, nə etməli? Indiki rəhbərlik də SSRI rəhbərliyi kimi eyni situasiya ilə üz-üzə qalıb. Çox düşündülər və qərara gəldilər ki, siyasi fəallığı olanlar  haqda dosyelər hazırlansın. Polis vasitəsilə onları həbs edib təcrid etsinlər. Əvvəllər yazılara görə həbs edirdilər, sonra düşünüb-daşındılar, gördülər ki, ən yaxşısı sovet sisteminə qayıtmaqdır. Amma bu da özünü doğrultmadı. Birinci dəfə jurnalistlər arasında xuliqanlıq maddəsi ilə Qənimət bəyi, narkotik maddəsiylə Mirzə Sakiti həbs etdilər. Beynəlxalq təşkilatlar bir müddət tərəddüd etdilər. Sonra gördülər ki, xuliqanlıq maddəsi konveyerə çevrilib. Bütün fəallar bu maddə ilə həbs olunur. Paralel olaraq narkotik əməliyyatı davam etdi. Mənim də, Cabbarın da cibinə narkotik atdılar. Məncə, Cabbardan sonra daha heç kimin cibinə narkotik atmayacaqlar. Növbəti mərhələnin mexanizmi necə olacaq, bu, artıq çətin sualdır.

– Həbsxanada yüzlərlə məqalə yazmısınız. Nədən bəhs edir bu məqalələr?
– Ölkədəki ictimai-siyasi vəziyyətdən. Eyni zamanda proqram xarakterli məqalələr, başa çatdırmadığım jurnalist təhqiqatı da var.

– Bəs, təəssürat və gündəlik tipli yazılar?
– O da var. Düşünürəm ki, Inşaallah “Realnıy Azerbaydjan”ı bərpa edən kimi, xatirələrimi yazacam.

– Yəqin, o məqalələri gizli şəraitdə yazırdınız?
– Bəli, gizli şəraitdə. Bəzi ədliyyə işçiləri onları bayıra çıxarmağıma kömək edirdi.

– Bildiyimizə görə, Dunya Miyatoviçlə görüşdə sizdən birinci Ilham Əliyev söz açıb.
– Mən Miyatoviçdən xahiş etmişdim ki, o, Ilham Əliyevlə təkbətək söhbət etsin. Yəni, Cankorelsiz. Görüşdə söhbəti birinci Ilham Əliyev özü açıb. Soruşub ki, niyə məndən Eynulla Fətullayev haqqında soruşmursuz? Deyib, mən onu bu yaxınlarda azad edəcəm.

– Belə çıxır ki, həmin vaxt sizin azad edilmənizlə bağlı qərar artıq qəbul olunmuşdu?
– Avropa Şurası Nazirlər Komitəsinin iki qərarı var idi. Artıq üçüncü qərar gələcəkdi. Nazirlər Komitəsi bunu öz gündəliyinə də salmışdı. Yüz faiz qərar olacaqdı və işimi yenidən Avropa Məhkəməsinə göndərəcəkdilər. Ilin sonuna artıq növbəti qərarı alacaqdıq. Yəqin hökumət bunu dərk etdi.

– Belədirsə, demək, sizin Ilham Əliyevə şəxsi məktubunuzun prinsipial əhəmiyyəti olmayıb.
– Yox, heç şübhəsiz ki, əhəmiyyəti olub. Mən bu məktubu yazandan sonra müəyyən qurumlar, nazirliklər cəzaçəkmə müəssisəsinə zəng edib, üzərimdəki nəzarəti daha da gücləndirdilər. Artıq mən bu prosesə prezidentin özünü cəlb etmişdim. Başıma bir şey gəlsəydi, prezidentin adı ilə bağlana bilərdi. Ona görə də bu məktubun əhəmiyyəti oldu.

– Məktubdakı bir məqamı açıqlamaq istəməmənizin səbəbi nədir?
– Çünki mən orada cənab Semnebi ilə prezident arasında bir il ərzində gedən gərgin danışıqlara istinad etmişəm. Bunu da Semnebi mənə təklikdə deyib. Onu açıqlamaq qeyri-etik olar. Avropa diplomatlarını pis vəziyyətə qoymuş olaram.

– Həbs müddətini uzatmaqla sizi cəzalandırmaq istəyirdilər, yoxsa, jurnalist fəaliyyətinizdən çəkinib azadlıqda olmanızın qarşısını alırdılar?
– Söhbət, ancaq məndən getmirdi. Bu yolla jurnalistləri qorxudurdular. Bu, həm də cəmiyyətə mesaj idi. Bu, tək mənim taleyim deyildi. Mənə bağlı olan jurnalistlər, qəzetlər var. Bütün bunları durdurmaq istədilər və etdilər də.
Bir nəfər nə edəcək ki? Bu gün Azərbaycanda Əli Kərimlidən daha qəti, daha fədakar, daha səmimi mübarizə aparan var? Yoxdur. O, tək nə isə edə bilir? Ona görə bu, tək bir nəfərlə – mənimlə bağlı məsələ deyildi.

– O bir nəfər indi azadlıqdadır. Neyləyəcəksiniz?
– Qəzetləri bərpa edəcəm. Artıq Şahvələd bəylə qərar vermişik. Inşaallah bu ayın sonu, gələn ayın əvvəli çalışacağıq qəzet bərpa olunsun. Nazirlər Komitəsinin qərarını gözləyirəm. Qəzetin üzərində 260 minlik borc var, çox güman ki, ləğv edəcəklər. Avropa Məhkəməsi buna da münasibət bildirib ki, bu siyasi motivlidir və hökumət buna yenidən baxmalıdır. Baxmadıqca bu məsələ Nazirlər Komitəsinin diqqətində qalacaq. Ləğv etməsələr belə, biz qəzetləri çıxarmağa başlayacağıq. Demirlər borc var, tədricən ödəyəcəyik. Gərək işləyək ki, borcu ödəyək.

– Eynulla bəy, həbsdən çıxanda qəzetləri bərpa etmək, ümumiyyətlə, jurnalist fəaliyyətinizi davam etdirməklə bağlı tərəddüddə idiniz. Həyatınıza təminat istəyirdiniz, yenidən həbsə qayıtmaq istəmədiyinizi deyirdiniz. Qısa müddətdə bu təminatı hiss etdiniz ki?
– Yaxın vaxtlarda Azərbaycanda siyasi situasiya dəyişəcək. Qərbdən səslənən tənqidlər, beynəlxalq təşkilatlarla münasibətlər hökuməti müəyyən liberallaşmaya getməyə məcbur edir. Mən niyə əvvəlcə tərəddüdlü bəyanat vermişdim? Düzdür, mən situasiyanı aydın şəkildə dərk edirdim. Çünki hər gün qəzet oxuyurdum, xəbərlər alırdım. Amma bir var kənardan baxırsan, bir var özün hiss edirsən. Eyni zamanda mən Şahvələd bəylə də məsləhətləşməli idim. Biz həmişə bir yerdə işləmişik, qərarı bir yerdə vermişik. Təkbaşına qərar verə bilməzdim. Ona görə də məsləhətləşdik və qərara gəldik ki, qəzetləri bərpa edək. Əlbəttə ki, mən tərəddüd etməli idim. Bu, taleyüklü məsələdir.

– Amma təhlükəsizliklə bağlı təminatsızlıq yenə də qalır…
– Izləyəcəklər də. Dərhal tədbir görməyəcəklər ki. Eynulla çıxdı, qəzeti açdı, hansısa təhlükəyə rast gəldi. Heç olmasa, bir il ərzində ayaq üstə qala bilsək, ciddi uğura nail olacağıq. Sizdən də dəstək gözləyirik. Hər şey bizim birliyimizdən və həmrəyliyimizdən asılıdır.

Seymur,
Gültəkin