«İctimai Palata və yaxud Koordinasiya Şurası bunu müzakirə etməyəcək»
Keçmiş millət vəkili Pənah Hüseyn “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, Ictimai Palata (IP) çərçivəsində kölgə kabinetilə bağlı müzakirələrin başlanmasını faydalı hesab edir: “Ideya müzakirə edilməlidir, konseptual baxımdan bu məsələ barədə mövqelər müəyyənləşməlidir. Ən sonda isə şəxslərin kimliyi məsələləri həllini tapacaq. Mənim şəxsi mövqeyimə gəldikdə, hesab edirəm ki, prezidentliyə və baş nazir postuna namizədlər, hətta bu gün Ictimai Palatanın üzvü olmayan şəxslərdən də ola bilər. Bu, istisna deyil”.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir “Azadlıq”a açıqlamasında deyib ki, Pənah Hüseynin bu barədə söylədikləri gündəlikdə olmayan məsələdir: “Bu Pənah Hüseynin təşəbbüsüdür. Nə sessiyada, nə də gündəlikdə belə bir mövzunun müzakirəsi nəzərdə tutulub. Düşünürəm ki, sadəcə, fərdi təşəbbüsdür. Ancaq çıxış üçün o qədər də uğurlu vaxt seçilməyib”.
Bəs Pənah Hüseynin kölgə kabinetilə bağlı ideyası nə vaxtsa Ictimai Palatada müzakirə predmeti ola bilərmi? Bu suala isə Mehriban Vəzirin cavabı belə olub: “Ictimai Palatanın fəlsəfəsi tamam başqadır. Bu, bir vətəndaş hərəkatıdır. Bizim bir araya gəlməkdə məqsəd və missiyamız hakimiyyətə gəlmək deyil. Məqsəd ölkədə demokratik islahatların aparılması, dəyişikliklərin olması, demokratik seçkilərin keçirilməsidir. Bu quruma nüfuzlu, tanınmış adamlar kimisə hakimiyyətə gətirmək üçün yığışmayıblar. Pənah bəyin gündəmə gətirdiyi məsələ Ictimai Palatanın fəlsəfəsinə ziddir. Əminəm ki, Ictimai Palata və yaxud Koordinasiya Şurası bunu müzakirə etməyəcək”.
Ramin DEKO