Bərdə sakinini özünü öldürməyə vadar edən Vidadi İmanquliyev cəzalandırılmaq əvəzinə mükafatlandırıldı
Cəmaləddin
Paşayev
Bərdədə məmur özbaşınalığı üzündən baş vermiş bir dəhşətli hadisənin acı nəticələri barədə “Azadlıq”ın ötən saylarında məlumat vermişdik. Qısaca xatırladaq ki, söhbət rayon sakini Cəmaləddin Paşayevin özünə qəsd etməsindən gedir. Kifayət qədər acınacaqlı vəziyyətdə olmasına baxmayaraq, dövlətdən ünvanlı sosial yardım ala bilməyən mərhum Paşayev Bərdə rayon Sosial Müdafiə Mərkəzinin rəhbəri Vidadi Imanquliyevin iş otağında onunla mübahisə etdikdən sonra üzərinə benzin tökərək özünü yandırmışdı.
Bərdə rəhbərliyi bu hadisənin mətbuata sızmasının qarşısını almağa cəhd göstərsə də, istədiyinə nail ola bilmədi. Icra başçısının bu cəhdi isə bir tərəfdən özünü zərbə altında qoymamaq məqsədindən irəli gəlirdisə də, digər tərəfdən də o, Vidadi Imanquliyevi müdafiə etməyə çalışırdı. Bu barədə əvvəlki yazılarda da oxuculara çatdırdığımız kimi, icra başçısı ilə rayonun Sosial Müdafiə Mərkəzinin rəhbəri həm yerli, həm də dostdurlar. O zaman icra başçısı bir sıra media qurumlarında bu olayın işıqlandırılmasının qarşısını aldı. Amma “Azadlıq” vasitəsilə ictimaiyyət Bərdədəki bu dəhşətli olaydan xəbər tuta bildi.
Qeyd edək ki, Cəmaləddin Paşayev əvvəlcə Bərdədəki mərkəzi xəstəxanaya çatdırılmışdı. Lakin vəziyyəti həddindən artıq ağır olduğundan Bakıya gətirilmişdi. O, elə Bakıdakı 5 saylı xəstəxanada dünyasını dəyişdi.
Faktla bağlı prokurorluqda cinayət işi başlansa da, hələ ki, günahkarlar cəzalandırılmayıb.
Dünən “Azadlıq”a məlumat daxil olub ki, üç azyaşlının atasız qalmasının səbəbkarlarından biri cəzalandırılmaq əvəzinə, mükafatlandırılıb. Icra başçısı öz dostu və adaşı Vidadi Imanquliyevi özünə müavin təyin edib.
İnformasiya şöbəsi


