Deputat baş «QAİşnik»i «vurdu»

Xanhüseyn Kazımlı: «Vəzifəsi sağlığına qismət, kefi də pis deyil»

Milli Məclisin dünənki iclasında “Yol hərəkəti haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə görə, yol hərəkəti qaydalarını pozan sürücülər haqqında bütün məlumatlar internet saytda yerləşdiriləcək.
Sürücülər bununla da onlara yazılmış cərimə balları və məblği ilə tanış ola bilərlər. Bundan başqa, yol polisi tərəfindən kəsilmiş cəriməni nəzərdə tutulmuş bir aydan tez, 3 gün ərzində ödəyən sürücülərə 10 faiz güzəşt ediləcək. Yəni, cərimənin 10 faizi onlardan alınmayacaq.
Müzakirələr zamanı bir sıra deputatlar, o cümlədən Iqbal Ağazadə və Elmira Axundova yol polislərinin bir sıra qanunsuzluqlarını dilə gətiriblər. Deputat Xanhüseyn Kazımlı isə “daşı” birbaşa Baş Dövlət Yol Polisi Idarəsinin rəisi Ramiz Zeynalovun “bostanına” atıb. “O cavan oğlandır. Vəzifəyə təzə təyin edilib. Sağlığına qismət. Kefi də pis deyil. Amma yollarda ya səriştəsizlikdən, ya da məsuliyyətsizlikdən xeyli problemlər var. Bu problemləri isə həll etmək lazımdır”,- deyə deputat bildirib.