Azərbaycanın axtardığı terrorçu Gürcüstanda rahat gəzir

Mardun Qumaşyan: «Azərbaycan tərəfi yaxşı bilir ki, Gürcüstan məsələni araşdırsa, günahsız olduğum üzə çıxacaq»

Əlövsət Əliyev: «Görünür, Qumaşyanın cinayətdə iştirakı barədə yetərli sübutlar yoxdur»

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilmiş  terrorun təşkilatçısı və sifarişçisi kimi Gürcüstan vətəndaşı Mardun Qumaşyanın adı çəkilir. Iş üzrə çıxarılan məhkəmə hökmündə də Qumaşyan məhz sözügedən ittihamlar üzrə təqsirli bilinib. Hökm üzrə digər təqsirləndirilənlər Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanov ömürlük, Arif Qabulov isə 11 il azadlıqdan məhrumetmə cəzası alıb,  Qumaşyanın isə tutulub ədalət məhkəməsinə təhvil verilməsinə qərar verilib.
Qumaşyandan başqa digər şəxslərin hamısı bu gün məhbəsdə cəza çəkir. Işin təşkilatçısı kimi təqdim olunan və barəsində həbs qərarı verilən Qumaşyan isə öz vətənində həyatını davam etdirir və bugünə qədər ondan bir dəfə olsun bu cinayət işi üzrə ifadə alınmayıb.
“Yeni Müsavat” qəzetinin son sayında Qumaşyanın evindən reportaj dərc olunub. Qəzetin əməkdaşının Marneuli rayonunun Şülöyür qəsəbəsində yaşayan Qumaşyanla söhbətilə tanış olanda təəccüblənməyə bilmirsən. Elə Qumaşyan özü də Azərbaycan hüquq-mühafizə və məhkəmə orqanlarının onun barəsindəki ittihamlarına və çıxarılan qərarına təəccüb və heyrətlə yanaşır: “Tutaq ki, mən cinayət işləmişəm və bunu boynuma almıram. Bəs bu kəndin türk sakinlərinin, məhkum olunmuşların ailə üzvlərinin, qohumlarının mənə münasibətinə nə deyirsiniz? Belə çıxır ki, mən bu kənddən olan 5 gəncin həyatını məhv etmişəm, amma onun yaxınları buna görə məndən incimir?”.
Qumaşyan deyir ki, bunun səbəbi heç kimin Azərbaycan istintaqının və məhkəməsinin dediklərinə inanmamasıdır: “Adamlar hüquqşünas olmasalar da, elementar məntiqlə düşünməyi bacarırlar. Onlar görürlər ki, mən səhərdən-axşamadək həyətyanı sahəmdə işləyib alın tərimlə ailəmi dolandırıram. Məndə terrorçulara verməyə pul haradandır? Hələ indiyədək kəndimizdən bir nəfər də olsun həmin hadisəyə görə mənə güldən ağır bir söz deməyib, çəpəki baxmayıb. Cavidan Əmirovgilin evləri bizdən 60-70 metr aralıdadır. Valideynlərini tez-tez görürəm. Bir neçə gün bundan qabaq onların evində ağlaşma var idi. Ömürlük həbs verilmiş məhkumlarla sonuncu görüş veriblərmiş, Bakıdan qayıdandan sonra qohumları onların başına yığılıb ağlaşırdılar. Inanın ki, arvadım Qarina da ağladı. Cavidan çox səmimi və təmiz oğlan idi”.
Gürcüstan hüquq-mühafizə orqanlarının onunla maraqlanıb-maraqlanmadığına gəlincə, M.Qumaşyan bildirib ki, hadisə təzə baş verəndən bir neçə gün sonra bütün qonşuları kimi onu da polis idarəsinə çağırıb Azərbaycandan gəlmiş müstəntiqin iştirakı ilə dindiriblər: “Ondan sonra mənimlə heç kəs maraqlanmayıb. Bir dəfə Ermənistana gedəndə məni sərhəddən buraxmadılar. Dedilər ki, sən Interpol xətti ilə axtarışdasan. Maraqlı burasıdır ki, Gürcüstan sərhədçiləri mənə heç nə demədilər, ermənilər buraxmırdılar. Gürcüstan DIN-inə və Baş Prokurorluğa gedib məsələni aydınlaşdırmaq istəyəndə bildirdilər ki, heç nədən narahat olmayın, gedin işinizlə məşğul olun. Yaxşı ki, Gürcüstanda qayda-qanun güclüdür. Elə ona görə də Azərbaycan tərəfi məhkəmənin qərarına əsaslanıb məni tələb edə bilmir. Çünki Gürcüstan gözüyumulu öz vətəndaşını tutub başqa dövlətə verməz, o, özü bu məsələni araşdıracaq. Azərbaycan tərəfi də yaxşı bilir ki, Gürcüstan tərəfi məsələni araşdırsa, mənim günahsızlığımı təsdiq edəcək, ona görə də rəsmi müraciət etmirlər. Eşitdiyimə görə, sizdə öldürülmüş bir jurnalistin işində də belə bir vəziyyət yaranıb”.
Hüquqşünas Əlövsət Əliyev deyir ki, Gürcüstan qanunvericiliyinə görə, ölkə vətəndaşı törətdiyi cinayətə görə də başqa dövlətə təhvil verilə bilməz: “Bu halda Azərbaycan tərəfi Gürcüstana əməliyyat tapşırığı göndərməlidir. Bunun əsasında da araşdırma aparılmalı, Qumaşyandan ifadə alınmalıdır. Azərbaycan tərəfi Qumaşyanı gətirdə bilmirsə, işi Gürcüstana göndərməli, istintaq orada aparılmalı idi”.
Ə.Əliyevin fikrincə, bu, baş vermirsə, deməli, Qumaşyanın  cinayətdə iştirakı barədə yetərli sübutlar yoxdur: “Işin ora göndərilməməsi yalnız bununla bağlı ola bilər.

Gültəkin