«Fikri ifadə etmək, media və toplaşmaq azadlıqları sahəsində heç bir irəliləyiş qeydə alınmayıb»
Avropa Komissiyası, eləcə də Avropa Ittifaqının (AI) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi mayın 26-da “Qonşuluq paketi” adlanan illik sənədləri dərc ediblər. Buraya Avropa Qonşuluq Siyasətinin (ENP) qiymətləndirilməsilə bağlı məlumat, 2010-cu ildə inkişafa dair Azərbaycan da daxil olmaqla 12 ölkə üzrə hesabat, sektor hesabatı və “Şərq Tərəfdaşlığı”na aid hesabat daxildir.
Azərbaycan üzrə hesabatda deyilir ki, 2010-cu ildə ölkədə demokratiya və insan hüquqlarının, əsas azadlıqların müdafiəsi sahəsində əhəmiyyətli irəliləyiş baş verməyib: “2011-ci ilin ilk aylarında verilmiş məlumatlar həbs edilən fəalların sayının əvvəlki dövrlərlə müqayisədə artdığını göstərir. Siyasi dialoq və islahatlar (o cümlədən seçki prosesində islahat və məhkəmə hakimiyyətinin müstəqilliyi ilə bağlı islahat) sahəsində əlavə səylərin göstərilməsinə ehtiyac var. 2011-ci ilin əvvəlində prezident tərəfindən anti-korrupsiya kampaniyasının başladılması barədə məlumat verilməsinə baxmayaraq, korrupsiya əleyhinə mübarizə sahəsində tərəqqinin qeyri-müntəzəm xarakter daşıdığı bildirilmişdir”.
Sənəddə qeyd olunur ki, 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar ən yüksək səviyyədə davam etmiş, bir sıra məsələlərlə yanaşı, əsirlərin qarşılıqlı dəyişdirilməsilə bağlı razılaşma əldə edilməsinə töhfə vermişdir.
Hesabata görə, Azərbaycan 2010-cu ildə Avropa Qonşuluq Siyasətinin (ENP) Fəaliyyət Planının icrası üzrə müəyyən irəliləyiş (xüsusən, makroiqtisadi sabitlik və yoxsulluğa qarşı mübarizə ilə əlaqədar sahələrdə) əldə edib. Energetika sektorunda müsbət irəliləyiş baş verib, belə ki, 2011-ci ilin yanvarında Cənub Qaz Dəhlizinə dair AI-Azərbaycan Birgə Bəyannaməsi imzalanıb.
Amma struktur islahatları sahəsində çox az nailiyyətlər əldə edilib, iqtisadiyyatın şaxələndirilməsi və inhisarçılıqdan azad edilməsi isə əsas makroiqtisadi problemləri təşkil edir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (WTO) daxil olması ilə bağlı heç bir irəliləyiş əldə edilməyib.
Hesabatda daha sonra sadalanır:
– 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkiləri demokratik inkişaf prosesində əhəmiyyətli irəliləyiş yaradan seçkilər kimi qiymətləndirilməmişdir. Beynəlxalq müşahidəçilər seçkilərə hazırlıq prosesində və seçkilər zamanı bir sıra çatışmazlıqlar aşkar etmişlər. Bununla belə, parlamentə seçilmiş qadın namizədlərin sayının artması müsbət cəhətdir;
– Dövlət qulluğu sahəsində islahatlarla bağlı heç bir nəzərəçarpan irəliləyiş qeydə alınmamışdır. Bununla belə, 2010-cu ilin iyun ayında “Normativ hüquqi aktlar haqqında” qanun qəbul edilmişdir ki, bu da potensial olaraq Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsinə kömək edir;
– Insan hüquqları üzrə müvəkkil (Ombudsman) ikinci dəfə yeddi illik dövr üçün bu vəzifəyə təyin olunmuşdur. Bununla belə, fikri ifadə etmək azadlığı, media azadlığı, toplaşmaq və birləşmək azadlıqları sahəsində heç bir irəliləyiş qeydə alınmamışdır;
– Penitensiar sistemin infrastrukturunun və qanunların ümumi icrasının təkmilləşdirilməsi sahəsində müəyyən irəliləyiş baş vermişdir. 2010-cu ilin noyabrında müvafiq şikayət verildikdən sonra 2,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş iki gənc fəal azad edilmişdir;
– Azərbaycan AI-nin Ümumi Xarici Siyasət və Təhlükəsizlik Siyasətinin (CSFP) 44 bəyannaməsinə qoşulmağa dəvət edilmişdir ki, ölkə onlardan 18-nə 2010-cu ildə qoşulmuşdur. AI tərəfindən Siyasi və Təhlükəsizlik Komitəsinin siyasi dialoq formatında iki görüş 2010-cu ilin yayında keçirilmişdir;
– 2010-cu ildə iqtisadi artım tempi aşağı düşmüş, bununla belə, yenə də ÜDM-in 4,3 faizinə bərabər olmuşdur. Inflyasiya 5,5 faizə çatmışdır ki, bu da Mərkəzi Bankın yenidən maliyyələşdirmə dərəcəsini 3 faizə qaldırmasına səbəb olmuşdur;
– AI-nin Azərbaycanla ticarəti 2010-cu ildə canlanmışdır: AI-nin ixracatı 45,6 faizə, idxalatı isə 33 faizə qədər artmışdır (nəzərə almaq lazımdır ki, idxalın 99 faizini mineral yanacaq təşkil edir);
– Azərbaycan 2010-cu ilin yanvarından etibarən Avropa Standartlaşdırma Komitəsinin (CEN) müşahidəçi üzvüdür;
– 2010-cu ilin sentyabrında Azərbaycan vergi müraciətlərinə dair Əsasnamə qəbul etmişdir.
İnformasiya şöbəsi