Yəməndə gərginlik yenidən artdı
Yəmən hökuməti ilə müxalifət arasında dialoqun başa çatmasıyla ölkədəki gərginlik yenidən artıb. Ölkənin bir neçə şəhərində prezident Əli Abdulla Salehə bağlı silahlı birləşmələrlə əleyhdarları arasındakı qarşıdurmalar davam edir.
“Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, Taiz şəhərində Salehin istefası tələbilə aksiya keçirən nümayişçilərə hökumət qüvvələri atəş açıb. Nəticədə 5 etirazçı həlak olub.
“Əl-Ərəbiyyə” televiziyasının xəbərinə görə, paytaxt Sənada “Haşidi” qəbiləsinin lideri Şeyx Sadiqin tərəfdarları ilə hökumət qüvvələri arasında silahlı qarşıdurmalar daha da şiddətlənib.
Avropa Birliyinin ali komissarı Ketrin Eşton Əli Abdulla Salehdən onun istefasını nəzərdə tutan Körfəz Əməkdaşlıq Şurasının təklif etdiyi “Yol xəritəsi”ni imzalamağı tələb edib. Avropalı rəsmi Əli Abdulla Salehi daha çox bəhanə gətirmədən “Yol xəritəsi”ni imzalayaraq, sənəddə göstərilənləri dərhal həyata keçirməyə çağırıb.
İnformasiya şöbəsi


