28 may və Heydər Əliyev

Yenə Azərbaycan televiziyaları ekranın yuxarı küncünə üçrəngli bayraq və Heydər Əliyevin rəsmini yerləşdirib. Bu gün 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdü. Həmin gün əməyi keçən insanlar çox olub. Onlardan biri isə Məmmədəmin Rəsulzadədir. Bundan beş il sonra isə Heydər Əliyev dünyaya gəlib.

Bunlar çox sadə tarixi faktlardı. Hətta uşaqlar belə, bunu bilirlər. Ən azı bütün kitablarda biri haqda son dərəcə qısa, ötəri, qorxaqca, o biri haqda isə həddən ziyadə məlumat verilsə də, hər ikisinin dünyaya gəliş vaxtı çox aydın göstərilib. Yəni, üç üstə gəl üçü bilən uşaq çətinlik çəkmədən bunu anlamaq iqtidarındadı.

Məhəmməd Əminlə xüsusi və birbaşa bağlılığı olan, Heydər Əliyevə isə ən azı beş il aidiyyəti olmayan həmin 1918-ci ildə baş vermiş hadisənin ildönümlərində Tv-lərdə Əliyevin şəklinin görünməsi biz böyüklər üçün qətiyyən təəccüb və heyrət, çaşqınlıq doğurmur. Hamımız bilirik ki, bu, indiki gerçəkliyə son dərəcə uyğun gələn bir şeydi, hətta Səfəvi dövlətinin yaranması ilə bağlı hansısa gün də olsaydı, o zaman yenə ekranda eyni şəxsin şəklini görəcəkdik. Lakin biz belə düşünürük…

Dünyadan xəbərsiz uşaqlarımız isə bunu anlaya bilmir! Evdə uşağın sualları başımı çatladır. Əslində çox sadə sualdı və sadədən sadə də bir dialoq alınır: – Ata bəs kitabımızda yazılıb ki, Azərbaycan dövləti filanıncı ildə yaradılıb, elə deyil?

– Elədi…

– Bəs ümummilli lider filanıncı ildə doğulub axı…

– Elədi…

– Bəs niyə… ???

Əminəm ki, uşağı heç cür başa sala bilmərəm. Nə desəm də, ağlına batmayacaq, elə dediyini deyəcək ki, axı üç üçün doqquz eləməlidi… Yox, oğlum, elə deyil, Azərbaycanda üç üçün doqquz eləmir…    

Ruhi xəstə

Ingiltərənin “The Guardian” qəzetinin Britaniya xüsusi xidmət orqanlarına istinadən yaydığı məlumata görə, Liviya diktatoru Mümmər Qəzzafi NATO-nun hava hücumlarından ehtiyat etdiyi üçün xəstəxanalarda gecələyir. 

Liviya diktatorunun adı dünya və Azərbaycan mətbuatında iki cür yazılır: Qəzzafi və Qəddafi. Bizim dilimizdə səslənməsinə və yaratdığı assosiasiyaya görə elə də ciddi məna fərqi yaranmır. Birində Qəza və qəzəb, o birində isə qəddar sözləri yada düşür. Yəni, bu adam həm qəzəbli, həm qəddardı. Lakin bunların heç biri onun əzəli insan mahiyyətini gizlədə bilmir. O da bütün başqa insanlar kimi, bütün qəzəbi və qəddarlığına rəğmən, qorxaqdı. Labüd ölüm qorxusu içini, ruhunu sarıb və bu üzdən də bombalanacağı az ehtimal edilən xəstəxanalara sığınmağa məcbur olub. Bu faktı biləndən sonra qoy indi hansı diktator özünü nə qədər qəzəblənmiş Allah kimi göstərmək istəyir, göstərsin.

Hə, Britaniya xüsusi xidmət orqanlarına istinadən yayılan daha bir məlumat isə belədi ki, Qəzzafi ruhi xəstəliyə tutulub. Sözün açığı “Qardian” kimi mötəbər bir qəzetin, eləcə də xəbəri verən kəşfiyyatın cahilliyi məni mat qoyub. Məgər onlar bilmirlərmi ki, diktatorluq özü ruhi xəstəlikdi? Yəni ruhi xəstəliyə tutulmayan bir adam diktatorluq eşqinə düşərmi? Ruh xəstəsi olmayan bir adam onunla eyni hüquqa malik insanlardan özünə itaət, əbədi hakimiyyət tələb eləyə bilərmi? Ruh xəstəsi olmayan bir adam eyni dərəcədə hamının olan bir ölkəni, bir dövləti təkbaşına idarə eləmək və həm də buna görə onları öz borclusu bilib, özünü Allah sanmaq kimi naxoş fikirlərə düşərmi? Elmin özü də Allahlıq iddiasını bütün tibbi əlamətlərinə görə ruhi xəstəlik sayır. Görəsən, bu qədər elmi tərəqqiyə nail olmuş Qərb niyə belə gec ayılıb? 

Günaydın, Avropa, günaydın…