Zabitlər Salehə qarşı üsyana qoşuldu; “Əl Qaidə” bir şəhəri ələ keçirdi
Yəmən xaos və parçalanma təhlükəsiylə üzləşib. Aylardır ölkəni bürümüş etiraz dalğası və istefası tələb olunmasına baxmayaraq 32 ildir Yəməni dəmir yumruqla idarə edən prezident Əli Abdulla Salehin hakimiyyəti buraxmaması vəziyyəti daha da gərginləşdirib. Salehə yaxın tayfanın müxalifət tərəfinə keçməsi və hökumət qüvvələri ilə qəbilə üzvləri arasında gedən qızğın döyüşlər ölkənin vətəndaş müharibəsi ərəfəsində olduğunu göstərir.
Hökumət qüvvələri ilə əleyhdarları arasında qarşıdurmalar davam etdiyi vaxt mayın 27-də beynəlxalq terror şəbəkəsi “Əl Qaidə” paytaxt Sənadan 270 km. cənubda yerləşən Zincibar şəhərinə nəzarəti ələ keçirib. Şəhər sakinləri də Anbar əyalətinin ən əhəmiyyətli şəhərinin təxminən 300 radikal islamçı və “Əl-Qaidə” üzvləri tərəfindən tamamilə nəzarətə götürdüyünü təsdiqləyib.
Zincibar səhiyyə xidmətindən yayılan açıqlamaya görə, az sayda əsgərlə birlikdə şəhəri müdafiə etməyə çalışan sakinlərdən 3 nəfəri həlak olub, 3 yaraqlı öldürülüb. Ordu rəsmiləri islamçıların Zincibardakı idarəçiliyi ələ keçirdiklərini bildirib. Onlar orduya aid tankları ələ keçirərməklə yanaşı əsgərləri də öz tərəflərinə çəkməyə nail olublar. Həmin əsgərlər digər hərbçi yoldaşlarına müraciət edərək onları Salehə qarşı üsyana qoşulmağa çağırıblar.
Yəmən ordusunda baş verən parçalanmalar da Əli Abdullah Salehin 30 illik iqtidarına ən ciddi təhdid yaradıb. Ordudan istefa verən mayor Abdulla Əli Eleva digər hərbi birlikləri Salehə qarşı mübarizəyə çağırıb.
“Tiranlara, korrupsiya və ədalətsizliyə qarşı birlik” mesajı verən Eleva “Bir Nömrəli Açıqlama” adlandırılan sənədi imzalayan doqquz zabitdən biridir. Saleh sənədi imzalamış zabitləri xain və müharibə taciri adlandırıb.
Bundan başqa mayın 29-da cənubdakı Taiz şəhərində təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ən azı 20 nəfər ölüb, 120 nəfər yaralanıb. Qarşıdurma hökumət əleyhdarlarının düşərgə saldığı Azadlıq Meydanı ətrafında daha da şiddətlənib. Polislər etirazçılara aid iki çadırı yandırıb. Etirazçılar isə polislərə daş və küstar üsulla hazırlanmış parlayıcı maddələrlə cavab veriblər.
İnformasiya şöbəsi


