“Hamı avtoritarizmə qarşı mübarizə aparır”

Eldar Namazov: «Cəmiyyət demokratiyaya keçidlə bağlı mövqeyini ortaya qoyub»

“Demokratiyaya doğru 7 addım” avtoritarizmdən demokratiyaya keçidin zəruriliyini göstərir

 

Bir neçə gün əvvəl Azərbaycan Avrointeqrasiya Ictimai Komitəsi, Ziyalılar Forumu, “Alumni Network” Şəbəkəsinin keçirdiyi “Demokratiyaya doğru 7 addım” Ictimai Xartiyası böyük marağa səbəb olub. Ictimai Xartiya Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidin zəruriliyi ilə bağlı geniş ictimai konsensus əldə olunmasını ehtiva edir. Sənəd aşağıdakı 7 bənddən ibarətdir:

1. Sabiq prezidentlərin statusu haqda qanunun qəbulu və bu qanunun sabiq prezidentlərə – Ayaz Mütəllibova, Əbülfəz Elçibəyə, Heydər Əliyevə və onların ailə üzvlərinə şamil edilməsi;
2. Siyasi amnistiyanın verilməsini: siyasi motivlərlə qaldırılmış bütün cinayət təqiblərinin ləğv edilməsi, Azərbaycandan kənara getməyə məcbur olmuş bütün siyasi xadimlərin vətənə qayıtmasının təmin edilməsi;
3. Iqtisadi-maliyyə amnistiyası: kölgə iqtisadiyyatının ləğv edilməsi və leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına siyasi və hüquqi təminatlar verilməsi;
4. Azərbaycan cəmiyyətinə hesabat verən, dərin siyasi və iqtisadi islahatlar keçirəcək islahatçı Milli Etimad Hökumətinin formalaşdırılması;
5. Dövlət Idarəetməsinin Konstitusiya islahatı barədə ümumxalq referendumunun keçirilməsi;
6. Qarışıq majoritar-proporsional sistem üzrə azad, ədalətli parlament seçkiləri keçirmək və çoxpartiyalı sistemin formalaşdırılması, avtoritarizmdən demokratiyaya keçid prosesinin dönməzliyinin təmin edilməsi;
7. Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin və imzalanmış müqavilələrin yerinə yetirilməsi.

Mövzu ilə bağlı suallarımızı xartiyanın müəlliflərindən biri olan Azərbaycan Naminə Ictimai Forumun prezidenti Eldar Namazova ünvanladıq. E.Namazov öncə “Demokratiyaya doğru 7 addım” xartiyasının mahiyyəti barədə sualımızı cavablandırdı:

– “Demokratiyaya doğru 7 addım” xartiyasının mahiyyətini dərk etmək üçün gərək biz on il əvvəl Qarabağla bağlı hazırladığımız xartiyanı yada salaq. Həmin sənədi altı yüzdən artıq təşkilat imzalamışdı. Yəni, cəmiyyətin bütün təbəqələrini təmsil edən aparıcı nümayəndələri bu xartiyaya imza atmışdılar. Bu, Azərbaycan cəmiyyətinin mövqeyini əks etdirdi ki, toplumumuz münaqişənin həllini hansı formada görür. Hazırda da düşündük ki, daha bir ümummilli məsələ ətrafında cəmiyyətin konsensus sənədini ortaya qoymaq lazımdır. Bu məsələ də demokratiyaya keçidlə bağlıdır. Cəmiyyətin bütün təbəqələri ölkəmizdə demokratik sistemin qurulmasında maraqlıdır. Mayın 27-də ictimai xartiyanın təqdimatına start verildi. Bu, birinci tədbir idi. Artıq həmin günün sonuna yüzdən artıq təşkilat həmin xartiyanı imzalamışdı. Biz bu işi davam etdirmək fikrindəyik. Yaxın aylarda həm Bakıda, həm regionlarda xartiya ilə bağlı müzakirələri təşkil edəcəyik. Çalışacağıq ki, cəmiyyəti təmsil edən bütün qurumlar bu sənədə imza atsınlar. Bu proses aylarla davam edəcək. Sonda biz yekun sənədi həm beynəlxalq təşkilatlara, həm də Azərbaycan hakimiyyətinə təqdim edəcəyik. Bütün dünya bilməlidir ki, Azərbaycan cəmiyyətinin böyük demokratik potensialı var və cəmiyyət demokratiyaya keçidlə bağlı mövqeyini ortaya qoyub. Ona görə demokratiyanın qarşısını almaq cəhdləri cəmiyyətin maraqlarına ziddir.

Demokratik prosesləri daha da gücləndirmək istəyirik

– Hazırladığınız sənədi hazırda dünyada diktatura rejimlərinə qarşı gedən mübarizənin alternativi saymaq olarmı?
– Bu xartiyanı Azərbaycanda gedən proseslərə alternativ bir sənəd kimi qəbul etmək lazımdır. Bu sənədin bir alternativi var, o da avtoritarlıq və insan haqlarının pozulmasıdır. Biz xartiya ilə avtoritarizm sistemindən demokratiyaya keçidi daha rahat etməyin yolunu göstərmişik. Biz Azərbaycanda demokratik prosesləri daha da gücləndirmək istəyirik.

Ictimai Palatanın Azərbaycanda baş verənlərlə bağlı elan etdiyi “Yol xəritəsi”nin maddələri ilə sizin xartiyanızın bəndləri arasında oxşarlıq var. Bu baxımdan gələcəkdə hər hansı əməkdaşlığınız ola bilərmi?
– Azərbaycanda demokratiya uğrunda mübarizə aparan bütün təşkilatlar əslinə qalsa siam əkizləri kimidir. Müəyyən uğurlar da ümumi olur və hamı onu müsbət hadisə kimi qəbul edir. Eyni zamanda təqiblər də ümumi narahatçılığa səbəb olur. Onu qeyd edim ki, Ictimai Palatanın Koordinasiya Şurasının bir çox üzvləri həm tədbirin təşkilatçılığında iştirak etmişdilər, həm də sənədə imza atmışdılar. Ona görə də demək olar ki, Azərbaycan cəmiyyətində demokratiyaya doğru vahid proses gedir. Bu istiqamətdə nə qədər çox təşəbbüslər, canlanma olacaqsa, bu, bir o qədər yaxşı və ümumi işin xeyrinədir. Əminəm ki, demokratik qüvvələrin apardıqları prosesdə bir-birinə qarşı alternativlik yoxdur. Hamı bir alternativə – avtoritarizmə qarşı mübarizə aparır.

– Belə olan halda, Ictimai Palata ilə hər hansı formada səylərinizi uzlaşdıra bilərsinizmi?
– Demokratikləşmə uğrunda mübarizə bütün cəmiyyəti əhatə edir. Ona görə oxşar yanaşmaların ortaya qoyulması təbiidir. Çünki demokratiyaya keçidi ümummilli məsələ kimi qəbul edən müxtəlif təşkilatlar və birliklər var. Bəziləri buna siyasi qurumlar kimi yanaşır. Burada siyasi baxış daha güclü olur. Bəzi birliklərdə isə daha çox vətəndaş cəmiyyətinin baxışı ortaya qoyulur. Buna da təbii yanaşmaq lazımdır. Partiyalar üçün hakimiyyət məsələsi həmişə prioritet olub. Bu da təbiidir. Hətta sabah Azərbaycanda demokratik sistem qurulsa, bu o demək deyil ki, demokratiya uğrunda mübarizə aparan partiyalar fəaliyyətlərini dayandıracaqlar. Əksinə, Azərbaycanda yenə də hakimiyyət və müxalifət olacaq. Eyni zamanda vətəndaş cəmiyyətinin də bir yanaşması mövcuddur ki, ona görə, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, vətəndaş cəmiyyəti demokratiyaya keçidi bir proses kimi dəstəkləyir. Fərqi yoxdur, sən Azərbaycanın demokratikləşməsinə hansı gözlə baxırsan, siyasi partiyanın təmsilçisi və ya vətəndaş cəmiyyətinin nümayəndəsi kimi. Əsas odur ki, istək eynidir.

Siyasi mübarizə arsenalındakı bütün imkanlardan yararlanmalıyıq

– Bəs irəli sürdüyünüz təkliflərin reallaşdırılması istiqamətində hansı addımları atmağı düşünürsünüz? Təəssüf ki, bir qayda olaraq təcrübədə görünüb ki, Azərbaycan hakimiyyəti demokratiya ilə bağlı təklifləri qulaqardına vurur.
– Siyasi mübarizə arsenalında hansı imkanlar varsa, hamısından istifadə etmək lazımdır. Kimlərsə mitinq və piketlərə üstünlük verirlər, kimlərsə böyük konsensus sənədləri hazırlayıb, bütün cəmiyyətin mövqeyini ortaya qoymaq uğrunda çalışırlar. Beynəlxlq ictimaiyyətin də mövqeyi baş verənlərin fonunda daha da güclənir. Buna misal olaraq Avropa Birliyinin Şərq tərəfdaşlığı və demokratiya məsələləri ilə bağlı qərarı, Obamanın Yaxın Şərqdə baş verən hadisələrdən sonra yeni strategiya ilə bağlı bəyanatı, bunlar hamısı bir-birini tamamlayan vasitələrdir. Ona görə indidən demək çətindir ki, hansı üsul daha effektlidir və o birilərindən istifadə etməyək. Hamımız çalışmalıyıq. Əminəm ki, ümumi səylərlə uğura nail olacağıq.

Xəyal