İlham Əliyev çətin seçim qarşısında

Qərbin «monopolistləri təmizləmək» tələbinə kim qurban veriləcək?

Qərbin Ilham Əliyevə təzyiqləri davam edir. Bir müddətdir ABŞ və Avropa Birliyi diplomatlarının “korrupsiyaya qarşı mübarizəni dəstəkləyirik, amma islahatların dərinləşməsini istəyirik” mesajının ikinci hissəsinə aydınlıq gətirildi.

“Azadlıq”a daxil olan məlumatda deyilir ki, ABŞ-ın yüksək rütbəli diplomatlarından biri Ilham Əliyevlə son görüşündə Vaşinqtonun Azərbaycandakı islahatlara dair təsəvvürlərini bölüşüb. O, eyni zamanda, bu islahatların kampaniya təəssüratı yaratdığını və bu görsənişin aradan qalxması üçün şərtsiz imperativlərin olduğunu da vurğulayıb.

Diplomat bildirib ki, Ilham Əliyevin korrupsiyaya qarşı mübarizəsi kənardan yaxşı görünsə də, bu vəziyyət mahiyyətcə narahatedicidir. Buna görə də, monopoliyalara nəzarət edən iri məmurlar öz imtiyazlarını itirməli və bazar həqiqi azadlığına qovuşmalıdır.

Hakimiyyət zirvəsində isə daha çox iki məmurun adı hallanır. Bunlardan biri dövlət başçısına xüsusi yaxınlığı ilə seçilən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, ikincisi isə son “islahatlar”dan istifadə edib, əhatəsini genişləndirən prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubovdur. Qərbdə belə hesab edirlər ki, bu iki məmurdan ən azı biri və dövlət başçısına ən yaxın görünəni sıradan çıxmalıdır. Yalnız bundan sonra islahatların yerində saymadığını demək mümkündür. Ilham Əliyev isə indi faktiki seçim qarşısındadır: ya Kəmaləddin Heydərov, ya da Bəylər Əyyubov.

Məlumatlarda o da vurğulanır ki, bu şəxslərin hər biri digərinin sıradan çıxmasına qapalı cəhdlər göstərir. Bəylər Əyyubovun tərəfdarları isə özlərini qalib kimi aparırlar. Amma sirr deyil ki, söhbət təkcə Ilham Əliyevin iradəsindən getmir. Yəni, Qərb dairələri də bu məsələdə konkret tələb qoya bilərlər.

İnformasiya şöbəsi