Komitə sədrinin deputat qardaşına məxsus «Azinko» şirkəti şəhərin mərkəzində söküntü işlərini gecələr aparır
«Prezident məni məmur özbaşınalığından qoruya bilmirsə, ölkə vətəndaşlığından imtina edəcəm»
Neftçilər prospektində 57, 59 və 61 saylı binalar yerlə-yeksan olunub. Daha doğrusu, “Azinko” şirkəti 57 ilə 59-u darmadağın edib. Şirkət 61 saylı binanı da yaxın günlərdə yer üzündən siləcək. Ancaq sakinlər sona qədər mübarizə aparmaq istəyirlər. Bir müddət əvvələ qədər binada 13 ailə yaşayırdı. Indi bu rəqəm 7-yə enib. Kimi təzyiqlərə dözməyib deyilən şərtə razılaşıb, kimi də gecə vaxtı söküntülərdən qorxaraq evini qoyub qaçıb. Yerdə qalan 7 ailə hüquqları bərpa olunmayacağı təqdirdə Azərbaycan vətəndaşlığından imtina edəcək.
“Dövlət işi görürsə, onda vətəndaşını niyə küçəyə atır?”
Adıçəkilən ünvanda yaşayan Sevinc Zeynalova deyir ki, heç bir sərəncam, sənəd olmadan evlərini sökən şirkət onlara hər kvadrat metrə görə 1500 manat pul təklif edib: “Bizdən əvvəl evləri o qədər də yaxşı vəziyyətdə olmayan altı qonşu həmin məbləğlə razılaşıb ərazini tərk edib. Amma biz yeddi qonşu istəyirik ki, qarşılıqlı razılaşma ilə evlərimizin hər kvadratmetrinə 3 min manat versinlər. Amma evləri sökən ”Azinko” Holdinq bizə deyir ki, ya 1500 manata razı olun, ya da Keşlə qəsəbəsində hazır evlərə köçün”.
Sevinc Zeynalovanın bildirdiyinə görə, buna razılaşmadıqları üçün mayın 30-u gecə saat 3 radələrində ağır texnika ilə onların evlərinin sökülməsinə cəhd edilib: “Qonşuların etirazlarından, polisin və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının əraziyə gəlməsindən sonra iş dayanıb. Əgər prezidentim məni məmur özbaşınalığından qoruya bilmirsə, ölkə vətəndaşlığından imtina edəcəm”.
Sakinlər, bu işi özəl şirkət görürsə, niyə pulu Dövlət Komitəsinin verməsinin heç cür başadüşülən olmadığını söyləyirlər: “Biz başa düşə bilmirik ki, bizim evləri söküb yerində ticarət mərkəzi tikmək istəyən özəl şirkətin pulunu niyə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri verir? Burada nə oyun gedir, biz bilmirik. Əgər dövlət bu işi görürsə, onda vətəndaşını niyə küçəyə atır?”.
Sualın cavabını da elə sakinlər özləri verirlər: “Şirkətin apardığı bu qanunsuz söküntülərin arxasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov və qardaşı, deputat Malik Həsənov dayanır”.
.jpg)
Söküntü 57 ilə 59-a şamil edilib, ancaq 61 də gedir
Sakin Nuranə Şahverdiyeva deyir ki, onun evinin sahəsi 300 kvadratmetrdir: “Gəlib deyirlər ki, bu, 60-cı illərdə olan ”kupça”dır. Anlamaq olmur, ildən-ilə ev kiçilir. 300 kvadratı 150 kvadrat kimi yazıblar. Kompensasiya üçün də 1500 manat təyin ediblər. Mənim evimin qiyməti 1 milyon 2 yüz min manatdır. Şirkət isə 150 kvadrat hesablayıb 1500 manatdan ödəmək istəyir. Belə də qanunsuzluq olar?”.
Sakin Aidə Əliyevanın evinin sahəsi 250 kvadratdır. Onun da mənzilinin 50 faizini ixtisara salıblar: “Gündə gəlib bir söz deyirlər. Şirkətin sökmək üçün icazə aldığı sənədlərə baxmışıq. Orada Neftçilər prospektindəki 57 və 59-cu binalar göstərilib. Özbaşınalıqdan istifadə edib 61-ci binanı da sökürlər”.
Sakinlərin sözlərinə görə, onlar bu təkliflə razı deyillər. Hesab edirlər ki, əgər onlara hazır mənzillər təklif edilirsə, yaxşı olar ki, bu, indi yaşadıqları əraziyə yaxın yerdə olsun: “Bizim binanın düz yaxınlığında iş adamı Isgəndər Xəlilovun tikdirdiyi bina var. Orada satılan evin kvadratmetri 3-4 min manat arasındadır. Ilham Əliyev də dəfələrlə çıxışında deyib ki, vətəndaşları dövlət əhəmiyyətli obyektin tikintisinə görə evindən çıxaranda yaşadığı mənzilində 200 metrdən uzaq olmayaraq evlə təmin etsinlər. Üstəlik, mənzilin bazar qiymətinə uyğun olaraq 10 faiz kompensasiyası da ödənməlidi. Ancaq Ilham Əliyevin verdiyi tapşırığı icra etmirlər”.
.jpg)
1600-ə qol çəkdirib, 1500 ödəyirlər
Məsələ ilə bağlı ölkə prokurorluğuna, polis orqanlarına, ombudsmana müraciət olunsa da, hər hansı əməli tədbir görülmür. Səbail Rayon Məhkəməsində iddia qaldırılıb və məhkəməyə “Azinko”nun hüquqşünası Mirəli Nurəliyev cəlb olunub. Amma bu şəxs rəhbər vəzifədə olmadığı üçün məhkəmə söküntülərə cavabdeh olan şəxsi müəyyən edə bilməyib. Məhkəmə aparılan söküntülərin qanunsuzluğunu bildiyi halda, söküntünün dayandırılması haqda qərardad çıxarmamasına narazıyıq: “Bundan əlavə, iki gün öncə gecə saatlarında aparılan qanunsuz söküntünün qarşısını almaq üçün sahəyə polis çağırdıq. Ekskavator sürücüsü maşının cilovu ilə polisi yaraladı. Həmin şəxsi polis bölməsinə aparsalar da, sonradan buraxıblar”.
“Hər gün axşam burada qırğın olur. Bizi döyürlər. Zorla evlərimizdən çıxardırlar. Əgər qanuni işləyirlərsə, niyə gecə saat 3-dən sonra söküntü işlərinə başlayırlar? Bu binada xəstə qoca qadın yaşayırdı. Onun xəstəliyindən istifadə edib, evindən çıxartdılar. Niyə belə edirlər? Nədən evin sahəsini azaldırlar? Hansı əsasla kompensasiyanı 1500 manata endiriblər?” – sual edir sakinlər.
Onların sözlərinə görə, kim kompensasiya ilə razılaşırsa, 1600 manata imza atdırıb, 1500 manat ödəyirlər: “Hətta qanunsuzluğun içində də qanunsuzluq edirlər. Ticarət və əyləncə mərkəzi tikirlər deyibən, istənilən yola əl ata bilərlər? 61 saylı binada 13 ev var. Ümumi sahə isə 1500 kvadrat metrdən çoxdur. Bizdə olan məlumata görə, 800-900 kvadratmetri sənədləşdiriblər”.

“Azinko”nun rəsmisi deyir ki…
“Azinko” Holdinqin texniki istehsalat şöbəsinin əməkdaşı Rüfət Əhmədov “Azadlıq” radiosuna bildirib ki, onlar həmin ərazidə paytaxta girişin genişləndirilməsi ilə bağlı dövlət sifarişini həyata keçirirlər. Bununla bağlı evləri plana düşən sakinlərə hər kvadratmetr üçün 1500 manat pul, ya da Bakının Nərimanov və Yasamal rayonlarında hazır mənzillər təklif edirlər: “Indi həmin adamların yaşadığı evlərin kvadratından iki dəfə artıq, tam super təmirli mənzillər təklif edilir”.
Rüfət Əhmədovun sözlərinə görə, onların sökməyə başladığı evlər isə istifadə müddətini çoxdan başa vuran qəzalı evlərdir. Qaldı ki söküləcək evlərin yerində ticarət mərkəzinin tikiləcəyi ilə bağlı deyilənlərə, o, bu məsələdən xəbərsiz olduğunu deyir.
.jpg)
Ramin DEKO


