İctimai Palatanın daha iki yerli təşkilatı yarandı

İctimai Palatanın Binəqədi təşkilatı yarandı

Yanvarın 29-da Müsavat Partiyasının qərargahında İctimai Palatanın Binəqədi rayon təşkilatının təsis konfransı olub. Konfransa Müsavat funksioneri Nemət Kərimli sədrlik edib.

Əvvəlcə səsverməylə İctimai Palatanın Binəqədi təşkilatının Əlaqələndirmə Şurasının üzvləri seçilib. Şuraya AXCP, Müsavat və KXCP-nin hərəsindən 2 üzv, 2 nəfər isə bitərəf seçilib.

Təsis Konfransında İctimai Palatanın Binəqədi rayon təşkilatına 70-dən çox üzv yazılıb.

Konfransda İctimai Palatanın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxış edərək Binəqədi rayonunda İP-nin yerli təşkilatının yaradılmasını çox mühüm addım kimi qiymətləndirib.
F.Qəhrəmanlı ölkədəki mövcud ictmai-siyasi durum barədə konfrans iştirakçılarını məlumatlandırıb, İctimai Palatanın aprel ayında keçirdiyi aksiyalar və onun nəticələri barədə danışıb. F.Qəhrəmanlı deyib ki, bu aksiyalar hakimiyyəti təşvişə salıb, eyni zamanda dünyanın diqqətini Azərbaycana yönəldib. O, İctimai Palatanın iyunun 19-a növbəti mitinq təyin etdiyini xatırladaraq bu aksiyaya da yaxşı hazırlaşmağın vacibliyini vurğulayıb.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynli də çıxış edərək İcitmai Palata formatındakı birliyin çox səmimi olduğunu deyib. O bildirib ki, məhz bu səmimi birlik gələcəkdə qələbə qazanmaq üçün önəmli faktorlardan biri olacaq.

Elmin Həsənli

Ağdamda da Ictimai Palata yaradıldı

Aparıcı müxalifət partiyalarının, ölkənin ictimai-siyasi xadimləri və ziyalılarının bir araya gəldiyi Ictimai Palata ölkə üzrə sərhədlərini genişləndirir. Artıq bir neçə rayonda fəaliyyət göstərən Ictimai Palata bugünlərdə Ağdamda da təsis olunub.
Təsis yığıncağı mayın 28-də – Respublika Günündə keçirilib. Rayon təşkilatında ilkin olaraq AXCP, Müsavat, AXP, AMIP, KXCP və ictimaiyyət nümayəndələri təmsil olunur. Lakin quruma üzvlük açıq olduğuna görə istənilən vətəndaş təmsilçilik üçün müraciət edə bilər. Artıq Ictimai Palatanın Ağdam rayon təşkilatına üzv olmaq üçün çoxsaylı yerli sakin müraciət edib.

Gültəkin