Böyük Britaniya parçalanır?

II Yelizaveta: “Mən sonuncu kraliça ola bilərəm”

 

İngiltərədə mayın əvvəlində keçirilən yerli seçkilərdə müstəqilliyi müdafiə edən və bununla bağlı referendum təşkilinə dair söz verən Şotland Milli Partiyasının (SNP) yerli parlamentdə əksəriyyət qazaması Britaniya kraliçasını qorxudub.

 

SNP-nin Şotland parlamentində əksəriyyət əldə etməsi ilə İngiltərədə “Böyük Britaniya bölünür?” müzakirələri başladığı vaxt “The Sunday Times” qəzeti kraliça II Yelizavetanın baş nazir Devid Kameronla Bukkingem sarayında gizli bir toplantı keçirdiyini yazıb.

Qəzetin yazdığına görə, toplantıda monarxiyanın gələcəyi müzakirə olunub. Saray rəsmiləri hökumət rəhbərindən Şotlandiyanın müstəqilliyinə yönəlik referendumun təşkil olunacağı halda nələrin baş verəcəyini araşdırmaq üçün konstitusiya mütəxəssisinin müəyyənləşdirməsini istəyib. Kraliça Kamerona referendumda “bəli” çıxacağı təqdirdə proseslərin hansı istiqamətə yönələcəyini düşünməyi də məsləhət görüb. II Yelizaveta İngiltərənin parçalanması ehtimalının onu nə qədər narahat etdiyini isə “Mən Birləşmiş Krallığın sonuncu kraliçası ola bilərəm” deyərək dilə gətirib.

Xatırladaq ki, Şotlan Milli Partiyasının (SNP) lideri Aleks Salmond seçkilərdən sonra referendumu dörd il ərzində təşkil edəcəyini söyləmişdi. İngiltərənin baş naziri Devid Kameron isə bu söz-söhbətlərə münasibət bildirərkən Birləşmiş Krallığı bir yerdə saxlamaq üçün mübarizə aparacağını söyləyib.

İnformasiya şöbəsi