Bənənyarlı xanımdan deputata sərt cavab

Kəmalə Xəlilova: «Bənənyarda polislər qadınları yerlə sürüyəndə, qorxudan analar bətnindəki körpəsini itirəndə niyə susurdunuz?»

Ictimai Palatanın aksiyalarında fəallıq edən xanımlar barədə “canıyananlıqla” çıxış edən hakimiyyətyönlü deputat Qüdrət Həsənquliyev onların mübarizəsinə kölgə salaraq, müxalifət liderlərinin öz siyasi maraqları üçün bu kəsimdən yararlandığını demişdi.
AXCP Qadınlar Şurasının üzvü, Naxçıvanın Culfa rayonunun Bənənyar kəndindən olan Kəmalə Xəlilova bir surətini də “Azadlıq”a ünvanladığı açıq məktubla Həsənquliyevə cavab verib. Məktubu ixtisarla diqqətinizə çatdırırıq:
“Qüdrət müəllim, Biz qadınları meydana çıxmağa müxalifət lierləri yox, sizin xidmətində durduğunuz rejim vadar edir. Biz vicdanımızın və ürəyimizin səsinə qulaq asaraq meydanlardayıq. Yəni, biləsiniz ki, biz haqq səsini eşitməyəcək qədər kar olmamışıq.
Siz ilk təhsiliniz Naxçıvanda, Bənənyar kəndində almısınız. Yəqin bunu unutmamısınız, eləmi?
Ötən il hakimiyyətin Bənənyara nə zülm etdiyini də xatırlayarsınız. O zaman soyuqda polislər qadınları yerlə sürüdülər, qorxudan bətnindəki körpəsini itirənlər oldu. Onlar hamısı sivil, əliyalın, günahsız qadınlar idi. Bütün bunlardan sonra Ilham Əliyev Vasif Talıbova “Şərəf” ordeni verdi.
Qadınlara qarşı bunca diqqətlisinizsə, bəs onda niyə dinmədiniz? O zaman sizi tanıyan hər kəs sizdən mövqe gözləyirdi. Sizin danışmağınızı istəyirdi. Sizsə susdunuz.
Zülmün ərşə dirəndiyi vaxtda siz susdunuz. Bəs indi nədir, kimdir sizi danışdıran?
Insan sevdiyi bir dəyər uğrunda ölümə də gülə-gülə gedir, Qüdrət bəy. Biz vətən, azadlıq və Elçibəy sevdalılarıyıq. Biz ölvadlarımızı yalan və talanın, qorxu və işgəncənin, zalımlığın hökm sürdüyü qaranlıq ölkədə yox, nurlu sabahlarda görmək istəyən analarıq. Bizi mübarizədən çəkindirə, “qayğıkeşlik nəğmələri” ilə məqsədimizdən yayındıra bilməyəcəksiniz”.