Abel Məhərrəmovun “islahatları” nəyə hesablanıb?

BDU rektoru kürsüsünü itirəcəyindən təşvişə düşüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun rəhbərlik etdiyi təhsil ocağında apardığı “islahatlar”ın ciddi səbəbi var. Bu səbəb heç də Abel Məhərrəmovun Azərbaycan təhsilinin qayğısına qalması deyil. Rektor öz kürsüsünü qorumaq üçün BDU-da kadr dəyişikliklərinə başlayıb.
Abel Məhərrəmov, hələ Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev bir neçə ay əvvəl yazdığı məqalədə təhsil sahəsində baş verənləri tənqid atəşinə tutanda özünə qarşı təhlükə hiss etmişdi. Lakin o zaman hakimiyyət daxilində ziddiyyətlərin indiki həddə olmaması rektorun bu vəzifədə qalmasına səbəb oldu. Indi isə situasiya tamam başqadır. “Antikorrupsiya şousu” çərçivəsində hakimiyyətdaxili qruplar açıq konfrantasiyaya giriblər. Xüsusilə, Ramiz Mehdiyevin hədəfində olan qruplardan biri də Abel Məhərrəmovun daxil olduğu qərbi azərbaycanlıların qrupudur. BDU-nun rektoru ehtiyat edir ki, bu savaşda əldə etdiklərini bir anda itirə bilər. Ona görə də, özü barədə “işləyən rektor” obrazı yaratmaqla, “vurulmaq”dan sığortalanmağa çalışır. Birdən-birə 5 prorektorun, bir neçə dekanın əvəzlənməsi, BDU-ya Heydər Əliyevin adının veriləcəyi barədə bəyanat və s. bu kimi addımlar məhz rektor kürsüsünü qorumağa hesablanıb.
Oxucuların diqqətinə çatdıraq ki, BDU-da Tədris işləri üzrə prorektor Vüsət Əfəndiyevin əvəzinə universitetin elmi-təqdiqat hissəsinin müdiri Iradə Əliyeva, elmi işlər üzrə prorektor Ismayıl Əliyevin yerinə fizika fakültəsinin kafedra müdiri Aydın Kazımzadə, Humanitar məsələlər üzrə prorektor Vaqif Ibrahimovun əvəzinə Tarix fakültəsinin dekanı Sani Hacıyev, Beynəlxalq əlaqələr üzrə prorektor Elxan Hüseynovun yerinə Tarix fakültəsinin dosenti Şəlalə Məmmədova təyin edilib. Lakin yeni təyin olunan kadrların bir çoxu əslində Abel Məhərrəmovun köhnə “ortaqlarıdır”.
Məsələn, Humanitar məsələlər üzrə prorektoru hər kəs BDU-da Abel Məhərrəmova yaxın şəxs kimi tanıyır. Bildirilir ki, Sani Hacıyev “hesab məsələləri”ndə rektorun ən yaxın yardımçısı olub. Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakultəsinin dekanı Zeynal Həsənəliyev barədə də oxşar fikirlər səsləndirilir. Yeri gəlmişkən, Zeynal Həsənəliyev ikinci dəfədir ki, dekan seçilir. Onun dekan vəzifəsinə qədər yüksəlməsində Abel Məhərrəmovun böyük rolu olub.
Bir məqamı qeyd etmək yerinə düşər. Abel Məhərrəmov bu islahatları daha gənc kadrların irəli çəkilməsilə izah edir. Bu, doğrudan da belədirsə, nədən adı BDU-da ştatda gedən, amma özü faktiki işləməyən kadrlar gənclərlə əvəzlənməyib? Məsələn, sabiq spiker Murtuz Ələsgərov Konstitusiya hüququ kafedrasının müdiridir. Lakin son bir neçə ildə onu BDU-da görən olmayıb. Abel Məhərrəmov Murtuz Ələsgərovun yerinə daha gənc və perspektivli kadr təyin edə bilməzmi? Yaxud da vitse-spiker Ziyafət Əsgərov Konstitusiya hüququ kafedrasının professorudur, guya dərs deyir. Amma tələbələrə hələ ki, onun üzünü müəllim kimi görmək  nəsib olmayıb. Eyni sözü YAP-çı deputatlar Rəbiyyət Aslanova ilə Əli Əhmədov barədə də söyləmək olar. Birinci fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının profesorru, ikinci isə politologiya və sosiologiya kafedrasının müdiridir. Lakin heç biri BDU-ya ayaq basmır. Yaxşı olardı ki, Abel Məhərrəmov bu cür “kafedra müdirləri” və “müəllimləri” gənclərlə əvəzləsin…

İnformasiya şöbəsi