Prezidentin “şəxsi təşəbbüsü”

Müstəqilliyin 20 ili tamam olur. Bu gün, 28 may Respublika günüdür. Son dərəcə əlamətdar gündür. Xüsusilə bu müstəqilliyin qazanılmasında xidməti olanlar, o günləri yaşayanlar üçün. Bayramınız mübarək! Azərbaycan üçün 18 oktyabr və 28 Maydan üstün bayram yoxdur. Olmamalıdır.

18 oktyabr Müstəqillik günü bayram-istirahət günü kimi təqvimdən silinib. Bu bayrama dəxli olmayanlar – bolşevik tör-töküntüləri o günü xalqın sevinc və sevgiylə qeyd etməsini istəmirlər. Onların saxta bayramları var, xalqı da bu bayramlarda evdə oturmağa məcbur edirlər. Hələ əllərində səlahiyyət var axı…Müstəqilliyin 20 ili ilə bağlı Ermənistan Amnistiya Aktı qəbul edib. Bu Aktla 396 nəfər azadlığa çıxıb. Azərbaycanda isə əfv fərmanı imzalanıb və 90 nəfər azadlıq əldə edib. Fərqi izah etməyə ehtiyac yoxdur. Yanaşmanı da görürsüz. Ermənistan Müstəqilliyə – 20 illik müstəqilliyə önəm verir. Azərbaycan isə yenə həyasız sifətini göstərməkdədir. Qərbin davamlı təzyiqləri qarşısında geri çəkilməyə məcbur edilən YAP iqtidarı özünü qorxaq, söz sahibləri qarşısında əyilən, nəyin bahasına olursa olsun (hətta alçalmaqla belə) hakimiyyətdə qalmağa çalışan kimi göstərmək istəmir. Yalançı əfv fərmanı imzalanıb. Ona göər yalançı ki, xeyli sayda məhbus o siyahıya düşməyib. Ruslan Bəşirli, Əli Insanov, Fərhad və Rafiq Əliyevlər və başqaları.

Bəlkə də Eynulla Fətullayev olmasaydı Ilham Əliyev Amnistiya Aktının qəbul olunmasına gedərdi. Hər halda bu da “irəliyə doğru addımdır”. Avropanın siyasi məhbus saydığı adamlardan bəziləri azadlığa buraxılıb. Fərmanın altında da imza var – Ilham Əliyev, bir vaxtlar Eynulla Fətullayevə barmaq silkələyən dövlət başçısı. Indi o barmağı mürəkkəbə bulaşmağa məcbur ediblər. Barmaqdan mürəkkəbi silməksə Fuad Ələsgərova həvalə olunub. F.Ələsgərov “Trend” agentliyinə elə beləcə də deyib, daha doğrusu bunu ona dedizdiriblər: “8 nəfər Əfv Məsələləri Komissiyasında müzakirə olunmadan cənab prezidentin şəxsi təşəbbüsü əsasında əfv olunub”. Bunlar partizanlıq edirlər. Güllə başlarına sıxılsa da, hər gün adları ən idbar siyahılarda çəkilsə də, yenə ayaq geri qoymaq istəmirlər. Qoyanda da onu mümkün bütün vasitələrlə malalayırlar…

Bu 8 nəfər siyasi məhbuslardır və Azərbaycan hakimiyyəti elə təkcə bu məhbuslara görə daim təzyiq altında olub. Xüsusilə Eynulla Fətullayevə görə Əliyev iqtidarı ən müxtəlif “mükafatlar” alıb. Elə son illərdə qazanılmış “mətbuat yırtıcısı” adı yetərlidir. Onların əfv olunması da “prezidentin şəxsi təşəbbüsü” yox, Qərbin tələbidir. Ola bilsin, Fuad Ələsgərov ölkədə baş verənlərdən çox da məlumatlı deyil. Görünür, heç yaxın ərəb dünyasındakı proseslər barədə də ona yetərincə məlumat verilmir…

***

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov 28 Mayda əfv olmayacağını mayın 11-də çox əminliklə demişdi. Yeri gəlmişkən, Fuad müəllim, Əli Həsənov sizinlə bir binada çalışır. Hətta bir komandada olduğunuz deyilir… Mümkündür ki, sabah Ilham Əliyev də əfvlə bağlı hansısa təşəbbüsdə bulunmadığını bildirsin, sadəcə siyahını imzaladığını desin. Belə nümunələr olub…

Allah kefli Isgəndərə rəhmət eləsin! Onun monoloqu hər gün oxunmalıdır.

P.S. 28 mayda havanın küləkli olacağını deyirlər, “ən hündür bayrağımız” bu gün dalğalanmaya da bilər. “Ən hündür bayraq” qaldıranlar başqa layihələri kimi burda da səhvə yol veriblər, Bakının küləkli şəhər olmasını nəzərə almayıblar. Külək olanda bayrağı endirirlər, hətta bunun üçün yeni iş yeri də açıblar. Yəqin ki, 1 milyonluq yeni iş yerləri siyahısına bayraqendirən ştatı da daxildir…