Və yarımçıq əfv
Eynulla Fətullayev dövlət başçısının əfv fərmanı ilə azadlığa buraxıldı. Görəsən Eynullanın içindəki Azadlıq da əfv olundumu? Yəni bu fərmanı onun azadlığına da şamil eləmək olarmı? Zənnimcə, yox. Bu, mümkün deyil. Bu ölkədə nəyi də bağışlasalar Azadlıq hissini bağışlamırlar. Bax elə buna görədi ki, həbs olunub uzun zırıltıdan sonra zaman-zaman dövlət başçısının fərmanı ilə azadlığa buraxılanların bir çoxunun Azadlığı elə zindandaca qalır və bir daha sahibinə qovuşmamaq şərtilə ömrülük həbsdə çürüyür. Həmin adamlar başlarını nə qədər dik tutmağa çalışsa da, çiyinlərinin biri sallaq olur…Mən əminəm ki, bu neçə ili hakimiyyətlə dönməz savaş aparan Eynulla, əfv olunmasa belə, öz azadlığını da məhbəsdən çıxara bilib. Indi, bundan belə o, məhbəsdən qaçırdığı Azadlığını ya gizləməli, ya da öz təbiətinə xas şəkildə mərdi-mərdanə göstərməlidi ki, bəli, o zindandan bir məhbus qaçırıb. Necə də qaçırmasın – axı o həmin məhbusu özündən də çox sevir. Zindan illəri də bunu göstərdi.
Həmişə azadlıqda, Eynulla!
Həmişə azadlıqda, Azadlıq!
Sarı baş bəlası
Sarı bülbül, Sarı çiçəyim, Sarıköynək, Sarı Aşıq, Sarı güllər, Sarı gəlin və sarı, sarı, sarı…Ilahi, nədi bu sarı tutqusu? Sarıya bu qədər sevgi haradan doğur? Bəlkə elə bu tutqunun nəticəsidi ki, 1920-ci ildə Azərbaycanı işğal eləyən vəhşi Rus ordusunu əldə sarı çiçəklərlə qarşılayan adamlar olmuşdu.
Facebook-da yeni qrup yaradıblar – “Güneri Çivaoğlu ”Sarı gəlin”ə görə Azərbaycan xalqından üzr istəsin!!!”. Qrupun adı belədi. Güneri Çivaoğlu “Kanal-D”də yayımlanan “Şəffaf oda” (yaxşı ki, Sarı oda deyil) proqramında “Sarı gəlin” mahnısıyla bağlı nəsə bir laf eləyib. Deyəsən, hətta onu erməni mahnısı adlandırıb, ya nəsə buna bənzər bir şey. Adamın baxmağa belə, həvəsi gəlmir. Və vətənpərvər qardaşlarımız növbəti dəfə əsəbiləşərək bu qrupu yaradıb, müəllifin Azərbaycan xalqından üzr istəməsini tələb eləyirlər.
Qardaşlar, yorulmadınızmı adi bir mahnıdan ötrü şivən qoparmağa. Erməni mahnısı deyiblər, belə cəhənnəmə deyiblər. Axı 70 ildən artıq yaşı olmayan bu mahnı nə qədər matah olub ki, bundan ötrü bu qədər şivən qoparırıq? Istənilən mahnı torpaqdan fərqli olaraq bütün bəşəriyyətindi. Indi onu kimsə erməni mahnısı adlandırırsa, bu faciə deyil, faciədirsə də, bizim faciəmizdi ki, onun bizim olmasını beyinlərə yeridə bilməmişik. Biz nəyimizə sahib dura bilmişik ki, Sarı gəlinə də sahib duraydıq.
Və bu qədər torpaq itkisinin yanında, bir mahnıdan ötrü yaxasını çalın-çarpaz cırmaq nə qədər bayağı və gülməli görünür, bilirsinizmi? Bunun əvəzinə bu torpaqları zaman-zaman satanları üzr istəməyə məcbur eləmək daha doğru olmazdımı? Nə vaxta qədər elə kimsə – illah da Türkiyədə bu mahnını erməni mahnısı adlandıracaq, biz də urapatriotluğumuza salıb, adamları üzr istətdirmək üçün savaşacağıq? Türkiyənin əhalisi çox böyükdü və hər xətadan sonra bir üzr qoparmağa çalışsaq, onda deyəsən bizə milyon il lazım gələcək.
Mən şəxsən bu mahnını təmtəraqlı bir aksiya ilə “alın bizdən sizə hədiyyə” deyə ermənilərə bağışlayıb, əvəzində bu qədər enerjini torpaqların geri alınması üçün sərf eləməyin tərəfdarıyam. Vallah artıq “Sarı gəlin” söhbəti qulaqlarımızı yağır, özümüzü isə sarılıq xəstəliyinə yoluxdurub. Torpaqlarımızı da başımızı Sarı gəlinlərlə aldada-aldada almayıblarmı…