Əlimizi açıb azad olmaq…

Istiqlal, o vətənin köksündən yüksələn ay,

Istiqlal, o dəmirdən, qandan yapılmış saray,

Istiqlal, o millətin parçalanan bağrından,

Gəlinlərin, qızların axan göz yaşlarından

 Doğulmuş pək mübarək, pək müqəddəs bir “Ilah”…

(Gültəkin)

Dünyanın az qala birağızdan “Azadlıq” bağırdığı bir zamanda həbsxanalar xilas yolu ola bilməz. Yer kürəsinin ən son ucunda öz azad ruhunu “sivilizasiya” qanunlarına təslim etməyən qaradərili bir qəbilənin haqqı da toxunulmazdır. Çünki Tanrının insanlara verdiyi azadlıq haqqını ondan qoparmağın zorakılıqdan özgə adı yoxdur.

Bu gün şərq dünyasında ilk demokratik cümhuriyyətin qurulmasından 93-cü il ötür. Amma o böyük günün bayram ovqatını yaşamaqdansa, hamımızın içi qan ağlayır. Ölkə həbsxanaları azadlıq hayqıran günahsız gənclərlə doldurulduğu bir vaxtda insanın üzü necə gülsün? Dəmir qapılar, kameralar, həbsxanalar insanın azadlıq duyğusunu öldürə bilməz. Bəlkə təcridxana köşəsində oturub öz-özünə sevgi şeiri pıçıldayan bir adam hamıdan daha çox azaddır…

Amma azadlığın başqa tərəfi də var. Fiziologiya və tibb sahəsində Nobel mükafatı almış Amerika alimi Jozef Qoldşteynin “Azad olmaq öz əlimizdə” adlı kiçik bir hekayəsi var. O hekayə belədir: “Asiyada meymun tutmaq üçün istifadə olunan bir tələ var. Bir hindqozu oyulur və iplə ağaca və ya yerdəki çalaya bağlanır. Hindqozunun altında kiçik bir yarıq açılır və oradan içinə şirin bir yemək qoyulur. Bu yarıq sadəcə meymunun əli açıqkən ora salacağı böyüklükdədir, yumruq halında o, əlini çölə çıxara bilməz. Meymun şirin yeməyin qoxusunu alır, onu götürmək üçün əlini içəri salır. Amma yeməklə birlikdə əlini çölə çıxarması imkansızdır.

Ovçular gəldikdə, meymun çılğına dönər, amma qaça bilməz. Əslində, bu meymunu dustaq edən heç bir şey yoxdur. Onu sadəcə öz asılılığının gücü dustaq etmişdir. Tələb olunan tək şey əlini açıb yeməyi buraxmaqdır. Amma zehnində açgözlüyü o qədər güclüdür ki, bu tələdən qurtaran meymuna çox nadir rast gəlinir.

Bizi tələyə düşürən və orada qalmağımıza səbəb olan şey də istəklərimiz və zehnimizdə onlara asılı olmağımızdır. Tam tələb olunan şey əlimizi açıb mənliyimizi və asılı olduğumuz şeyləri sərbəst buraxmaq, dolayısıyla azad olmaqdır”.

Bu hekayədə diqqətimi daha çox nə çəkdi, bilirmisiniz? Insanın ruhən azadlığı öz əlində, yəni əlini tamaha aparan o tələdən çəkdiyi nöqtədədir. Bu gün dünyada şahid olduğumuz qanlı səhnələrə əsas verən səbəblər də elə həmin o nöqtədən qaynaqlanmırmı? Liviya, Suriya, Yəmən, Rusiya, Azərbaycan və ya bənzər ölkələrdə yumruqlanmış əllərindəkini buraxmayanlar da bir tələdə olduqlarının fərqində deyillər. Hələ o dadlı tikəni yeməyin zövqü azadlıq hissini boğmağa yetir. Hələ o tikənin şirinliyi inad göstərməyə, dayanmağa bəs edir. Amma görmürmüsünüz ki, o tələ yavaş-yavaş qurbanlarını ələ verir. O girdabdan könüllü çıxmaq istəməyənlər acınacaqlı bir sonluqla başqalarının ovuna çevrilir. Hərçənd qurban olmamaq üçün sadəcə əlini yapışdığın tamahdan çəkib qurtulmaq mümkündür. Yumruqlanmış əlini o dadlı tikəyə keçirənlər də bunu anlayacaq halda deyillər sanki. Onlar üçün hələ həbsxana divarları xilas yolu kimi görünür. Amma əsl gerçək budur ki, o divarlar uzun zaman üçün xilas yolu ola bilməz…