Kişilərin səs hüququ olmadığı respublika

Təsəvvür edin ki, prezident dünən Istiqlal abidəsi önünə əklil qoyub və daha sonra yaxınlıqdakı “Içərişəhər” metro stansiyasının ətrafında görülmüş abadlıq işləri ilə maraqlanıb. Ölkənin ən əsas bayramı olan Istiqlaliyyət günü bu cür qeyd edilib. Belə bir qrafik, belə bir iş ardıcıllığı hətta ironiya üslubunda yaradan yazarların da ağlına gəlməzdi. Doğrudanmı, haradasa səkilərin yenilənməsi Istiqlaliyyət bayramının ən vacib, ən əsas detalıdır? 10 ildir abadlaşdırılan bir metro stansiyasının ətrafında xırda-para işlərin nəticələrinə baxmağa başqa bir gün tapılmadımı?Əksinə, abadlığa belə önəm verilirsə, niyə gözədəyən və kifayət qədər önəmli bir obyektin açılışı Istiqlaliyyət gününə salınmır? Həmin gün qırmızı lent kəsilsə, dünyamı dağılar? Məgər Istiqlaliyyət günü absurd mahiyyət daşıyan gül bayramı qədər də yoxdur?

Vətəndaş hər dəfə Istiqlaliyyət gününün ölkə boyu yayılan təntənəsini hiss etmək əvəzinə, onun cılız halını görür. Görünən budur. Reallıq da budur. Bu ölkədə hansısa yolun asfaltlanmasını Istiqlaliyyət günündən daha böyük təntənə ilə qeyd edirlər.

***Ilham Əliyevi Istiqlal abidəsi önündə görərkən Azərbaycan Respublikasının nə günlərə gəldiyini düşündüm. Həmin Respublika yarandığı ildən qadınlara səs hüququ vermişdi. Halbuki əksər Avropa ölkələrində bu hüquq yox idi. Amma indi bizim ölkədə faktiki olaraq heç kimin səs hüququ yoxdur, nə kişinin, nə qadının. Deputatlar siyahı ilə müəyyənləşir. Indi bu Respublika respublikadan çox, krallığa bənzəyir. Bir nəfər bizim də, nəvələrimizin də prezidenti olmaq istəyir.

Istiqlaliyyət günü bizim ölkədə milli bayram kimi yox, siyasi müxalifətin bayramı kimi qəbul edilir. Ona qarşı qısqanclıq heç gizlədilmir də. Məhəmməd Əmin Rəsulzadəyə münasibət də bunu sübut edir. Hər körpünün, hər keçidin üstündə onun memarının yox, Ilham Əliyevin adı yazıldığı halda, istiqlal yadigarımız olan Bakı Dövlət Universitetindən Məhəmməd Əmin Rəsulzadənin adı götürüldü və qaytarılmır…

***

Sovet Ittifaqı dağıldıqdan sonra Azərbaycan xalqı müstəqilliyə böyük ümidlər bəsləyirdi. Biz yenidən istiqlalımıza qovuşmuşduq. Üstəlik, sərvətlərimizin sahibi özümüz olmuşduq. Bir çoxlarına elə gəlirdi ki, neftimiz ölkəmizin torpaqlarını qızılla örtəcək. Biz düşünürdük ki, çox ədalətli bir ölkədə, azad bir dövrdə zəngin və rahat yaşayacağıq. Qarabağı da qaytaracaqdıq. Fəqət, bunların heç biri alınmadı. Bütün ictimai idealları hakimiyyəti qəsb edənlər məhv etdi. Fərdi həyatı da qurmaq alınmır, hər addımda əngəl və problemlərlə üzləşirsən. Odur ki, bəzən adamlar Sovet Ittifaqının xiffətini çəkir – bunu kiminsə dilindən eşitmək olur…

Bəli, çətindir, müstəqillik çox böyük xəyalqırıqlığı yaradıb. Amma ölkə gəncliyi heç nəyə baxmadan müstəqilliyin, istiqlalın eşqi ilə yaşayır. Yaxın gələcəkdə biz istiqlalımıza insan azadlıqlarını da bəxş edəcəyimizə, avtoritarizmdən birdəfəlik qurtulacağımıza ümid edirik…

***

28 May əsl bayramdır. Hər il dostlarla, həmkarlarla, Azərbaycanın istiqlalını sevənlərlə Novxanıya gedirik! Məhəmməd Əmin bəyin oradakı abidəsi önündə dayanırıq. Zatən onun abidəsi başqa bir yerdə yoxdur. Bu gün biz özümüzü əsl istiqlalçı hesab edirik! Xoydan olan vəkil Fətəli xanı anırıq. Bizə respublika qurmuş və bu yolda fəda getmiş o kişilərin hamısı ilə qürur duyuruq.