“AKP hədəflədiyi nəticəni əldə etməyəcək”
Türkiyənin “Cümhuriyyət” qəzetinin əməkdaşı Leyla Tavşanoğlu ABŞ-ın adını açıqlamadığı yüksək vəzifəli rəsmisi ilə söhbəti əsasında bəzi maraqlı informasiyalar yayıb. Jurnalistin iddiasına görə, ABŞ rəsmisi Ankaranın Vaşinqtona münasibətindən narazılıq bildirib. Narazılığa səbəb terrorla mübarizə üçün ABŞ-ın Türkiyəyə göstərdiyi yarıdmı Ərdoğan hakimiyyətinin yetərincə qiymətləndirməməsidir.
ABŞ rəsmisinin fikrincə, ABŞ-Türkiyə münasibətləri 2003-cü ildəki əlaqələrlə müqayisədə daha yaxşıdır. Ancaq baş nazir Rəcəb Təyyub Ərdoğan artıq əvvəlki kimi davranmır. Daha doğrusu Ərdoğan özünü daha böyük uğurlar qazanmış kimi aparır.
“Cümhuriyyət”in əməkdaşı həmsöhbətinin Türkiyədə keçiriləcək parlament seçkilərinin nəticələrinə dair proqnozunu da təqdim edib. Jurnalist yazır ki, ABŞ rəsmisi öz proqnozlarında ölkəsinin Ankaradakı səfiri Frank Rikkardione ilə fikir mübadiləsinə əsaslanıb. “Bu seçkilər 2002 və 2007-ci il seçkilərindən çox fərqlənir. Çünki baş nazir Ərdoğan və AKP 2002 və 2007-ci il seçkilərinə davamlı zərər çəkmiş siyasi qüvvə kimi qatıldıqları görüntüsüylə gedirdi. Amma artıq zərər çəkmiş deyillər. Türkiyədə bütün qurumları nəzarətə aldıqları halda hələ də zərər çəkmiş olduqlarını necə iddia edə bilərlər? Buna görə də, 12 iyun seçkiləri çox fərqli olacaq.
AKP hədəflədiyi 367 millət vəkili nəticəsini əldə etməyəcək kimi görünür. Çox güman, 2009-cü il bələdiyyə seçkiləri zamanı qazandıqları 38 faiz səsi təkrarlayacaq. AKP-nin seçkidən yenə də birinci partiya olaraq çıxacağını güman edirəm. Bununla belə Cümhuriyyət Xalq Partiyasının (CHP) getdikcə gücləndiyi görünür. Onun 25-30 faiz arasında səs toplayacağını təxmin edirəm. Seçkilər yaxınlaşdıqca bu nisbət daha da dəqiqləşəcək. CHP-nin yeni liderliyi yaxşı işlər görür. Vaşinqtona gələn partiya heyəti də burada bir xeyli simpatiya qazandı. Digər tərəfdən Milliyətçi Hərəkat Partiyasının da kvormu aşmaqda probelmlə üzləşməyəcəyini düşünürəm”.
İnformasiya şöbəsi



