kiv-df

Dağların şahı Şahdağ


Onun adı bir eşq hekayəti ilə yazılıb, yoxsa?

Azərbaycanın Böyük Qafqaz sıra dağları boyunca yerləşən Şahdağ Qusarın cənnət guşələrindən biridir. Hündürlüyü 4243 metrə çatan bu dağın adıyla bağlı toponimik araşdırmalardan məlum olur ki, onun mənşəyi yüksək, uca, hündür dağ olmasına görə Şah dağ, yəni “dağların şahı”, “ən yüksəyi” adlandırılmışdır. Şah sözü Azərbaycan toponimiyasında “hündür”, “yüksək” mənasında işlənir. Azərbaycan ərazisində mövcud dağlardan ən hündür olmasına görə fərqlənən bu toponim tədqiqatçıların fikrini təsdiq edir. Şah dağ – “uca dağ”, “hündür dağ” deməkdir.Şahdağın adı haqqında maraqlı xalq rəvayətləri də var. Bu rəvayətlərin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi, adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, arvadı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini bildirir. Şah, arvadı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır.

Qız da oğlana ilk baxışdan vurulur. Lakin qız həmin vilayətdə başqa bir oğlana nişanlı idi. Oğlan belə qərara gəlir ki, qızı həmin vilayətdən qaçırıb öz vilayətinə gətirsin. O, belə də edir. Qızla vilayətdən çıxhaçıxda padşah bundan xəbər tutur və atlılar oğlanla qızın arxasınca düşürlər.

Oğlan qızı öz vilayətinə gətirib ata-anasına təhvil verir, özü isə dağın başına çıxıb qoşunun gəlməsini izləyir. Artıq qoşun vilayətin ərazisində idi. 
Oğlan qoşuna ox atıb onlardan bir neçəsini öldürür. Qızın nişanlısı oğlanı dağın başında görür və ürəyini nişan alır. Ox oğlanın ürəyinə sancılır və ölür. Qızın nişanlısı heç kimin xəbəri olmadan otağa girir, bir ox da qızın ürəyinə sancır. Oğlunun ölümünü şaha xəbər verirlər. Elə həmin vaxtdan da dağın adı “Şah dağı” qalır.

Şahdağın gözəl təbiətinin, qiymətli flora və faunasının qorunması məqsədilə 2006-cı ildə burada qoruq yaradılmasına qərar verilib. Qoruğun ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan Ismayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, Ismayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 08 iyul sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14 613,1 hektar genişləndirilərək, 130 508,1 hektara çatdırılmışdır.

Şahdağ Milli Parkı

Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növləri mühafizə etməkdir. O cümlədən, bu qoruq transsərhəd köçəri heyvanlar da daxil olmaqla, qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsinə təminat verir. Burada elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsi də nəzərə alınmışdır.

Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur.

Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc kimi kol bitkiləri yayılmışdır.

Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur.

Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur. Qədim Şahdağ xalqları

Böyük Qafqazın Şahdağ platosu boyunca məskən salan xalqlar  Şahdağ etnik qrupu və ya Şahdağ xalqlarının nümayəndəsi kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar. Yəni hər kəndin özünün dili var.

Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir.Sovet dövründə şahdağlılar və onların dilləri hər zaman alimlərin, diqqətini cəlb edib. Bu dövrün dilçilik ədəbiyyatında tez-tez Xınalıq, Buduq, Qrız, Haput, Cek, Əlik, Yergüc kəndlərinin hər birində bir müstəqil dilin mövcudluğundan söhbət getmişdir. Hətta N.Marr, N.Yakovlev, R.Şor, L.Jirkov və başqa mütəxəssislər dünya dillərini təsnif edərkən Şahdağ dillərinin yeddi dildən ibarət olduğunu göstərmişlər.

VII əsrə qədər atəşpərəst olmuş Şahdağ xalqlarının etnoqrafik xüsusiyyətlərinə nəzər saldıqda, onların Azərbaycanın digər xalqlarına, xüsusi ilə də Oğuz türklərinə xas xeyli oxşar cəhətlərə malik olmaqla yanaşı, həm də lokal xüsusiyyətlərini qoruyub saxladıqlarını da müşahidə etmək mümkündür.

Şahdağ xalqlarının toy adətlərində Azərbaycanda yaşayan digər xalqlara xas olan ümumi-oxşar adətlərlə yanaşı, müəyyən fərqli cəhətlərə də rast gəlirik. Şahdağ xalqlarında ənənəvi toylar 3 gün 3 gecə, hətta bəzən 7 gün 7 gecə davam edirdi. Toya bütün kənd camaatı dəvət olunurdu. Bunun üçün toy sahibi xüsusi bir nəfəri carçı seçib, onu ata mindirər və qapı-qapı saldırıb camaatı toya dəvət edərdi. Qonşu kəndlərdən adamları toya dəvət etmək üçün isə kəndlər üzrə atlılar ayrılardı.

Toy sahibi carçılara müəyyən qədər kişmiş verər, onlar da kəndlərdən dəvət olunan adamların qapısına gedib, həmin şirniyyatdan çatdırar və toya dəvət olunduğunu deyərdi. Dəvət olunan adam da şirniyyat qabına ya pul, ya da cehiz qoyub qaytarardı.

Maraqlı faktdır ki, Şahdağ xalqlarının toy adətləri arasında ibtidai-icma dövrünə, başqa sözlə, matriarxata xas bir sıra adətlərin qalıqlarına rast gəlinir. Bu baxımdan, Şahdağ xalqlarında qızın ata ocağından deyil, dayı evindən gəlin köçməsi, oğlanın ata evində deyil, dayı evində bəy paltarını geyməsi, burada “bəy durması” və bundan sonra ata evinə gətirilməsi adətləri dediyimizə sübutdur. Deməli, burada ana tərəfin üstünlük təşkil etməsi, yəni qızın və oğlanın taleyində dayının başlıca rol oynaması faktı aydın görünür. Bunu başqa bir adətin icrasında da hiss edirik. Bəyin dayısı toyun gəlin gətirmə günündə xüsusi zövqlə yəhərlənmiş, bəzədilmiş atını minib, gəlinin olduğu dayı evinə gəlir. Gəlini həmin ata mindirib, cilovunu gəlinin dayısına verər və ata evinə gətirərdilər.

Lakin gəlin atdan düşürülməz, ata evindən cehizi çıxarılanadək həyətdə saxlanılardı. Bundan sonra gəlin ona verilmiş cehiz ilə sazəndələrin, habelə el-obanın müşayiətilə bəy evinə gətirilərdi.Şahdağ xalqlarının yas mərasimlərində isə biz məhz onlara məxsus xüsusi cəhətlərə sıx rast gəlmirik. Bu, onların bilavasitə Islam dininə mənsub olmaları, onun qayda-qanunlarına riayət etmələrilə əlaqədardır.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir