«Sirrini verməyir sirdaşa dünya…»
Azərbaycanın korifey sənətkarı Həsən Məmmədovun yaratdığı obrazlar kinomuzun qızıl fonduna daxil olmuş ölməz qəhrəmanlardır. O, bütün yaradıcılığını milli kino sənətimizin inkişafına həsr etmiş bir fədai idi. Yüzdən çox filmdə çəkilən aktyor hər dəfə yeni biçimdə, yeni xarakterdə, yeni görünüşdə obrazlar yaradıb…
H.Məmmədov 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr Institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib (1960-1961), Məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib.
Lakin tale onu kino sənəti üçün yaratmışdı. Həbib Ismayılovun “Böyük dayaq” filmindəki Qaraş bu yolun başlanğıcı oldu. Əvvəlcə çox ehtiyat edirdi. Amma yoldaşları, dostları ona ürək-dirək verirdilər. Elə bil yuxuda idi. Heç cür ağlına gətirə bilmirdi ki, onu birdən-birə baş rollardan birinə dəvət edəcəklər. Çətini başlamaqdır, deyirlər. O elə ilk anlardan peşəkar aktyor kimi oynadı rolunu. Kinoda ilk obrazını yaradırdı. Əslində, bu o qədər də asan məsələ deyildi. Deyirdi ki, bircə yerdə çaşıb qaldım. “Atamın rolunu oynayan Ələsgər Ələkbərov mənə sillə vurmalı idi. Mən də düşünürdüm ki, yəqin elə sakitcə vurar. Heç gözləmədən elə bir sillə çəkdi ki, o sillə məni ayıltdı. Gözlərimdən od çıxdı. Rəhmətliyin də əli o qədər ağır idi ki… Sonra mənə yaxınlaşıb dedi ki, ustad silləsidir. Hər bir şagird gərək belə bir imtahandan keçsin. Olan şeydir, incimə…”.
Film tamamlandıqdan sonra bir müddət ehtiyat edib ona baxmağa. Amma onu premyeraya çağıranda orada çıxış da edib. Tamaşaçılarla ilk dəfə canlı təmasda olub. Qaraş, doğrudan da, çox maraqlı obraz idi. Yaxşı ki, rejissor bu rola məhz onu dəvət etmişdi. Çünki, əvvəlcə məsləhət olmuşdu ki, Qaraş cüssəli, enlikürək, ucaboy olmalıdır. Ancaq rejissor gəncləri çəkməkdə iddialı idi.
Qaraş onun kinoda ilk işi idi və bu filmlə o aktyorluq sənətində nəyisə demək imkanı olduğunu sübut etdi. Və sonra bir-birinin ardınca Muradı (“Bir cənub şəhərində”), Oqtayı (“Gün keçdi”), Bəxtiyarı (“Yeddi oğul istərəm”), Dədə Qorqudu (“Dədə Qorqud”), Abasqulu bəyi (“Axırıncı aşırım”) və s. kino tariximizə bəxş etdi.
Böyük uğurlara imza
“Arşın mal alan” filmini Tofiq Tağızadə 1965-ci ildə çəkmişdi. Bu film tamaşaçıların böyük əksəriyyətinin arzusu ilə ekranlaşdırılmışdı. Belə ki, yüzlərlə məktubda xahiş olunurdu ki, film rəngli, genişekranlı variantda yenidən işlənsin. Tofiq müəllim onun “Böyük dayaq” filmindəki Qaraşını görmüşdü və bəyənmişdi. Əsgər roluna da Həsən Məmmədovu dəvət etmişdi.
Sonra isə “Bir cənub şəhərində” filmi gəlir. Əgər “Böyük dayaq” filmində ona mexanizator gəncin rolu həvalə edilmişdisə, bu dəfə ona şəhərli rolunu, özü də Içərişəhərdən olan Muradın obrazını həvalə etdilər. Gənc rejissor Eldar Quliyev debütünü yaratdığı “Bir cənub şəhərində” filmində kinoda ilk addımlarını atan Həsən Məmmədovu çəkmək istəyini bildirmişdi.
Murad çox mürəkkəb obrazdır. Onun sakit təbiəti, işgüzarlığı, atasını itirdikdən sonra ailənin məsuliyyətini öz çiyinlərinə götürməsi aktyoru ciddi problemlər qarşısında qoyurdu. Amma bunlar hamısı çəkiliş prosesində ötüb keçdi və aktyor Muradı çox təbii formada ekranda canlandırdı. “Bir cənub şəhərində” baş verənlərin bütün ağırlığı məhz bu obrazın üzərində dayanırdı. Bütün konfliktlər onun ətrafında birləşir və aktyordan onların həlli üçün güclü ifadə vasitələri tapmağı tələb edirdi. Sənətkar artıq kinoda müəyyən təcrübə qazanmışdı və obrazın daxili dinamikası ona manevr imkanları vermişdi. Murad Həsən Məmmədov yaradıcılığında bir növ yeni mərhələ üçün tramplin rolu oynadı. Rejissorlar gördülər ki, o həm dramatik, həm psixoloji, həm də dedektiv janrlarda yüksək məharətlə işləməyi bacaran, istedadlı aktyordur. Beləliklə, onun yaradıcılığının daha məhsuldar dövrü başlandı.
Həsən Məmmədovun kinoya gəldiyi vaxt artıq bu sənətdə böyük canlanma var idi. 60-cı illərin filmlərində dövrün sosialist məzmunu əks etdirilsə də, milli-mənəvi dəyərlərə xüsusi önəm verilirdi. Rejissorlarımız bu amili tam qabarda bilməsələr də, film boyu buna cəhd edildiyi aydın duyulurdu. Elə “Yeddi oğul istərəm” filmində olduğu kimi. Həsən müəllimə bu filmdə baş rol – Bəxtiyar obrazı həvalə olunub. Doğrudur, o, inqilabçı dəstənin rəhbəridir, “yeddi yoldaşdan” biridir. Kənddə sovet hakimiyyətini qurmaq məqsədilə buraya göndəriliblər. Amma Bəxtiyar adət-ənənələrə hörmətlə yanaşmaq, din adamlarına zorakılıq göstərməmək tapşırığı verir.
Elə inqilabi mübarizədən bəhs edən “Axırıncı aşırım” (rej.K.Rüstəmbəyov) filmində də ona Abasqulu bəyin geniş diapazonlu obrazı həvalə olunmuşdu. Bu film onun yaradıcılığının yüksək zirvəyə çatdığını bir daha təsdiq edirdi. Abasqulu bəy sovet hökumətini qəbul etmiş və elə, Kərbalayı Ismayılı da ağıllı olmağa, sovet hökuməti ilə barışmağa çağırır. O, yaxşı bilir ki, bu mübarizə mənasızdır.
Biz filmdə hər iki bəyin dialoqunu dinləyərkən hiss edirik ki, təslim olmağı Kərbəlayı öz qüruruna sığışdırmır, baş verənləri qəbul etmək istəmir, ancaq Abasqulu bəy mümkün qədər ona hadisələri başa salmaq istəsə də, sonda özünü qurban verməli olur. Çox çətin obraz idi Şadlinski. Həsən Məmmədovun yaradıcı istedadı onu bütün varlığı ilə canlandırmaq imkanı verdi. O, bu roluna görə Ümumittifaq kinofestivalının “ən yaxşı kişi rolunun ifaçısı” mükafatını qazandı.
Dövrünün ən böyük mükafatlarını almışdı
Amma Respublika Komsomolu mükafatını Bəxtiyar (“Yeddi oğul istərəm”), SSRI Dövlət mükafatını isə “Istintaq” filmindəki Murad roluna görə qazanmışdı. Rüstəm Ibrahimbəyovun ssenarisi əsasında kinorejissor Rasim Ocaqovun çəkdiyi “Istintaq” filmində o, tamamilə başqa bir ampluada çıxış edirdi. Kimin isə günahı ucbatından düşdüyü kriminal vəziyyət onu qəlbən sarsıtmışdı. Başqası cinayət törətmiş, ancaq onun boynuna atmışdılar. Biz Həsən Məmmədovun ifasında Muradın bütün daxili dünyası ilə tanış oluruq.
1972-ci ildə kinorejissor Arif Babayev ona romantik bir rol təklif etmişdi. Yəqin ki, söhbətin “Gün keçdi” filmindəki Oqtaydan getdiyi sizə məlum oldu. Bu filmə baxanlar yaxşı bilir ki, Oqtay adi mühəndisdir və layihə institutlarından birində çalışır. Onu qəlbən sevən, Moskvadan Bakıya ad gününü təbrik etməyə gələn keçmiş sinif yoldaşı Əsmərin məhəbbətinə biganəliyi bəzən tamaşaçıda çaşqınlıq yaradır. Əslində isə onun hərəkətlərində təmkinli, dostluğa vəfalı bir gəncin saf, mehriban münasibəti hiss olunur. O, obrazı elə təmkinlə, elə orijinal üslubda yaradıb ki, tamaşaçı, doğrudan da, çaş-baş qalır və sonda ona bəraət qazandırır.
Həsən Məmmədovun rollarını bizə sevdirən çox əlamətdar cəhətlər var. Məsələn, bunlardan biri onun rollarının milli xarakterli olmasıdır. Onun qəhrəmanları əsl azərbaycanlılardır. Onlar bu torpağı, bu xalqı qəlbən sevən insanlardı. Digər tərəfdən, onlar sadə və səmimi insarlardır. Öz talelərini həmişə xalqın taleyi ilə bağlayıb, xalq yolunda ölümə belə, getməkdən çəkinməyən obrazlar müəllifi idi, Həsən Məmmədov. Bu rolların bir xarakterik xüsusiyyəti də ondan ibarət idi ki, onlar qəhrəman insanlar idi. Ölümün gözünə dik baxmağı bacaran cəngavər obrazlar idi.
Həsən Məmmədovun xatirəsini yad edərkən çox şeyləri qələmə almaq olar. O, bütövlükdə milli kinomuzun aparıcı aktyorlarından idi və ilk professional kinoaktyorluq məktəbi yaratmışdı.
Bu böyük sənətkar sayılıb-seçilən insanlardan idi. Onu hamı sevirdi. Bu dünyadan apardığı isə xalqının sevgisi, məhəbbəti oldu…Kinoaktyor 2003-cü il avqustun 26-da 65 yaşında vəfat edib.
Sənət dostu Rafiq Əzimovun aktyorla bağlı ürək sözləri:
“”Yeddi oğul”dan biri də gedir. Başçımız idi… Onun ölümünə inanmaq olmur. Həsən Məmmədov şəxsən mənim üçün böyük itkidir. Biz tələbəlik illərində də birgə olmuşuq. Son illərə qədər bir dost, bir qardaş, bir həmkar kimi bir-birimizin dərdinə-sərinə yanmışıq. Həsən çox təvazökar, çox başıaşağı, çox insanpərvər, çox qayğıkeş insan idi. Onunla axırıncı dəfə bir neçə gün əvvəl telefonda danışmışdıq. Heç vaxt ağlıma gəlməzdi ki, bir neçə gündən sonra o, bizə “əlvida” deyəcək. Həsən Məmmədov bizə o qədər yaxın idi ki, biz onun böyüklüyünü, dahiliyini hiss etmirdik. Həsən Məmmədov doğrudan da kinonun zirvəsi idi. Nə qədər ki, kino tarixi var, teatr var, onun adı şərəflə çəkiləcək…”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir