Yaş senzi deputatlara niyə şamil edilmir?

Qanunverici orqan qanunu başqaları üçün qəbul edir

Dövlət qulluğunda çalışan və dövlət büdcəsindən maliyyələşən şəxslər üçün yaş senzi müəyyən edilib. Artıq istisna hallardan başqa büdcədən maliyyələşən təşkilatlarda yaşı 65-dən çox olanların işləməsi mümkün olmayacaq. Yalnız istisna hal kimi hər dəfə 1 ildən artıq olmayaraq 5 dəfə yaş məhdudiyyətinə baxıla bilər.
Ancaq diqqət çəkən məqam odur ki, məmurlar və deputatlar arasında da yaşı 65-i ötənlərin sayı az deyil. Qadağa tətbiq ediləndən sonra bu şəxslər vəzifədə qalacaqmı? Eyni zamanda Milli Məclisdə yaşı 65-dən yuxarı olan deputatların aqibəti necə olacaq və növbəti dəfə parlament seçkilərində iştirak edə biləcəklərmi?
Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, konstitusiyada Milli Məclisin deputatları üçün yuxarı yaş həddi nəzərdə tutulmayıb axı. Hətta qanun qəbul edirlərsə, Milli Məclisdəki fəaliyyət dövlət qulluğu sayılmır. Bu səbəbdən də dövlət qulluğunda olanlar üçün qoyuln 65 yaş məhdudiyyətinin deputatlara heç bir aidiyyəti yoxdur.
Ekspert Milli Məclis deputatlarına yaş məhdudiyyəti qoymaq üçün Konstitusiyanın 85-ci maddəsinə dəyişiklik edilməsinin vacib olduğunu deyir.
Buradan ortaya nəticə çıxarmaq mümkündür. Necə olur ki, 65-70, bəzən 80 yaşlı deputat qanunverici orqanda çalışa bilir, ancaq bu yaşda müəllimlər ali və orta məktəbdə dərs deyə bilmir? Hazırkı parlamentdə kifayət qədər yaşlı deputatlar var. Bəziləri isə gələn seçkilərə qədər bu yaşa çatacaq.  Parlamentin vitse-spikeri Valeh Ələsgərov 65, Ağacan Əbiyev 74, Yevda Abramov 63, Fəzail Ağamalı 65, Mahir Aslanov 62, Cəlal Əliyev 83, Əhliman Əmiraslanov 64, Şəmsəddin Hacıyev 61, Fəttah Heydərov 73, Isa Həbibbəyli 62, Əliağa Hüseynov 65, Zeynəb Xanlarova 75, Eldar Ibrahimov 66, Ilyas Ismayılov 73, Xanhüseyn Kazımlı 69, Mirkazım Kazımov 61, Yaqub Mahmudov 72, Abel Məhərrəmov 61, Rafiş Məmmədhəsənov 66, Hüseynbala Mirələmov 66, Madar Musayev 64, Hadı Rəcəbli 64, Arif Rəhimzadə 70, Sabir Rüstəmxanlı 65, Tahir Rzayev 61, Ziyad Səmədzadə 71, Elxan Suleymanov 71, Tahir Suleymanov 63, Astan Şahverdiyev 64, Əhməd Vəliyev 65, Mixail Zabelin 65 yaşdadır.
Göründüyü kimi, bu deputatların bəzilərinin yaşı 65-i keçib, bir qismi isə növbəti parlament seçkisinə qədər 65-i haqlayacaq. Özlərinə yaş senzi qoymaqda maraqlı olmayan deputatlar cəmiyyətə onlardan daha çox xeyir verə biləcək ziyalılar üçün bu məhdudiyyəti qoymaqda israrlıdır. Əgər məhdudiyyət bütün sahələrdə çalışanlara aid edilsə, onda hazırkı parlamentdə təmsil olunanların çoxu dörd il sonra mandatla birdəfəlik vidalaşmalı və təkrar namizədliyini irəli sürməməlidir. Ancaq qanun qəbul edənlər ilk növbədə özlərini nəzərə alıb.

Fizzə