Akademik məqaləsində siyasi məsuliyyətdən necə boyun qaçırdı?
Ramiz Mehdiyev yenə qələmə sarılıb. Akademik demokratiyanın, milli identikliyimizin keşiyində duran cümlələr yazıb. O bildirməkdən çəkinməyib ki, demokratiya Azərbaycan üçün əsas məqsəd deyil. Belə də deyib: “Bu gün Azərbaycan demokratiyanı əsas məqsəd kimi deyil, tarixi təcrübənin və ənənələrin dönüş dövrlərində hər bir xalqın keçdiyi tarixi tərəqqi prosesi kimi başa düşərək, öz inkişaf modelini nümayiş etdirir”.
“Özünün inkişaf modeli” ifadəsi suveren demokratiyanın başqa cür ifadəsidir. Ramiz Mehdiyevin çiyinlərində duran sistem xalqı ayaq altına aldığını nəinki gizlətmir, hətta bunu elmi cəhətdən əsaslandırmağa da cəhd edir. Görünür ki, bu yanaşma gələcəkdə siyasi məsuliyyətdən yayınmağın yollarından biri kimi seçilib. Elə ona görə də Ramiz Mehdiyev demokratiya istəyən xalqa belə deyir: “Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğu və milli identikliyin qorunub saxlanılması şərtilə həyata keçirilir”.
“Sonsuz prosesdir” nə deməkdir? Yəni, Azərbaycan xalqı heç vaxt demokratiya görməyəcək? Digər tərəfdən, belə görünür ki, Ramiz Mehdiyev bəzən anlayışların mahiyyətini ya aydın göstərməkdən qaçır, ya da ümumiyyətlə, yalan yazdığını fərqli həqiqət kimi göstərməyə cəhd edir. Oysa, akademik deməliydi ki, Azərbaycan xalqı demokratikləşməyə doğru getməlidir. Bunun ardından şəxsən və dolayı yollarla həbslərə saldırdığı gənclərdən danışmalı, onların xalqın bioloji və siyasi dialektik varlığına verdikləri töhfələrdən bəhs etməli idi. Günün bu saatında 30-dan çox siyasi dustağın olduğu ölkədə demokratiya təbii ki, sonsuz proses kimi təqdim olunacaq. Özü də kim tərəfindən?!
Ramiz Mehdiyev burada da Ilham Əliyevin adından danışmağı unutmayıb. Amma ikincinin də aydın təsəvvür etmədiyi cümlələr işlətməklə… Beləcə, guya, Ilham Əliyevin anlamında demokratiya milli inkişaf və şüurun ayrılmaz atributudur. Lakin o, cəmiyyətin siyasi və iqtisadi inkişaf səviyyəsi ilə ahəngdar olmalıdır. Buna görə də ölkədə islahatlar paralel, kəsişmədən, bir-birini qabaqlamadan həyata keçirilir.
“Milli şüur” anlayışı Ilham Əliyevin siyasətində ən yaxşı halda korrupsionerlərin rüşvətxorları həbsə atması, təhsildə və səhiyyədə öldürücü böhranın yaradılmasıyla ifadə olunub. Siyasətçi, dindar qadınların həbsini, yerlə bir sürüdülməsini isə heç yada salmaq istəmirəm. Beş yaşında uşaqla ədavət aparmaq isə bu siyasətin ən parlaq nümunəsidir.
Görün, Ramiz Mehdiyev daha sonra nə deyir: “Demokratiya milli maraqların və dövlət müstəqilliyinin ziyanına olaraq kənardan zorla qəbul etdirilə bilməz. Bizim hər birimiz demokratiyanı öz daxilimizdə ”yetişdirir”, sonra isə onu ictimai-siyasi səviyyəyə ötürürük. Bu gün başqa geosiyasi və etnik-milli məkanlarda yüzilliklər boyu formalaşmış təcrübəni “qəflətən daxil etmək”, “kor-koranə köçürmək”, “gətirmək” olmaz”.
O, necə dövlətdir ki, xalq iradəsi onun milli maraqlarına ziyan vursun? Aydın məsələdir ki, bu yalnız ailə-tayfa rejimlərində ola bilər. Demokratiya da kralın, vəliəhdin padşahın şəxsi maraqlarına ziyan vurur. Ona görə də onu boğmaq olar. Ya da Ramiz Mehdiyev deyir ki, “içimizdə demokrartiyanı yetişdirməliyik”. Bu, siyasi “sufi”likdir, Ramiz Mehdiyev isə kommunist. Ilham Əliyev ən son model maşınları və “məşğuliyyət”ləri Qərbdən birbaşa qəbul edə bilir, amma demokratiyanın tədrici gəlməsini istəyir.
Bu insanlar bir şeyi anlamaq istəmirlər ki, “Demos-kratos” yunan sözü olsa da, söhbət Azərbaycan xalqının iradəsindən gedir.
Seymur Həzi