“Mən əfv üçün müraciət etməmişəm”

«Jurnalist fəaliyyətimi davam etdirməm Azərbaycan hökumətindən asılıdır» 

2007-ci ilin 20 aprelindən bəri həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev nəyahət ki, 1496 gündən sonra dünən yenidən evinə qayıtdı. Əfv fərmanının elan olunmasından dərhal sonra jurnalistin evinə buraxılması əslində, bir qədər gözlənilməz idi. Bununla belə, Eynulla Fətullayev evə çatan kimi həmkarları onu əhatəyə aldılar.

Eynulla Fətullayevin artıq evində olması xəbərini alandan dərhal sonra biz də ora yollandıq. Dünən Emin kişinin ocağına toplaşanlar Eynullanı, eləcə də onun valideynlərini yalnız salamlaşıb təbrik eləyə bilirdilər, söhbətləşməyə imkan olmurdu. Çünki gəlib-gedənin ardı-arası kəsilmirdi. Daha kimlər gəlmədi…

Bu qədər qələbəliyin içində bir neçə dəqiqəlik də olsa, Eynulla Fətullayev “Azadlıq”a vaxt ayırdı: “Mən əfv üçün müraciət etməmişəm. Ancaq iki ay öncə Ilham Əliyevə şəxsi məktubla müraciət etmişdim. Ilk dəfədir açıqlayıram, reaksiya da dərhal oldu. Əslində, mənim azadlığım həmin reaksiyanın dərhal olmasının təcəssümüdür. Bilirsiz ki, beynəlxlaq və yerli ictimaiyyət mənim azadlığa buraxılmağımla bağlı mübarizə aparıb.
Hazırda özümü evdə və jurnalistlərin əhatəsində xoşbəxt hiss edirəm. Mənə qarşı olan ittihamlar tam saxtadır. Bunun bir sonu olmalı idi.

Bizim çox gözəl bir peşəmiz var. Mənim ətrafımda 4 illik həbs müddətində cərəyan edən hadisələr bir daha nümayiş etdirdi ki, biz doğrudan da gözəl bir peşənin təmsilçiləriyik. Yəni, bizi həmrəylik, azadlıq birləşdirir. Bizi elə bağlar birləşdirir ki, bu bağları heç bir hökumət qıra bilməz. Bəli, mən jurnalistəm və həyatımın 12 ilini bu peşəyə həsr etmişəm. Əlbəttə, çox istərdim ki, jurnalist fəaliyyətimi davam etdirim. Ancaq bu məsələ Azərbaycan hökumətindən asılıdır. Azərbaycan hökuməti mənim həyat və fəaliyyətimə təminat versə, eyni zamanda şərait yaradılsa, şübhəsiz ki, Azərbaycanda qalıb fəaliyyətimi davam etdirəcəyəm. Burada çox şey məndən asılıdır, amma hər şey də məndən asılı deyil”.

 

“Vəziyyət əvvəlki illərlə nisbətdə yaxşı deyil”

Eynulla Fətullayev hələlik ətrafında baş verənləri dərk etməyə çalışdığını deyir. Azərbaycan reallıqlarını nəzərə alanda əfv olunmasını həm möcüzə, həm də qanunauyğunluq hesab edir. Baş redaktor həbsdən çıxmağının təfərrüatlarını da jurnalistlərlə bölüşdü: “Axşam saat 6-da 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Qəhrəman Qurbanov məni öz otağına çağırdı. Sonra rəis qarşıma 1 sənəd qoyub dedi ki, qol çək. Soruşanda bu nədir, cavab verdi ki, sən əfv olunmusan. Sonra Qurbanov məni və sabiq polis rəisi Müşfiq Mədətovu öz xidməti avtomobili ilə birbaşa evimizə yola saldı”.
Eynulla Fətullayevi ziyarət edənlər arasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və AXCP sədri Əli Kərimli də vardı. Əli Kərimli Eynulla Fətullayevi təbrik etdi. O da öz növbəsində AXCP sədrinə minnətdarlığını bildirdi: “Mən həbsdə olanda da bildirmişdim ki, bugünkü mübarizəyə görə sizə minnətdar olmalıyam. Həm rəhbəri olduğunuz partiya, həm də siz bir lider kimi məni, azad sözü müdafiə etdiniz. Məni bir ölkədə həbs edib başqa ölkədə azadlığa buraxdılar. Hiss edirəm ki, vəziyyət əvvəlki illərlə müqayisədə heç də xoşagələn deyil. Sıralarımız getdikcə azalır. Jurnalistikanı çox sevirəm, mübarizədir. Dünyada yeganə peşədir ki, həmkarına bir şey olan kimi onu müdafiə edirsən. Ikinci belə bir sənət yoxdur. Ona görə də Azərbaycanın ən intellektual, savadlı, mübariz gənclərini jurnalistikaya gəlməyə səsləyirəm. Istəyirəm azad sözün keşiyində duranların sayı artsın”.
AXCP sədri də öz növbəsində bildirdi ki, Azərbaycan hakimiyyətinin siyasəti nəticəsində bu gün ölkədə bir əlin barmaqlarıyla sayılacaq qədər azad mətbu orqan qalıb: “Biz sevinirik ki, belə bir şəraitdə heç olmasa, bunu da olsa, qoruya bilmişik”.
Eynulla Fətullayev bu yerdə Aleksandr Soljenitsinin “Arxipelaq qulaq” əsərindən sitat gətirir: “Soljenitsin yazır ki, həyatda xoşbəxtlik varsa, bu, uzun həbsxana həyatından sonra insanın keçirdiyi ilk ilidir. Mən bu xoşbəxtliyi və azadlığı duymaq istəyirəm”.

***

Evə təşrif buyuranların sayı getdikcə artırdı. Eynulla Fətullayev gələn qonaqları qarşılamalı, hal-əhval tutmalıydı…

Ramin DEKO