Hakimiyyət Azərbaycanı qapalı ölkə etmək istəyir

Əlövsət Əliyev: «Azərbaycan viza rejimini sadələşdirməkdənsə, daha da qəlizləşdirir»

Artıq ən yüksək səviyyələrdə Azərbaycandan viza rejimini sadələşdirilməsi tələb olunur. Brüsseldə Avropa Ittifaqı Xarici Əlaqələr Şurasının iclasında Litvanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Audronius Ajubalis Cənubi Qafqaz ölkələrində mövcud durum və bu dövlətlərlə assosiativ üzvlüyə dair təmaslar haqda çıxış edib. O bildirib ki, Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi və readmissiya sazişinə dair danışıqlara başlamaq vaxtı yetişib. Bəs viza rejiminin sadələşdirilməsi deyəndə nə nəzərdə tutulur və Azərbaycanın üzərinə bu istiqamətdə hansı öhdəliklər qoyulacaq?
Ekspert Əlövsət Əliyevin sözlərinə görə, Azərbaycanla Avropa Birliyinə daxil olan ölkələr arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar 2001-ci ildən mütəmadi davam edir. Azərbaycanın viza rejiminin sadələşdirilməsi ilə bağlı bir sıra proqramlar da qəbul etdiyini deyən Ə.Əliyev vurğuladı ki, Azərbaycanın üzərinə götürdüyü bir öhdəliyə görə ölkəmiz biometrik pasportlara keçməlidir: “Gələn il artıq biometrik pasportlara keçid prosesi başa çatdırılmalı idi. Bizdə isə bu prosesə ümumiyyətlə, başlanmayıb. Bundan başqa, sərhəd buraxılış məntəqələrində, sərhədlərin qorunmasında yüksək texniki avadanlıqların yerləşdirilməsinə başlanılmalı idi. Eyni zamanda Azərbaycan readmissiya sazişlərini də imzalamalıdır. Bu saziş Avropa ölkələrində məskunlaşmış Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması və Azərbaycan ərazisindən istifadə etmiş əcnəbilərin dövlətlərinə qaytarılmasını nəzərdə tutur. Azərbaycan bu sazişə qoşulmaqdan imtina edir. Elə viza rejiminin sadələşdirilməsi istiqamətində də gecikdirmənin əsas səbəbi budur”.
Rusiya və Moldovanın vətəndaşlarının bəzi ölkələrə vizasız getmək imkanının olduğunu deyən Ə.Əliyev bildirdi ki, bunun əsas səbəbi hər iki ölkənin readmisiya sazişlərini imzalamasıdır. Azərbaycan hökumətinin viza rejimini sadələşdirməkdənsə, daha da qəlizləşdirdiyini vurğulayan  Ə.Əliyev qeyd etdi ki, bu, son illər müşahidə olunur: “Hökumət bir çox hallarda Ermənistandan da sərt münasibət bəsləyərək, Avropa Birliyi ölkələrinin vətəndaşlarının Bakıya gəlməsini sərtləşdirən siyasət aparır. Azərbaycan ”turizm ili” elan edib və guya qapıları açıb ki, turistlər Azərbaycana gəlsin. Əslində elə deyil. Bu vaxta qədər Almaniyadan hər ailədən bir nəfərin səfirliyə gedib müraciət edərək Azərbaycana gəlməsi mümkün idi. Indi isə bütün ailə üzvlərinin səfirliyə gedib müraciət etmək, ikinci dəfə vizanı almağa getməsi tələb olunur”. Məhz bu cür sərtləşmənin AB-ni hərəkətə keçirdiyini düşünən Ə.Əliyev bildirdi ki, viza rejiminin sərtləşdirilməsi Azərbaycanın xarici siyasətinə uyğun siyasətdir. Çünki hakimiyyət Azərbaycanı qapalı ölkəyə çevirməyə çalışır.

Xəyal